AZ

Tehran "ilk"ini İrəvanda gerçəkləşdirdi və ya "qırmızı xətt" necə boyunduruğa çevrildi?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Dünən İranın xaricdəki ilk ticarət mərkəzi İrəvanda açılıb. Açılış mərasimində İranın Ermənistandakı səfiri Mehdi Sobhani və Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan iştirak ediblər.
Oxu.Az-a məsələ ilə bağlı fikirlərini bildirən iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə qeyd edib ki, İran hətta Azərbaycan torpaqları işğal altında olduğu zaman belə öz mənfəətini düşünüb:
"Son 34 illik dövrə nəzər salsaq, biz Ermənistanla İran arasında iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etdiyini, Tehranın davamlı şəkildə İrəvana dəstək verdiyini görə bilərik. Bu vəziyyət hər iki Qarabağ müharibəsi dövründə, onlardan əvvəl və sonra da dəyişməyib. Hətta Vətən müharibəsindən sonra daha da güclənib. Uzun illərdir ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla quru sərhədləri bağlıdır. İran isə Ermənistan üçün iqtisadi nəfəslik rolunu oynayır".
Alim İranın Ermənistanın hər zaman ondan asılı olmasını istədiyini, Hindistanla rəsmi İrəvan arasında vasitəçilik etdiyini qeyd edib:
"İranda ABŞ və Fransadakı qədər olmasa da, fəal erməni diasporu var. Diaspor nümayəndələri arasında Ermənistana və işğal dövründə qeyri-qanuni şəkildə Qarabağa sərmayə qoyan varlı şəxslər mövcuddur. Rəsmi Tehran, eyni zamanda, İrəvanla Delhi arasında ticarət yolunun açılmasında həm vasitəçi, həm də tranzit ölkə rolunu oynayır. Azərbaycan üçün təhlükəli məqam isə Hindistandan göndərilən silah və hərbi texnikanın İran üzərindən Ermənistana ötürülməsidir.
İkinci Qarabağ müharibəsindən sonra prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan "3+3" regional əməkdaşlıq formatını təklif etdilər. 10 noyabr Üçtərəfli Bəyanatında Zəngəzur dəhlizinin açılması nəzərdə tutulub. Bakı və Ankara dövlət başçıları səviyyəsində dəfələrlə Zəngəzur dəhlizinin açılmasının bütün qonşu dövlətlərə fayda verəcəyini izah etsələr də, İran buna qarşı çıxıb və sərhədlərin toxunulmazlığını özünün "qırmızı xətti" elan edib. Amma burada qətiyyən Ermənistanın ərazi bütövlüyünün pozulmasından söhbət getmir. Görünən odur ki, İran həm də Ermənistanın ondan asılılığının davam etməsində maraqlıdır.
Əlbəttə, baş verən proseslərin siyasi səbəbləri də var. Azərbaycan da öz növbəsində bu dəstəyin qırılması istiqamətində bir sıra addımlar atır. Bununla bağlı işlər daha da gücləndirilməlidir. Fikrimcə, İranın da Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirməsi, Zəngəzur dəhlizinin açılması həm özü, həm də Ermənistan üçün daha faydalı olar".
Söhrab İsmayıl
Seçilən
119
50
oxu.az

10Mənbələr