Oklend Texnologiya Universitetinin və Vaşinqton Universitetinin Sağlamlıq Göstəriciləri və Qiymətləndirilməsi İnstitutunun tədqiqatçıları bütün dünyada insult hallarının artdığını aşkar ediblər.
Publika.az xəbər verir ki, Elmi iş “The Lancet Neurology” jurnalında dərc olunub.
1990-2021-ci illərdə insult keçirənlərin sayı 70 faiz, insultla bağlı ölüm hallarının sayı isə 44 faiz artıb. 2021-ci ildə insult koronar ürək xəstəliyi və COVID-19-dan sonra dünyada üçüncü əsas ölüm səbəbi olub. İnsultun artan yükünü şərtləndirən mühüm amil əhalinin qocalması və qarşısı alına bilən risk faktorlarının artan təsiridir.
Təhlil üçün 1990-2021-ci illəri əhatə edən Qlobal Xəstəlik Yükü (GBD) məlumatlarından istifadə edilib. Tədqiqatçılar yüksək bədən kütləsi indeksi (BKİ), qan təzyiqi, qanda şəkərin səviyyəsi və hava çirklənməsinin təsiri kimi risk amillərinin təsirini qiymətləndiriblər. Yaşa görə standartlaşdırılmış insident və ölüm nisbətləri regional fərqləri də ortaya qoyub. İnsult yükünün aşağı və orta gəlirli ölkələrdə əhəmiyyətli dərəcədə yüksək olduğu üzə çıxarılıb.