AZ

Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü tədbiri keçirilib - FOTO - YENİLƏNİB

Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü keçirilib.


APA xəbər verir ki, oktyabrın 4-dək davam edəcək bu tədbir adaptasiya olunan iqlim həllərini araşdırmaq və bu həll variantlarının tətbiqini sürətləndirmək üçün bütün dünyadan 700 nəfər insanı, o cümlədən dayanıqlılıq üzrə müxtəlif ekspert və siyasətçiləri, eləcə də özəl sektor və vətəndaş cəmiyyətinin liderlərini bir araya gətirir. Dünya ictimaiyyəti cari ilin noyabrında Bakıda keçiriləcək COP29 tədbirinə hazırlaşarkən, Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) iqlim təqvimində mühüm an kimi tarixə düşəcək.

Tədbirin rəsmi açılış mərasimində COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai, iqtisadiyyat naziri Mikayıl Cabbarov, energetika naziri Pərviz Şahbazov, digər rəsmilər və xarici qonaqların çıxışları olub.

COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev qeyd edib ki, Azərbaycan üçün bu qədər önəmli bir ildə Bakı İqlim Fəaliyyəti Həftəsinin keçirilməsi iqlim dəyişmələrinə qarşı mübarizəni sürətləndirmək məqsədilə dövlət səviyyəsində aparılan müzakirələrin genişləndirilməsi baxımından atılan növbəti mühüm addımdır: “Azərbaycanın məqsədi örnək olmaqdır və COP29 Sədrliyinin ambisiyaları artırmaq və fəaliyyətə təkan vermək konsepsiyası həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrin iştirakını tələb edir.”

Bakı İqlim Fəaliyyəti Həftəsinə start veriləcəyini elan edən COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai isə diqqətə çatdırıb ki, Azərbaycan cari ilin noyabrında COP29 konfransına ev sahibliyi etməkdən şərəf duyur və COP29 Sədrliyi bu tədbirin uğurlu olmasına çalışır:

“Bizə məlumdur ki, həm şəhərlər, həm də özəl sektor iqlim həllərinin inkişaf etdirilməsi və beynəlxalq diplomatiyaya dəstək göstərilməsində əsas rol oynayır. Məhz buna görə də, COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu olaraq mən və COP29 Sədrliyi ilk Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməkdən qürur duyuruq.”

London İqlim Fəaliyyəti Həftəsi ilə Bakı İqlim Fəaliyyəti Həftəsi arasında əməkdaşlıqla bağlı London İqlim Fəaliyyəti Həftəsinin təsisçisi və sədri, iqlim dəyişmələri sahəsində səylərinə və COP26 (BB) Sədrliyinə göstərdiyi dəstəyə görə Britaniya İmperiyası Ordeninə (OBE) layiq görülmüş Nik Mabey bildirib ki, Bakı İqlim Fəaliyyəti Həftəsi milli, regional və qlobal səviyyələrdə fəaliyyətin təşviqinə yönəldilən və cəmiyyətin bütün təbəqələrini ehtiva edən geniş spektrli tədbirləri bir araya gətirib:

“London İqlim Fəaliyyəti Həftəsinin kollektivi olaraq, qlobal iqlim həftəsi şəbəkəsinin daha bir nüfuzlu üzvünü dəstəkləyə bilmək bizə qürur hissi verir. Yalnız daha geniş və güclü dəstəyi təşviq etməklə, biz “xalis sıfır” hədəfinə nail olmaq üçün lazım olan transformativ dəyişiklikləri həyata keçirə bilərik.”

İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri Jim Skea əlavə edib ki, Bakı şəhərini iqlim fəaliyyəti həftəsinə ev sahibliyi edən aparıcı şəhərlərin sırasına qoşulduğu üçün səmimi qəlbdən təbrik edir:

“İqlim Dəyişmələri üzrə Hökumətlərarası Panelin (IPCC) sədri olaraq, mən ilk Bakı İqlim Fəaliyyəti Həftəsində çıxış etməkdən çox məmnunam və böyük şərəf hissi duyuram. İqlim Fəaliyyəti Həftəsi Bakı şəhəri və onun əhalisinin iqlim fəaliyyətlərinə cəlb olunması və stimullaşdırılması, eləcə də bu fəaliyyətlərdə qarşılıqlı iştirak və əməkdaşlıq etmələri üçün platforma təklif edir. Bu təşəbbüs BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) qarşıdan gələn 29-cu sessiyasının nəticə və uğurlarına töhfə verə və onları dəstəkləyə bilər”.


Energetika naziri Pərviz Şahbazov COP29 açıqlanacaq bir sıra təşəbbüslərə aydınlıq gətirib:

“Xəzər-Qara dəniz - Avropa yaşıl enerji dəhlizlərinin texniki iqtisadi əsaslandırılmasının ilkin nəticələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində elan ediləcək. Bu gün Azərbaycan COP29-a sədrlik edən ölkə olaraq qlobal enerji keçidini dəstəkləyən təşəbbüslərin müəllifidir. 14 təşəbbüsdən üçü "yaşıl enerji" üzrə zona və dəhlizlər, qlobal enerji saxlancları və şəbəkələri, hidrogen bəyannaməsi məhz enerji aspektində dünyada xalis sıfıra nail olmaq üçün çağırışların qarşılanmasına dəstək olmağı, enerji keçidini sürətləndirməyi hədəfləyir. İnanırıq ki, bu təşəbbüsləri yalnız COP29 çərçivəsində deyil, həmçinin qlobal miqyasda qarşıdakı 10 illiklərdə müəyyən edilmiş hədəflərin reallaşmasına da öz töhfəsini verəcək”.

İqtisadiyyat naziri Mikayıl Cabbarov isə Azərbaycanın iqtisadi fəaliyyətinə diqqət çəkib:

“COP29-un ev sahibi kimi Azərbaycanın müəyyən öhdəlikləri var. Əgər bu günə qədər ölkələr iqlim dəyişiklikləri fonunda nə etmək lazım gəldiyi barədə düşünürdülərsə və daha çox bu barədə danışırdılarsa, COP29 gündəliyi daha konkret hərəkətlərə keçmək istiqamətində addım olacaq. COP29 enerji keçidində maliyyələşdirmə mexanizmlərinin təmin edilməsinə istiqamətlənəcək. Enerji keçidi prosesində mühüm təşəbbüslərimiz var. COP29-un fəaliyyət gündəliyində yer alan 14 əsas təşəbbüsdən biri İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondunun (CFAF) yaradılmasıdır. Azərbaycan hesab edir ki, təbii sərvətlərlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə liderlik etməlidir və bu təşəbbüs iqlim maliyyəsindəki boşluqların aradan qaldırılmasına əhəmiyyətli fayda verə bilər. Fondun fəaliyyətə başlaması üçün ilkin olaraq 1 milyard ABŞ dolları məbləğində kapital toplanması və ən azı 10 donor ölkənin fonda qoşulması planlaşdırılır ki, fikrimizcə, COP29 çərçivəsində bu məsələ əsas müzakirə mövzularından biri olacaq”.

Daha sonra tədbir iştirakçıları ailə fotosu çəkdirib.
Rəsmi açılış mərasimindən sonra Bakı İqlim Fəaliyyəti Həftəsi müxtəlif sahələrə həsr olunan panellərlə davam edib. “Enerji keçidi”, “Şəhərlər/Urbanizasiya olunmuş mühitlər”, Şəhər keçidinin maliyyələşdirilməsi – Yaşıl Maliyyə və İşləyən İnvestisiya Modelləri” kimi panel müzakirələrdə natiqlər bir sıra maraqlı məqamlara aydınlıq gətiriblər.

***

09:45

Bakı İqlim Fəaliyyəti Həftəsinin (BİFH) açılış günü keçirilir.

APA xəbər verir ki, açılış günündə COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadari, COP29-un müəyyən edilmiş Prezidenti Muxtar Babayev, Təşkilat Komitəsinin üzvləri və xarici qonaqlar iştirak edir.

Beynəlxalq perspektiv və yerli kontekslə Bakı İqlim Fəaliyyəti Həftəsi (BİFH) siyasət, özəl sektor, maliyyə, ticarət və investisiya, elm və akademiya, incəsənət və mədəniyyət, vətəndaş cəmiyyəti və media kimi əsas maraqlı tərəfləri bir araya gətirəcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi davamlı inkişaf üçün mövcud təşəbbüslər də daxil olmaqla, Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı milli söhbətin dərinləşdirilməsi və fəaliyyətin sürətləndirilməsi üçün əsas məqam olacaq. BİFH siyasi və biznes liderlərindən tutmuş yerli icmalara və gənclərə qədər hər kəsi cəlb etməyə çalışacaq. BİFH Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı mövcud problemlərini həll etmək, neft və qaz kimi əsas sektorlarda indiyədək əldə edilmiş nailiyyətləri araşdırmaq, regionda və beynəlxalq miqyasda tərəfdaşlıqları yaratmaq və dərinləşdirmək üçün maarifləndirici və ruhlandırıcı platforma rolunu oynayacaq.

Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı Bakı
Seçilən
14
2
apa.az

3Mənbələr