Xarici İşlər Nazirliyi Çeçenistanda saxlanılan azərbaycanlılarla bağlı məsələyə aydınlıq gətirib.
Nazirliyin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları artıq ölkəyə gətirilib:
“Azərbaycan vətəndaşları 1975-ci il təvəllüdlü Şirinov Elxan Əkbər oğlunun, 1982-ci il təvəllüdlü Məhərrəmov Vüqar Nazim oğlunun və 2004-cü il təvəllüdlü Rzayev Nihad Tafdıq oğlunun saxlanıldığı barədə məlumat daxil olan kimi, vətəndaşlarımızın ölkəmizə geri qaytarılması məqsədilə dərhal Rusiya Federasiyası Xarici İşlər Nazirliyinə nota ünvanlanıb, Rusiya XİN-i və digər aidiyyəti qurumları ilə danışıqlar aparılıb. Bununla yanaşı, saxlanılmış vətəndaşlarımız ilə səfirliyimiz tərəfindən telefon danışığı baş tutub.
Vətəndaşlarımızın ölkəmizə geri qaytarılması istiqamətində aparılmış iş nəticəsində, qeyd edilən vətəndaşlarımızın 21 sentyabr tarixində Rusiya Federasiyası ilə dövlət sərhəd keçid məntəqəsindən quru yolla Azərbaycana qayıdışı təmin edilib”.
XQ