AZ

Manuel Noyer Bundesliqada heç kimin bacarmadığını etdi

Futbol üzrə Almaniya yığmasının və “Bayern” klubunun təcrübəli qapıçısı Manuel Noyer Bundesliqda yeni rekorda imza atıb.

Arena.az xəbər verir ki, o, buna Bundesliqanın 4-cü turu çərçivəsində baş tutan “Holştayn Kil” ilə səfər matçında nail olub.

38 yaşlı qolkiper bu oyunda start heyətdə meydana çıxıb və sonadək oynayıb. Onun komandası matçdan 6:1 hesablı qələbə ilə ayrılıb.

“Holştayn Kil” Almaniya çempionatında Noyerin qalib gəldiyi 37-ci klub olub. Beləliklə, Noyer Bundesliqa tarixində 37 fərqli komanda üzərində qələbəyə sevinən ilk oyunçu adını qazanıb.

Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.

Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Noyer cari mövsümdə “Bayern”in heyətində 4 oyuna çıxıb, 3 qol buraxıb, 2 oyunda qapısının toxunulmazlığını təmin edib. Təcrübəli qolkiperin “Bayern” karyerası ümumilikdə 525 oyun, 430 buraxılmış qol və 246 “quru” matçdan ibarətdir.

Manuel Noyer 2009-cu ilin iyununda debüt etdiyi və bu il karyerasını bitirdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.

Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.

“Transfermarkt” internet-portalı 38 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
19
6
arena.az

7Mənbələr