Brüssel Gürcüstan hakimiyyətinin hərəkətlərinin qeyri-demokratik trayektoriyası davam edərsə, Gürcüstanla vizasız rejimin dayandırılmasının mümkünlüyünü istisna etmir.
HİT.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Tiflisdəki səfiri Pavel Xerçinski məlumat verib.
“Son aylarda Gürcüstanla Avropa İttifaqı arasında məsafə getdikcə artmaqdadır" deyə avropalı diplomat qeyd edib.
Onun sözlərinə görə, vəziyyət daha da pisləşərsə, Brüssel müxtəlif təsir alətlərindən istifadə etməyə hazırdır. Xerçinski xəbərdarlıq edib ki, vizasız rejimin müvəqqəti dayandırılması belə alətlərdən biridir.
Aİ səfiri aydınlıq gətirib ki, Avropa İttifaqı oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə hazırlığı diqqətlə izləyir və bu seçkilərin ədalətli və azad olacağına ümid edir. Əks halda, Aİ seçkilərdən dərhal sonra Gürcüstan vətəndaşları üçün vizasız rejimi dayandıracaq.
"Biz bunu istəmirik, lakin vəziyyət daha da pisləşərsə, vizasız rejimlə bağlı qərar qəbul edəcəyik", deyə səfir vurğulayıb.
Bir gün əvvəl Avropa Komissiyasının xarici siyasət xidmətinin spikeri Peter Stano bəyanat yayaraq, vizasız rejimin dayandırılması ilə bağlı qərarın ölkələrin daxili təhlükəsizliyinə təhdid yarada biləcək hadisələrin baş verəcəyi təqdirdə verilə biləcəyini bildirmişdi.
Gürcüstan vətəndaşları 2017-ci ilin yazından Şengen ölkələrinə vizasız gediş-gəliş hüququndan istifadə ediblər. O vaxtdan bəri 250 mindən 300 minədək gürcü vizasız rejimdən istifadə edərək Avropaya gedib və orada iş tapıb.
Samir