AZ

Yeni əsrin neft sazişi ötən “Əsrin müqaviləsi”nə ikinci həyat verdi

Bu layihədə ölkəmizə 440 milyard dollar investisiya qoyulması nəzərdə tutulur

Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasından 7 il ötür. “Yeni əsrin müqaviləsi” adlandırılan həmin sazişlə AÇG yataqlar blokunun işlənməsi 2050-ci ilədək uzadılıb. 

Xatırladaq ki, “Yeni əsrin müqavilə­si”ni 2017-ci il sentyabrın 14-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan hö­kumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətləri­nin rəsmiləri Bakıda imzalayıblar. Hə­min il oktyabrın 31-də sazişi Azərbaycan Respublikasının Milli Məclisi ratifikasiya edib. Bununla da, “Azəri-Çıraq-Günəş­li” yataqlar blokunun işlənilməsində yeni dövr başlanıb. 

Saziş qüvvəyə mindikdən dərhal son­ra SOCAR və tərəfdaşları arasında AÇG müqavilə ərazisi üçün əlavə bir hasilat platformasının qiymətləndirilməsi məqsə­dilə mühəndis-layihə işlərinin irəli aparıl­ması haqqında razılaşma əldə edilib. ACE layihəsi üzrə yekun investisiya qərarı isə 2019-cu ilin aprel ayında qəbul olunub. “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsinin növbəti, həlledici mərhələsi olan “Azəri Mərkəzi Şərqi” adlandırılan layihənin ümumi dəyəri 6 milyard dollar təşkil edir. 

Layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücün­də digər qurğular daxildir. Tikinti işlərinə 2019-cu ilin sonlarında başlanıb. Əsas ti­kinti-quraşdırma işləri Bakı Dərin Özüllər Zavodunda və Bayıl tikinti-quraşdırma sahəsində həyata keçirilib. ACE plat­formasının dayaq blokunu “BOS Shelf” şirkəti inşa edib. Blokun çəkisi 16 min ton, hündürlüyü isə 153 metrdir. Bu qurğuya suvurma, neft və qaz ixracı üçün nəzərdə tutulmuş 3 dik boru daxildir. 

Sözügedən qurğunun dənizə yola sa­lınması prosesinə 2022-ci il dekabrın 13-də Prezident İlham Əliyevin iştirakı ilə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun tikinti sahəsində start verilib. Bütün istismar sınaqlarından sonra da­yaq bloku 2023-cü il martın 16-da dənizə yola salınaraq suyun 137 metr dərinliyin­də quraşdırılıb. ACE layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud “Mərkəzi Azəri” və “Şərqi Azəri” platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və yaşayış platforması qu­raşdırılıb. Layihəyə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərlərinin, eləcə də laya vurulan suların nəqli məqsədilə suvurma boru xəttinin tikintisi daxildir. 

ACE platformasının üst modullarına isə neft və qaz emalı qurğuları, inteqrasiya edilmiş qazma qurğusu, qaz kompressoru və yaşayış blokları daxildir. “Azfen” şirkə­tinin Bayıl tikinti-quraşdırma sahəsində inşa etdiyi üst modulların layihələndirilmiş çəkisi 19 min 600 tondur. Qurğu 2023-cü ilin avqustunda dənizə göndərilib. Bundan əlavə, layihə çərçivəsində üç yeni yataq­daxili sualtı qaz, neft və suvurma boru xətti birləşmələri və əlaqədar sualtı infrastruk­tur yaradılıb. Dənizin dibi ilə çəkilmiş 6 və 12 kilometrlik kəmərlər mövcud AÇG sualtı ixrac boru kəmərləri ilə birləşdirilib. 2023-cü il ərzində dənizdəki tikinti işləri və istismar sınaqları da uğurla tamamlanıb. 

Artıq yeni əsrin yeni neft sazişi real fəaliyyət sahəsinə çevrilib. Məlum ol­duğu kimi, bu il aprelin 16-da isə “Azəri Mərkəzi Şərqi” platformasında ilkin neftin hasilatına başlanıb. İlk neft ötən ilin so­nunda adı çəkilən platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. Bu, Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəş­li” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişin imzalanmasından 6 il 7 ay ötəndən sonra mümkün olub. Bununla da, “Azəri-Çıraq-Günəşli” yataqlar bloku yeni istismar mərhələsinə qədəm qoyub. 

Yeri gəlmişkən, ACE platforması “Əsrin müqaviləsi” çərçivəsində BP və tərəfdaşlarının birgə sərmayəsi ilə Xəzər dənizində quraşdırılmış 7-ci neft hasila­tı obyektidir. Platformadakı texniki emal qurğularından keçən xam neft 30 düymlük mövcud sualtı ixrac boru kəmərinə qoşul­muş yeni yataqdaxili boru kəməri vasitə­silə təxminən 130 kilometr məsafə qət edərək Səngəçal terminalına nəql edilir. Ümumilikdə, ACE platforması və qurğula­rı gündəlik 100 min barelədək neft hasilatı gücündə layihələndirilib.

Hazırda “Mərkəzi Şərqi Azəri”dən 2 istismar quyusu vasitəsilə neft hasil olu­nur. 2024-cü ilin ilk yarısının yekunlarına görə, burada orta gündəlik neft hasilatı 3 min barel təşkil edib. Hasilata başlanıldığı vaxtdan indiyədək isə buradan 814,7 min barel neft çıxarılıb. Yeni quyuların istisma­ra verilməsi ilə ACE-dən hasilatın tədricən artaraq ilin sonunadək gündə təxminən 24 min barelə çatacağı gözlənilir.

ACE platforması texnoloji və rəqəmsal baxımdan BP-nin dünyada idarə etdiyi ən qabaqcıl platformadır. Platformanın inno­vativ layihələndirilməsi insan əməyi tələb edən prosesləri avtomatlaşdırmağa imkan verməklə əməliyyatların daha təhlükəsiz və səmərəli aparılmasını təmin edir. Plat­forma tam avtomatlaşdırılmış ən müasir qazma qurğusu ilə təchiz olunub. Müasir texnologiya və yeni proseslərin tətbiqi əməliyyatlar nəticəsində formalaşan emis­siyaları azaltmağa da kömək edir. 

Yeri gəlmişkən, “Yeni əsrin müqavilə­si”nin ölkəmiz üçün iqtisadi əhəmiyyəti ol­duqca yüksəkdir. Belə ki, saziş çərçivəsin­də Azərbaycan iqtisadiyyatına 40 milyard dollar investisiya qoyulması nəzərdə tutu­lur. Bu, neft sektorunun inkişafı baxımın­dan vacib olmaqla yanaşı, yardımçı sahələ­rin inkişafını stimullaşdırmaq baxımından da mühüm əhəmiyyət daşıyır. Təkcə onu qeyd etmək kifayətdir ki, ACE layihəsinin pik dövründə ölkə daxilində həyata keçiril­miş tikinti işlərinə 8 min 500 nəfərdən çox işçi cəlb olunub.

Bununla yanaşı, Azərbaycanın yeni neft strategiyasının şanlı səhifəsi sayılan “Əsrin müqaviləsi”nin davamı olan bu sa­ziş ölkəmizin maraqlarını tam təmin edir. Hər şeydən əvvəl, qeyd etmək lazımdır ki, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılıb. Ən əsası isə, Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək. Bundan əlavə, beynəlxalq tərəfdaş şirkətlər tərə­findən Azərbaycan Respublikasının Döv­lət Neft Fonduna 3,6 milyard dollar bonus ödəniləcək. Beləliklə, ölkəmizin ümumi mənfəət göstəricisi 89,1 faizə yüksələcək.

phrase_var_article.chosen
23
35
xalqqazeti.az

10phrase_var_article.sources