AZ

XİN AŞ-nin Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının rəyinə münasibət bildirib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Xarici İşlər Nazirliyi (XİN) Avropa Şurasının Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasının Azərbaycan Respublikası tərəfindən icrasına dair Məşvərət Komitəsinin Beşinci Rəyini şərh edib.
Oxu.Az xəbər verir ki, şərhdə deyilir:
"Azərbaycan Respublikası, Milli Azlıqların Müdafiəsi haqqında Çərçivə Konvensiyasına fəal və məsuliyyətli tərəf kimi və bütün dünyada etnik, mədəni, dil və dini tolerantlığın və etimadın təşviqi fəaliyyətləri ilə çox yaxşı tanınan ölkə olaraq monitorinqin beşinci dövrü ərzində Çərçivə Konvensiyasının Məşvərət Komitəsi ilə yaxından əməkdaşlıq edib. Bu dövr üzrə hesabat təqdim edildikdən sonra Komitənin nümayəndə heyəti Azərbaycana səfər edib, çoxsaylı aidiyyəti dövlət qurumlarının təmsilçiləri ilə yanaşı, regionlarda milli azlıqların nümayəndələri ilə görüşüb və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatında və milli azlıqların QHT-ləri ilə görüşlər keçirib.
18 noyabr 2024-cü il tarixində dərc olunmuş Məşvərət Komitəsinin Beşinci Rəyində konvensiyanın həyata keçirilməsində hökumətin göstərdiyi səylərin qeyd edilməsinə baxmayaraq, rəydəki bir sıra mülahizələrin əsassızlığı və ölkədəki reallıqları dəqiqliklə əks etdirməməsi Komitənin tətbiq etdiyi müəyyən yanaşmaya dair ciddi suallar doğurur. Rəydə bir çox müsbət milli nailiyyətlərə, uğurlu milli siyasətlərə, islahat və təşəbbüslərə diqqət yetirilməyib və onlara etinasız yanaşılıb.
Bundan əlavə, 2023-cü ilin sentyabrında antiterror tədbirlərindən sonra baş verən inkişaflara dair rəydə yer alan əsasən siyasiləşdirilmiş iddialar beşinci monitorinqin müddətinin çərçivəsindən kənara çıxır. Azərbaycanın Beşinci Dövlət Hesabatında 2017-2022-ci illər üzrə müddətə aid müvafiq məlumatların yer alması, habelə davam edən hərbi işğal və Azərbaycan Respublikasının erməniəsilli şəxslərin yaşadığı ərazilər üzərində qanuni suveren nəzarətinin olmamasına görə konvensiyanın hesabatın əhatə etdiyi dövr ərzində həyata keçirilə bilmədiyinə dair qeydlərin həmin hesabatda əksini tapması, Məşvərət Komitəsinin sözügedən iddialarının konvensiyanın konkret müddət çərçivəsində icrasını qiymətləndirmək üçün verilən mandatdan kənara çıxdığını göstərir.
Azərbaycan Respublikasının ərazilərinin bir hissəsində, bu ərazilərdə suveren nəzarətin həyata keçirilməsinə və oradakı erməniəsilli şəxslərə münasibətdə Çərçivə Konvensiyasının müddəalarının tam tətbiqinə mane olan hərbi işğalın aradan qaldırılmasının ardınca post-münaqişə dövrü üçün nəzərdə tutulan həssas səylərin planlaşdırma mərhələsində olduğu bir məqamda Məşvərət Komitəsi mühakimə yürütməyə tələsməməli və kifayət qədər kövrək olan prosesə əngəl törətməmək məqsədilə lazımi qədər ehtiyatlı davranmalı idi.
Komitənin öz qiymətləndirməsinin əhatə dairəsini ona tapşırılan müddət çərçivəsindən birtərəfli qaydada kənara çıxararaq siyasi motivli və qərəzli yanaşmadan xəbər verən fərqli yol tutması təəssüf doğurur.
Məşvərət Komitəsinin digər etnik qruplara etinasızlıq göstərildiyi halda erməni etnik qrupunu diqqət mərkəzində saxlayan seçici yanaşması və müvafiq misallar göstərmədən naməlum mənbələrdən alınan məlumatlara həddən artıq əsaslanması sözügedən Komitənin qeyri-obyektiv yanaşmasını daha aydın nümayiş etdirir.
Beynəlxalq Ədalət Məhkəməsinin müvafiq qərarlarının yanlış təfsiri və Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarının rəyindən əhəmiyyətli dərəcədə fərqlənən qiymətləndirmələr də daxil olmaqla, Komitənin təcrübə sahəsinə və mandatına aid olmayan məsələlərə (misal üçün, Laçın yolu ətrafında vəziyyət və ya etnik ermənilərin Qarabağ bölgəsindən Ermənistana köçməsi) dair bir çox yalan iddialar qəbuledilməzdir.
Çərçivə Konvensiyasının təkcə milli azlıqlara mənsub şəxslərin hüquqlarının müdafiəsinin təmin edilməsini nəzərdə tutmadığı, eyni zamanda, qanunun aliliyinə və əlaqədar dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və konstitusiya quruluşuna hörmət edilməsinin zəruriliyinə əsaslandığı bir daha qeyd olunmalıdır. Buna baxmayaraq, rəydə birtərəfli qaydada erməni sakinlərinin hüquqlarının müdafiəsinin zəruriliyi qeyd edilir, həmin kateqoriyaya aid olan şəxslərin Azərbaycanın qanunvericiliyinə əməl etmək öhdəliyinə isə məhəl qoyulmur.
Digər böyük narahatlıq doğuran məsələ standartların üzv dövlətlərə münasibətdə qeyri-düzgün tətbiqidir. Azlıqların hüquqları ilə əlaqədar bənzər vəziyyətlərdə olmalarına baxmayaraq, bəzi ölkələrə fərqli münasibətin göstərilməsi təəssüf doğurur. Etnik təmizləmə siyasəti nəticəsində Ermənistanda öz doğma yurdlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarına Komitə tərəfindən etinasızlıq nümayiş etdirilməkdədir.
Bundan əlavə, ölkədə insan hüquqlarının ümumi vəziyyətinin qiymətləndirilməsinin aparılması Məşvərət Komitəsinin mandatından və Konvensiyanın əhatə dairəsindən kənara çıxılması deməkdir və bu qiymətləndirmənin rəyin məqsəd və hədəfləri ilə əlaqəsi yoxdur. Bu baxımdan, Məşvərət Komitəsinin Media haqqında və QHT-lər haqqında qanunlara yenidən baxılmasına dair çağırışı qeyri-adekvatdır və uyğun deyil.
Vətəndaşları üçün insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi, layiqli yaşayış səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycanda bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilib və hazırda da həyata keçirilir".
Seçilən
109
50
oxu.az

10Mənbələr