AZ

Ceyhun Bayramov Berbokla Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə etdi

27 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər naziri Annalena Berbok ilə görüşüb.
AzToday.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Görüşdə Azərbaycan və Almaniya arasında mövcud ikitərəfli münasibətlər, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.
Qarşı tərəf həmçinin Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasına ev sahibliyi çərçivəsində görülmüş işlər barədə ətraflı məlumatlandırılıb.
Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesindən bəhs edən nazir Ceyhun Bayramov, Ermənistan Konstitusiyası və qanunverici sənədlərində ölkəmizə qarşı davam edən ərazi iddialarının, habelə bu ölkənin sürətli silahlanmasının sülh gündəliyinə hədə törədən təhdidlər olduğunu diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ceyhun Bayramov həmçinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində İndoneziya Respublikasının xarici işlər naziri Retno Marsudi ilə görüşüb.
Görüşdə Azərbaycan və İndoneziya arasında ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq məsələləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri müzakirə olunub.
Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında əlaqələrin müxtəlif, o cümlədən iqtisadiyyat, nəqliyyat, turizm sahələrində inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında BMT, Qoşulmama Hərəkatı, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti qeyd olunub.
COP29-a sədrliyimiz çərçivəsində irəli sürülən təşəbbüslərdən ətraflı bəhs edən nazir Ceyhun Bayramov, iqlim dəyişikliyi ilə mübarizə sahəsində də İndoneziya ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildirib.
Daha sonra, nazirlər tərəfindən "Azərbaycan Respublikası Hökuməti ilə İndoneziya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportların sahiblərinin vizadan azad edilməsi haqqında” Saziş imzalanıb.

Seçilən
60
50
aztoday.az

10Mənbələr