Zatulin indi də özünü ermənilərin “xaç atası” rolunda sınayır
Biz Konstantin Fyodoroviçin hansı yuvanın quşu olduğunu yaxşı bilirik. Onun alovlu ermənipərəst çıxışlarına, populist bəyanatlarına öyrəncəliyik. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin nəyə görə və nəyin müqabilində mütəmadi olaraq Azərbaycana və onun ərazisinə qarşı sərt bəyanatlar verməsini izah etməyə ehtiyac görmürük. Hay Lazaryanın soyadından qondardığı “Lazarev klubu”nun bayraqdarına çevrilmiş Zatulinin rəsmi Moskvanın belə xoşuna gəlməyən avantürist bəyanatları, cəmiyyət tərəfindən də dəfələrlə qınanıb. Amma, o, erməni lobbisinə xidmət etməyi, onların istəyinə uyğun olaraq, anti-Azərbaycan bəyanatlar səsləndirməyi çox sevir.
Bu dəfə “erməni xalqının qəhrəmanlıq mübarizəsi”ndən dəm vuran Zatulin hayların baş nazirini bu “tarixi salnaməni” unutdurmağa çalışmaqda ittiham edir.
Dövlət Dumasının yetkilisinin sözlərinə görə, Paşinyan erməni xalqını inandırmaq istəyir ki, hayların dövlətçiliyinin olmadığı vaxtlarda onları birləşdirən və qoruyub saxlayan Qriqorian kilsəsinin “müqəddəs missiyası” Bizans imperiyası dövründən bəri xarici agent rolunu oynayıb.
Buna görə Paşinyanın ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyən Dumanın komitə sədrinin müavini, deyəsən, özünü ermənilərin “xaç atası” rolunda sınayır. Uzun müddət Dağlıq Qarabağdakı separatçı rejimin ideoloji dəstəkçisi funksiyasını yerinə yetirən Zatulin ayın əvvəlində İrəvanda bir neçə separatçı-terrorçunun cəmləşdiyi qanundankənar qurumun “yubiley tədbirinə” “təbrik məktubu” göndərmişdi.
Xatırlatmağa dəyər ki, 2 sentyabr tarixini daşnak-separatçılar Xankəndidən süpürüb atdığımız həmin qondarma qurumun “respublika günü” kimi qeyd edirlər. 2020-ci ildə 44 günlük Vətən müharibəsinə qədər onlar həmin “tarixi günü” yüksək əhvali-ruhiyyədə, təmtaraqla bayram edirdilər. Fəqət dörd il bundan əvvəl Azərbaycan Ordusu onlara heç vaxt unutmayacaqları elə bir dərs keçdi ki, indi əvvəlki ildönümləri pafosundan əsər-əlamət də qalmayıb.
İntəhası, belə görünür ki, cənab Zatulin özünü Araik Arutunyandan daha çox erməni hiss etdiyinə görə, yaxud da Rusiyadakı erməni lobbisindən babat qonorar qopardığı üçün hayların Qriqorian kilsəsinin də “təəssübünü” çəkməyə başlayıb. Bəli, cənab Konstantin Zatulinin nəyin müqabilində illərdir erməniləri cani-dildən müdafiə etdiyi heç kimə sirr deyil. İndi, sadəcə olaraq, onun aşıb-daşan hay sevgisi təkcə ermənilərə və Ermənistana deyil, həm də, özünün dediyi kimi, tarix boyu milləti “birləşdirən və hifz edən” kilsənin də müdafiəsinə qalxmağa, onu baş nazirin hücumlarından qorumağa sövq edir.
Zatulinin yeni təəssübkeşliyi maraqlı ehtimal və fərziyyələrə yol açır. Əgər, o, sabah, ya birisigün Ermənistana gəlib, anti-Paşinyançı keşiş Baqrat Qalstanyanın yanında dayansa, heç təəccüblənməyin. Çünki onun qriqorianlığa qəfil məhəbbətinin arxasında Paşinyanın istefasını tələb edən kilsə müridlərinə siyasi-ideoloji dəstəyin dayandığı istisna edilmir.
İ.HƏSƏNQALA
XQ