AZ

Macarıstan şirkəti ölkəmizdə neft də çıxaracaq

Azərbaycanın qurudakı karbohidrogen yataqları uzun illərdir istismar olunmasına baxmayaraq, buradakı neft-qaz ehtiyatları hələ tükənməyib. Məlumat üçün bildiririk ki, ölkəmizdə neftin sənaye üsulu ilə çıxarılma­sına başlandığı ötən 178 il ərzində quruda və Xəzər akvatoriyasında çox­saylı axtarış-geofiziki tədqiqat işləri aparılıb. Bunun da nəticəsində 150-yə yaxın perspektivli struktur aşkar edilib. 

Ötən illərdə həmin strukturların əksə­riyyətində uğurlu geoloji kəşfiyyat işləri aparılaraq buradakı ehtiyatların işlənməyə cəlb edilməsinə başlanılıb. Bununla belə, bəzi ərazilərdəki neftli-qazlı sahələrdə la­zımi geofiziki tədqiqat işləri aparılsa da, buradakı ehtiyatlar hələ tam öyrənilməyib. “Şamaxı–Qobustan” neftli-qazlı sahəsi də belə ərazilərə aid edilir. 

Artıq sözügedən sahənin öyrənilməsi və buradakı ehtiyatların işlənməyə cəlb edilməsi istiqamətində mühüm addım atılıb. Belə ki, sentyabrın 20-də Azər­baycan Dövlət Neft Şirkəti (SOCAR) və Macarıstanın neft-qaz şirkəti olan “MOL Hungarian Oil and Gas” arasında “Şa­maxı–Qobustan” sahəsi ilə bağlı anlaşma memorandumu imzalanıb. SOCAR prezi­denti Rövşən Nəcəf ilə “MOL Hungarian Oil and Gas”ın sədri və baş icraçı direkto­ru Zsolt Hernadinin imzaladığı sənəd “Şa­maxı–Qobustan” neft sahəsi üzrə kəşfiy­yat, işlənmə və hasilatla bağlı məsələləri əhatə edir. 

Yeri gəlmişkən, Macarıstanın “MOL Hungarian Oil and Gas” beynəlxalq şirkəti bir neçə ölkənin neft-qaz sektorunda fəa­liyyət göstərir. Sentyabrın 20-də imzala­nan anlaşma memorandumu “MOL Hun­garian Oil and Gas”ın Azərbaycanda ilk müqaviləsi deyil. Macar şirkəti ölkəmizin neft-qaz sənayesinə 5 il əvvəl daxil olub. Belə ki, şirkət 2019-cu ildə “Azəri–Çıraq–Günəşli” neft yatağında 9,57 faiz, 2020-ci ildə isə Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərində isə 8,9 faiz pay əldə edib. Hazırda Macarıstan şirkətinin Bakı ofisi olan “MOL Azərbaycan”ın 10 işçisi var. Ümumilikdə isə, “MOL Hungarian Oil and Gas” şirkəti Macarıstan və Azərbaycandan əlavə, Rusiya, Qazaxıstan, İraq, Pakis­tan, Misir, Xorvatiya və Rumıniyada da neft-qaz-enerji layihələrində iştirak edir.

Macarıstan şirkətinin tərəfdaş olduğu “Şamaxı–Qobustan” sahəsi Azərbaycanda, Böyük Qafqazın cənub-şərq hissəsinin so­nunda yerləşən neftli-qazlı hövzədir. Ötən müddətdə çoxsaylı palçıq vulkanlarının mövcud olduğu ərazinin geoloji qurulu­şunda müəyyən dövrlərə aid olan çökün­tü kompleksi aşkar edilib. Bununla belə, “Şamaxı–Qobustan” neftli-qazlı sahəsin­də nə qədər ehtiyat olduğu hələ bilinmir. Məhz buna görə də əraziyə yataq deyil, sahə adı verilib. Mütəxəssislər bu ərazini şimal, mərkəz, cənub-qərb, cənub-şərq və ya Ceyrankeçməz depressiyası və Ələt–Ləngəbiz olmaqla beş iri tektonik zonaya ayırırlar. Tədqiqatların nəticələrinə əsasən, Ələt–Ləngəbiz tektonik zonasında 100 ki­lometr məsafədən izlənən böyük qırılma müşahidə edilib. Alimlər həmin qırılma nə­ticəsində Üst Pliosen çöküntülərinin Orta Pliosen və Miosen çöküntüləri ilə əlaqənin yaranması qənaətindədirlər. Neft-qazlılığı güman edilən sahələrin çox olmasına bax­mayaraq, tektonik quruluşun mürəkkəbli­yindən yalnız “Umbakı” neft və “Duvan­nı” qaz-kondensat yataqları aşkar edilib. Macarıstan şirkəti ilə imzalanan müqavilə isə bu ərazidə kəşfiyyat işləri aparmaqla neft-qaz ehtiyatlarının öyrənilməsini, daha sonra onun istismarını nəzərdə tutur. 

Yeri gəlmişkən, hazırda ölkə üzrə 81 neft-qaz yatağı mövcuddur ki, bunun da 28-i dənizdə, 53-ü quruda yerləşir. Həmin yataqların 18-i dənizdə, 39-u isə quruda olmaqla istismar prosesindədir. Ehtiyatla­rı tükənmiş 7 yataq konservasiya olunub. Bundan əlavə, 9 yataq fəaliyyətsiz fonda daxil edilib, eyni sayda yataqda isə kəşfiy­yat işləri aparılır. Mütəxəssislərin proqnoz­larına görə, hazırda Azərbaycanın çıxarıla bilən qalıq neft ehtiyatları 1 milyard ton­dan artıqdır ki, bunun da əksər hissəsi də­niz neft yataqlarının payına düşür. 

Bununla belə, quruda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Ha­zırda qurudakı yataqların 28-i SOCAR-ın “Azneft” İstehsalat Birliyinin balansında­dır. Həmin yataqların isə 6-sı konservasiya prosesindədir. Bundan əlavə, ölkənin quru ərazisində yerləşən daha 25 neft-qaz yata­ğı SOCAR-la yaradılmış birgə müəssisə və əməliyyat şirkətləri tərəfindən istismar olunur.

Qurudakı yataqların əksəriyyətinin cəmləşdiyi Abşeron neftli-qazlı rayonun­da yerləşən “Balaxanı” və “Bibiheybət” yataqları zənginliyi ilə daha çox seçilir. Hazırda 1000-dən çox işlək quyusu olan “Balaxanı–Sabunçu–Ramana” yataqlar blokundan ötən 153 il ərzində, təqribən, 340 milyon ton neft hasil olunub. “Bibi­heybət” yatağında da uzun illərdir neft və qaz çıxarılır. Təkcə onu qeyd etmək ki­fayətdir ki, 1929-cu ildən indiyə kimi bu­rada qazılmış 3500-ə qədər quyudan 163 milyon tona yaxın neft hasil olunub. Bu­nunla belə, adı çəkilən yataqda çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur.

Quruda istismar olunan ən cavan ya­taq isə Xızı rayonunda yerləşən “Şurabad” yatağıdır. “Azneft” İstehsalat Birliyinin “Siyəzənneft” NQÇİ-nin balansında olan bu yatağın istismarına 2000-ci ildə başla­nılıb. Ötən müddətdə burada 15 quyu qazı­lıb. Həmin quyuların hər birindən sutka ər­zində 10-20 ton neft hasil olunur. Bununla yanaşı, ölkəmizin quru ərazisində yerləşən “Zığ–Hövsan–Abşeron”, “Muradxanlı–Cəfərli–Zərdab”, “Kürsəngi–Qarabağlı” və “Mişovdağ–Kəlaməddin” yataqlar blo­ku, eləcə də “Neftçala”, “Kirovdağ” və “Binəqədi” yataqları da uğurla istismar olunaraq Azərbaycanın neft-qaz sənayesi­nin inkişafına mühüm töhfələr verir. 

Göründüyü kimi, quruda yerləşən pers­pektivli sahələrin öyrənilərək işlənilməyə cəlb edilməsi ölkəmizdə neft hasilatının artırılmasına əlavə imkanlar yarada bilər. Elə mütəxəssislər də bu yataqları hasilatın artırılması üçün sabit və etibarlı mənbə he­sab edirlər.

phrase_var_article.chosen
98
35
xalqqazeti.az

10phrase_var_article.sources