Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ prezidentliyinə namizəd Donald Trampdan müharibəyə necə son qoyacağına dair baxışlarını öyrənmək istəyir.
“AzPolitika” xəbər verir ki, Zelenski bunu Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə mətbuat konfransında deyib.
“Donald Trampa gəlincə, əlbəttə ki, onun bunu necə gördüyünü anlamaq istəyirəm”, - deyən Zelenski gözlənilən ABŞ səfəri zamanı müharibəni bitirmək planı ilə bağlı Trampdan təfərrüatları öyrənmək istədiyini deyib.
Zelenski həmçinin ABŞ Prezidenti Co Baydenin ABŞ Konqresinə təqdim etdiyi müharibə ilə bağlı strateji hesabatını görmədiyini deyib. Bayden həmin hesabatı onunla paylaşarsa, Zelenski bundan məmnun olacağını qeyd edib.
Ukrayna Prezidenti özünün təqdim etməyə hazırlaşdığı plandan da danışıb: "Planımıza gəlincə, bilirsinizmi, dünən bir jurnalist mənə bir sual verdi və dedi: Prezident Bayden sizin planınızı dəstəkləməsə nə olacaq və sizin “B” planınız varmı? Mən tam səmimi cavab verdim ki, biz artıq “B” planındayıq. Biz orada yaşayırıq və mübarizə aparırıq. Bizim heç vaxt “A” planımız olmayıb. Çünki “A” planı tam miqyaslı işğalın qarşısını almaq idi”.
Onun sözlərinə görə, “A” planı Ukraynanı silahlarla gücləndirmək və Rusiyaya qarşı qabaqcadan sanksiyalar tətbiq etməkdən ibarət idi ki, bu da gerçəkləşsəydi, Rusiya genişmiqyaslı işğal fikrinə düşməkdən qorxardı.
“AzPolitika.info”