"Bu rəqəmlərin təkcə ümumi abort sayına deyil, həm də azyaşlılar arasında artmasına diqqət yetirmək lazımdır. 18-19 yaş aralığında 2,528 qadının abort etdirdiyini nəzərə alsaq, bunun gənc nəsil üçün böyük təhlükə yaratdığı aydın olur”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov 2023-cü ildə abort halları ilə bağlı statistikada 15-17 yaş arasında olan qadınlardan danışarkən deyib. Ekspert ən ciddi problemlərdən biri 15-17 yaş aralığında 68 yeniyetmənin abort etdirməsidir:
"Bu da onların uşaq ikən belə hadisələrlə üzləşdiklərini göstərir. Bu yaş qrupunda olan qızlar çox vaxt hələ öz təhsil prosesini tam başa çatdırmamış olur və abortlar onların təhsil gələcəyini böyük ölçüdə məhdudlaşdırır. Abortların xüsusilə məktəblilər və şagirdlər arasında yayılması təhsil sistemi üçün ciddi problemlər yaradır. Yeniyetmə yaşında abortlar məktəb həyatı, psixoloji vəziyyət və gənc qızların gələcək perspektivlərinə mənfi təsir göstərir. Abortlar fiziki sağlamlıqla yanaşı, psixoloji travmalar da yarada bilər ki, bu da onların təhsil nailiyyətlərinə, sosial adaptasiyalarına və ümumi rifahlarına zərbə vurur”.
Ekspert bildirib ki, belə halda şagird ilk öncə təhsildən yayınma halı ilə üzləşir:
"Yeniyetmələr arasında abort halları onların təhsildən yayınması, dərs performansının azalması və hətta məktəbi tərk etmələrinə səbəb ola bilər. Abort sonrası fiziki və emosional təsirlər, dərslərdə iştirak edə bilməmək və sosial təzyiqlər kimi faktorlar onların təhsildən uzaqlaşmalarına səbəb olur.
İkinci psixoloji travma: Yeniyetmə yaşında baş verən abortlar çox vaxt gənc qızların psixologiyasında dərin izlər buraxır. Bu dövrdə emosional vəziyyətlərin idarə edilməsi çətindir və abortdan sonra yaranan günahkarlıq, stress, depresiya kimi psixoloji hallar onların təhsil həyatını və sosial münasibətlərini çətinləşdirir.
Üçüncüsü, sosial və ailədə stiqmatizasiya: Gənclərin abort etməsi çox vaxt cəmiyyətdə mənfi reaksiya doğurur. Cəmiyyətdə bu mövzunun tabulaşdırılması onların həm ailə, həm də məktəbdə dəstəksiz qalmasına səbəb ola bilər. Bu stiqma nəticəsində onlar təhsildən kənarda qalır və gələcək perspektivləri ciddi şəkildə məhdudlaşır”.
Kamran Əsədov 2021-ci ildən bəri abortların sayının əhəmiyyətli dərəcədə artığını vurğulayıb:
"2021-ci ildə 46,877 abort, 2022-ci ildə 31,747 abort, 2023-cü ildə 73,816 abort. Baş verənləri dünya ilə müqayisə etsək görəcəyik ki, dünyada da gənc yaşda abortlar ciddi bir problem olaraq qalır. Bir çox ölkələr yeniyetmələrin erkən yaşda hamiləlik və abort hallarının qarşısını almaq üçün geniş maarifləndirmə kampaniyaları həyata keçirir. Məsələn, Skandinaviya ölkələrində yeniyetmələr arasında abortların qarşısını almaq üçün seks təhsili dərsləri geniş yayılıb və bu dərslər abortların azalmasına müsbət təsir göstərib. ABŞ və İngiltərə kimi ölkələrdə də abortlarla bağlı maarifləndirmə proqramları həyata keçirilir və abortların mənfi təsirləri haqqında məlumatlandırıcı kampaniyalar təşkil olunur. Nəticədə abort statistikası bu ölkələrdə nisbətən azalıb”.
Ekspert Azərbaycanda da bu istiqamətdə maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıb:
"Gənclər arasında abort halları azalmazsa, gələcəkdə təhsil və sosial adaptasiya problemləri daha da genişlənəcək. Bunun üçün müəyyən təkliflər və problemin həlli yolları var. Məktəblərdə və universitetlərdə yeniyetmələr arasında erkən yaşda hamiləlik və abortların qarşısını almaq üçün maarifləndirmə proqramlarının genişləndirilməsi vacibdir. Bu proqramlar cinsi təhsili, məsuliyyətli davranışları və sağlam həyat tərzini təşviq etməlidir. Abortdan sonra gənc qızlara psixoloji dəstək proqramlarının təşkil edilməsi onların bu çətin dövrü daha rahat keçirməsinə kömək edə bilər. Məktəblərdə və təhsil müəssisələrində psixoloqların iştirakı ilə xüsusi məsləhət xidmətləri təklif olunmalıdır. Abortdan təsirlənən yeniyetmələrin təhsildən kənarda qalmaması üçün xüsusi sosial proqramlar hazırlanmalıdır. Bu proqramlar vasitəsilə onların məktəbə və təhsilə qayıdışı təmin edilməlidir”.
Kamran Əsədov sonda abort halları, xüsusilə yeniyetmələr arasında, cəmiyyətdə və təhsil sistemində ciddi problemlərə səbəb ola biləcəyini xatırladıb:
"Bu halların qarşısını almaq üçün erkən müdaxilə və davamlı maarifləndirmə vacibdir ki, gənc qızlar sağlam həyat tərzini seçərək təhsildən və gələcəkdən uzaqlaşmasınlar”.
Xatırladaq ki, açıqlanan statistikaya görə, 2023-cü ildə 73 816 abort qeydə alınıb. Onların arasında 15-29 yaş arası olanlar 37 000 nəfər təşkil edir. 15-17 yaş aralığında 68 qadın, 18-19 yaş aralığında 2528 qadın abort etdirib.
Bahar Rüstəmli