EN

“Qəhrəman” haypərəst

Zatulin indi də özünü ermənilərin “xaç atası” rolunda sınayır

Biz Konstantin Fyodoroviçin hansı yuvanın quşu olduğunu yaxşı bilirik. Onun alovlu ermənipərəst çıxışlarına, populist bəyanatlarına öyrəncəliyik. Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsi səd­rinin birinci müavini Konstantin Zatulinin nəyə görə və nəyin müqa­bilində mütəmadi olaraq Azərbaycana və onun ərazisinə qarşı sərt bəyanatlar verməsini izah etməyə ehtiyac görmürük. Hay Lazaryanın soyadından qondardığı “Lazarev klubu”nun bayraqdarına çevrilmiş Zatulinin rəsmi Moskvanın belə xoşuna gəlməyən avantürist bəyanat­ları, cəmiyyət tərəfindən də dəfələrlə qınanıb. Amma, o, erməni lob­bisinə xidmət etməyi, onların istəyinə uyğun olaraq, anti-Azərbaycan bəyanatlar səsləndirməyi çox sevir.

Bu dəfə “erməni xalqının qəhrəmanlıq mübarizəsi”ndən dəm vuran Zatulin hay­ların baş nazirini bu “tarixi salnaməni” unutdurmağa çalışmaqda ittiham edir.

Dövlət Dumasının yetkilisinin sözlə­rinə görə, Paşinyan erməni xalqını inan­dırmaq istəyir ki, hayların dövlətçiliyinin olmadığı vaxtlarda onları birləşdirən və qoruyub saxlayan Qriqorian kilsəsinin “müqəddəs missiyası” Bizans imperiyası dövründən bəri xarici agent rolunu oyna­yıb.

Buna görə Paşinyanın ünvanına təhqi­ramiz ifadələr işlətməkdən belə çəkin­məyən Dumanın komitə sədrinin müa­vini, deyəsən, özünü ermənilərin “xaç atası” rolunda sınayır. Uzun müddət Dağ­lıq Qarabağdakı separatçı rejimin ideolo­ji dəstəkçisi funksiyasını yerinə yetirən Zatulin ayın əvvəlində İrəvanda bir neçə separatçı-terrorçunun cəmləşdiyi qanun­dankənar qurumun “yubiley tədbirinə” “təbrik məktubu” göndərmişdi. 

Xatırlatmağa dəyər ki, 2 sentyabr ta­rixini daşnak-separatçılar Xankəndidən süpürüb atdığımız həmin qondarma qu­rumun “respublika günü” kimi qeyd edir­lər. 2020-ci ildə 44 günlük Vətən müha­ribəsinə qədər onlar həmin “tarixi günü” yüksək əhvali-ruhiyyədə, təmtaraqla bay­ram edirdilər. Fəqət dörd il bundan əvvəl Azərbaycan Ordusu onlara heç vaxt unut­mayacaqları elə bir dərs keçdi ki, indi əv­vəlki ildönümləri pafosundan əsər-əlamət də qalmayıb.

İntəhası, belə görünür ki, cənab Zatu­lin özünü Araik Arutunyandan daha çox erməni hiss etdiyinə görə, yaxud da Rusi­yadakı erməni lobbisindən babat qonorar qopardığı üçün hayların Qriqorian kilsə­sinin də “təəssübünü” çəkməyə başlayıb. Bəli, cənab Konstantin Zatulinin nəyin müqabilində illərdir erməniləri cani-dil­dən müdafiə etdiyi heç kimə sirr deyil. İndi, sadəcə olaraq, onun aşıb-daşan hay sevgisi təkcə ermənilərə və Ermənistana deyil, həm də, özünün dediyi kimi, tarix boyu milləti “birləşdirən və hifz edən” kilsənin də müdafiəsinə qalxmağa, onu baş nazirin hücumlarından qorumağa sövq edir. 

Zatulinin yeni təəssübkeşliyi maraqlı ehtimal və fərziyyələrə yol açır. Əgər, o, sabah, ya birisigün Ermənistana gəlib, an­ti-Paşinyançı keşiş Baqrat Qalstanyanın yanında dayansa, heç təəccüblənməyin. Çünki onun qriqorianlığa qəfil məhəbbə­tinin arxasında Paşinyanın istefasını tələb edən kilsə müridlərinə siyasi-ideoloji dəstəyin dayandığı istisna edilmir. 

İ.HƏSƏNQALA
XQ

Chosen
16
xalqqazeti.az

1Sources