AZ

İqlim həllərinə doğru yol: ilk Bakı İqlim Fəaliyyəti Həftəsi işə başlayır

2024-cü il sentyabrın 30-da ilk Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) başlayıb. Oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

BMT Baş Assambleyasının 79-cu sessiyası və Nyu-York İqlim Həftəsindən sonra keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi COP Sədrliklərinin Üçlüyü tərəfindən elan edilmiş 1,5°C hədəfinə aparan yol xəritəsi çərçivəsində həyata keçirilən işlərin daha geniş vüsət almasını təmin edəcək və COP29 Sədrliyinin Fəaliyyət Gündəliyinə dəstək olacaqdır.

Tədbir COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai daxil olmaqla, bir sıra mötəbər sözçülərin iştirak etdiyi açılış mərasimi ilə başlayıb. London İqlim Fəaliyyəti Həftəsi ilə tərəfdaşlıq çərçivəsində keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi iqlim həllərinin inkişaf etdirilməsi məsələsində beynəlxalq əməkdaşlıq və sinerjini daha da gücləndirəcək.

Tədbir hazırda aktual olan iqlim probleminə qabaqlayıcı yanaşmanı ehtiva edir. Tədbirdə beynəlxalq nümayəndə heyətlərinin iştirakı ilə yüksək səviyyəli konfransın keçirilməsi, eləcə də dəyirmi masa, plenar iclas və ekspert qrupları tərəfindən müzakirələrin təşkili və öhdəliklərin imzalanması nəzərdə tutulur. Qlobal biliklərlə yerli təşəbbüsləri birləşdirən Bakı İqlim Fəaliyyəti Həftəsinin məqsədi bu mühüm COP29 tədbiri ərəfəsində beynəlxalq ictimai rəy liderlərinin iştirakı ilə yerli maraqlı tərəfləri ruhlandırmaq və səfərbər etməkdir. Sözügedən tədbir ədalətli və “yaşıl” keçid prosesini asanlaşdırmaq üçün inklüziv iştirak və innovativ həllərin zəruriliyini vurğulamaqla yanaşı, Azərbaycan cəmiyyətində kompleks səfərbərlik səyləri çərçivəsində atılan ilk addımdır. Siyasi və biznes liderlərindən tutmuş yerli icma və gənclərə qədər cəmiyyətin bütün təbəqələrindən insanları cəlb edən Bakı İqlim Fəaliyyəti Həftəsi Azərbaycanın mövcud iqlim problemləri ilə mübarizə aparmaq və “yaşıl” keçidin təklif etdiyi imkanları araşdırmaq üçün maarifləndirici və stimullaşdırıcı platforma olacaq.

Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 ərəfəsində Azərbaycanın regional liderliyini nümayiş etdirəcək və milli “yaşıl” keçid təşəbbüslərində aparıcı rol oynamaq öhdəliyini vurğulayacaqdır. Bu toplantı yerli və regional kontekstlərə əsaslanan “yaşıl” keçidlə bağlı müzakirələrin təşviqi üçün mühüm dönüş nöqtəsi olacaq. Bundan əlavə, Bakı İqlim Fəaliyyəti Həftəsi dayanıqlı inkişaf və iqlim fəaliyyəti öhdəliyinə sadiq olan təşkilatlarla yeni əməkdaşlıq əlaqələri, eləcə də investisiya və tərəfdaşlıqlar çərçivəsində Azərbaycanın keçid dövrünü dəstəkləməyə çalışacaq.

Tematik mövzular və proqram

Bakı İqlim Fəaliyyəti Həftəsi əsas diqqəti yerli, milli və beynəlxalq həmkarlarla tərəfdaşlıq çərçivəsində təqdim olunan mühüm mövzulara yönəldəcək. Builki tədbirin əsas mövzuları “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, “Su təhlükəsizliyi”, “Qida və kənd təsərrüfatı”, “Kiçik və Orta biznes müəssisələri” və “Yaşıl bacarıqlar” olacaq. Həftənin birinci yarısında (sentyabrın 30-dan oktyabrın 2-dək) dövlət qurumları, elmi dairələr və özəl sektor nümayəndələrinin iştirakı ilə iqlim həlləri nümayiş etdiriləcək və yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcəkdir.

Həftənin ikinci yarısında (3-4 oktyabrda) Bakının zəngin mədəni irsinə müraciət etməklə ölkənin keçid prosesi ilə yaxından tanış olmaq üçün elm, təhsil, incəsənət və mədəniyyət töhfələrinə diqqət yetiriləcək və gəzinti, müzakirə, eləcə də sərgilər kimi maraqlı tədbirlər keçiriləcəkdir. Bundan əlavə, həftənin ikinci yarısı əsas öhdəliklərin hazırlanması və imzalanması, eləcə də iqlim fəaliyyəti və əməkdaşlıqla bağlı öhdəliklərin daha da gücləndirilməsi üçün platforma rolunu oynayacaq. Bakı İqlim Fəaliyyəti Həftəsi həm də ümummilli iqlim dialoqunun başlanğıcı olacaq və tədricən rəsmi qurumları və vətəndaş cəmiyyətini səfərbər etməyə çalışacaqdır. Həftə ərzində şəhərin bir sıra məkanlarında həm ictimai, həm də fərdi tədbirlərin keçirilməsi nəzərdə tutulur. Rəsmi proqramın əsas məkanlarına Heydər Əliyev Mərkəzi, Daş Salnamə Muzeyi, ADA Universiteti və digər yerlər daxildir.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib: “Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından atılan növbəti mühüm addımdır. Azərbaycanın məqsədi örnək olmaqdır və COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək konsepsiyası həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iştirakını tələb edir.”

Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib: “Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev sahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi bu tədbirin uğurlu olmasına çalışır. Bizə məlumdur ki, həm şəhərlər, həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi və beynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır. Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq.”

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov qeyd edib: “Həm Bakı şəhəri, həm də ümumilikdə Azərbaycan üçün əlamətdar bir ildə bu cür mötəbər və genişmiqyaslı tədbiri təşkil etmək bizim üçün qürurverici vəzifədir. Hazırlıq prosesi sürətlə davam edir və biz COP29 konfransını mötəbər və dünya səviyyəli tədbirlərdən biri kimi təşkil etmək üçün bütün işləri nəzərdə tutulmuş qrafik çərçivəsində davam etdiririk. Artıq Bakı şəhəri qlobal konfranslara ev sahibliyi sahəsində təcrübəlidir və bu il də belə olacaq, yəni Bakı İqlim Fəaliyyəti Həftəsi şəhərimizin qlobal liderlik ənənələrinin yeni davamına çevriləcəkdir. Bakı İqlim Fəaliyyəti Həftəsinin ilk tədbiri üçün nəzərdə tutulmuş məkanlar Bakının zəngin mədəni irsinin müxtəlif elementlərini vurğulamaqla yanaşı, qədim bir şəhər ilə keçid dövründə olan bir ölkənin hekayəsini anlatmaq üçün seçilib.”

London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində səylərinə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey qeyd edib: “Bakı İqlim Fəaliyyəti Həftəsi milli, regional və qlobal səviyyələrdə fəaliyyətin təşviqinə yönəldilən və cəmiyyətin bütün təbəqələrini ehtiva edən geniş spektrli tədbirləri bir araya gətirib. London İqlim Fəaliyyəti Həftəsinin kollektivi olaraq, qlobal iqlim həftəsi şəbəkəsinin daha bir nüfuzlu üzvünü dəstəkləyə bilmək bizə qürur hissi verir. Yalnız daha geniş və güclü dəstəyi təşviq etməklə, biz “xalis sıfır” hədəfinə nail olmaq üçün lazım olan transformativ dəyişiklikləri həyata keçirə bilərik.”

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Jim Skea əlavə edib: “Mən Bakı şəhərini iqlim fəaliyyəti həftəsinə ev sahibliyi edən aparıcı şəhərlərin sırasına qoşulduğu üçün səmimi qəlbdən təbrik edirəm. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri olaraq, mən ilk Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış etməkdən çox məmnunam və böyük şərəf hissi duyuram. Bu unikal təşəbbüs şəhərlər, özəl sektor və maliyyə institutlarını bir araya gətirərək onların arasında dialoq və qarşılıqlı əlaqəni gücləndirir. İqlim Fəaliyyəti Həftəsi Bakı şəhəri və onun əhalisinin iqlim fəaliyyətlərinə cəlb olunması və stimullaşdırılması, eləcə də bu fəaliyyətlərdə qarşılıqlı iştirak və əməkdaşlıq etmələri üçün platforma təklif edir. Bu təşəbbüs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) qarşıdan gələn 29-cu sessiyasının nəticə və uğurlarına töhfə verə və onları dəstəkləyə bilər.”

Daha ətraflı məlumat və Bakı İqlim Fəaliyyəti Həftəsinin proqramı üçün www.bakuclimateactionweek.org veb-saytına müraciət edə bilərsiniz.

Seçilən
41
4
publika.az

6Mənbələr