1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İkinci dəfə ABŞ Prezidenti seçilən Donald Trampın verdiyi vədlər arasında ölkəsinin Paris İqlim Sazişindən çıxması da var. ABŞ bu sazişdən çıxarsa, bu, qlobal iqlim dəyişikliyi ilə mübarizəyə necə təsir edəcək? Hazırda Azərbaycanın paytaxtı Bakı şəhərində davam edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) ən çox maraq doğuran suallardan biri də məhz budur.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Haber Global" süjet hazırlayıb.
Müəllifin sözlərinə görə, Trampın yenidən prezident seçilməsi iqlim dəyişikliyi ilə mübarizə sahəsində ciddi narahatlıq yaradıb. Bahçeşehir Universitetinin rektoru professor Esra Hatipoğlu kanala bildirib ki, bu məsələyə vəsait ayırmayacağını bəyan edən dövlət əslində ən çox maliyyə ayırmalı olan ölkədir.
"Tramp üç məqam üzərində dayanır - çoxtərəfli sazişlərə inanmır, iqlim mövzusuna şübhə ilə yanaşır və bunu demokratların romantik fikirləri hesab edir. O bu mövzunu siyasiləşdirərək ölkəni iki fərqli düşüncəyə sövq edir".
Ekspert hesab edir ki, ABŞ-nin iqlim dəyişikliyi ilə mübarizədə mövqeyi digər ölkələrə də mənfi təsir edə bilər və Vaşinqtonun bu prosesdə iştirakını vacib hesab edib.
"Çünki onun öhdəliyi və nümunə olması əhəmiyyətlidir. ABŞ-siz dünyada bu problemi həll etmək o qədər də asan deyil. Amma beynəlxalq münasibətlərdə vacib bir məqam var - dünya boşluq qaldırmır. ABŞ nə qədər geri dursa, Çin kimi ölkələr irəli çıxır", - deyə professor əlavə edib.
Ətraflı süjetdə:
Bakü'de BM İklim Konferansı COP29 pic.twitter.com/awQwD1J3Le
— Haber Global (@HaberGlobal) November 18, 2024