AZ

Yaxın Şərqin “ÜÇ MUŞKETYORU” – Regiondakı savaşların əsl müəllifləri KİMLƏRDİR?

İsrail Yaxın Şərqdə “at oynadır”. İstədiyini öldürür, istədiyi ölkəni hədəf alır. Bütün bunların üstündən də BMT-nin Təhlükəsizlik Şurası toplanır. Bu toplantıda vuran, öldürən İsrailə qarşı yox, hücuma məruz qalan ölkələrə qarşı yeni iqtisadi – siyasi sanksiyaların tətbiqi tələb olunur.

Bu heç də təəccüblü deyil.

BMT və onu siyasi dəyənəyə çevirən qlobal güclər bir çox məsələlərə olduğu kimi Yaxın Şərq məsələsinə ikili yanaşma sərgiləyirlər.

Məlum olduğu kimi, 2023-cü ilin 7 oktyabrında HƏMAS İsrailə hücum etdi. Bununla da, Yaxın Şərqdəki qeyzer yenidən püskürdü. Amma bu gün münaqişə Fələstinin sərhədlərindən çox-çox uzaqda davam edir. İsrail gah Suriyaya, gah Livana hücum edir. Bəzən də İrandakı konkret obyektlər vurulur. Beləcə, bir il əvvəl münaqişəni alovlandıran HƏMAS yaddan çıxır, hədəflər dəyişir.

Yaxın Şərqdə nə baş verir?

Maraqlıdır ki, 7 oktyabrdan sonra münaqişə boyunca hadisələrin mərkəzində iki dövlət olub-İsrail və İran. İsrail Livanı vuranda da rəsmi Beyrut yox, rəsmi Tehran danışıb. Suriya raket atəşinə tutulanda da Bəşər Əsəd hökuməti yox, İranın dini lideri söz savaşına çıxıb.

Arada-sırada isə İran İsrailə raket atıb. Amma nədənsə rəsmi Tehran nədənsə hücumun vaxtını və zərbə obyektini qabaqcadan bəyan edir. Bəlkə də ona görə İranın bütün hücumları effektiv olmur.

Məsələn, İran iki gün öncə İsrail ərazisinə kütləvi raket hücumlarına başladı. Rəsmi Tehranın əsas hədəfi qabaqcadan deyildiyi kimi, İsrailin Negev atom elektrik stansiyasının yerləşdiyi Dimona vilayəti olub. Həmçinin İran ordusu İsrailin qaz platformasını vurub.

Lakin bu hücum zamanı Negev atom elektrik stansiyası heç bir zərər görməyib. Atılan yüzlərlə raket nəticəsində 2 nəfər ölüb ki, onlardan biri də zavallı fələstinli olub.

İranın hücumunun “kəsərini” azaltmamaq üçün ABŞ bəyanat verir ki, atılan raketlərin 90 faizi Amerikanın hava hücumundan müdafiə sistemi tərəfindən guya kimi məhv edilib. Yəni İranın bütün “cəhdlərinin” 90 faizinin nəticəsiz qalmasının səbəbi guya ki, Amerikadır.

Amma nədənsə İsrailin bütün zərbələri dəqiq və çox effektiv olur.

Məsələn, iyulun 31-də HƏMAS qruplaşmasının siyasi bürosunun lideri İsmayıl Haniyə İranın yeni Prezidenti Məsud Pezeşkianın inaqurasiya mərasimindən sonra paytaxt Tehranda qaldığı iqamətgahında sui-qəsd nəticəsində öldürüldü. 

Eyni dəqiqliklə "Hizbullah" lideri Həsən Nəsrullah sentyabrın 27-də Beyrutdakı iqamətgahında öldürüldü. Beləcə, İrandan fərqli olaraq İsrailin bütün zərbələri 100 faiz nəticə ilə yekunlaşır.

Bu arada Fransanın “Le Parisien” nəşri sentyabrın 29-da Livanın təhlükəsizlik xidmətindəki mənbəyə istinadən məlumat yaydı ki, İran agenti İsrailə Livanın Hizbullah şiə hərəkatının lideri Həsən Nəsrullahı məhv etməyə kömək edib.

Maraqlıdır ki, İran agenturası Beyrutda niyə bu qədər rahat çalışa bilir. Özü də “düşmən” ölkə üçün…

Xatırladaq ki, İsmayıl Haniyənin ölümündən sonra da bu cür məlumatlar yayılmışdı ki, İsrailə bütün məlumatlar dəqiqliklə ötürülüb.

ABŞ, İsrail və İranı nə birləşdirir?

Maraqlıdır ki, baş verən bütün olaylarda 3 dövlətin adı davamlı olaraq hallanır –İsrail, İran və ABŞ. Yaxın Şərqdə baş verən bütün proseslərdən yalnız bu 3 dövlətin xəbəri var. Ona görə də Yaxın Şərqdə törədilən qırğınlar bu 3 dövlət tərəfindən törədilir desək daha məntiqli olar.

Bu da təsadüfi deyil. Biz dəfələrlə yazmışıq ki, İsrail, İran və ABŞ Yaxın Şərqdə eyni qapıya oynayırlar. Bu üçlük çalışır ki, münaqişə Fələstin əraziləriylə kifayətlənməyib, qonşu və hətta region dövlətlərinə də sıçrasın.

Bunun da məlum səbəbləri var.

Çünki həm bir çox ərəb dövlətləri və Türkiyə son zamanlarda böyük iqtisadi güc qazanıblar. Bu isə nə İsrailin, nə İranın, nə də ki, ABŞ-ın maraqlarına cavab vermir. Ona görə də məlum “üçlük” çalışır ki, ən qısa zamanda Birləşmiş Ərəb Əmirliyi, Qətər, Küveyt, Türkiyə, Səudiyyə Ərəbistanı və digər zəngin ölkələr münaqişəyə cəlb olunsun.

Bəlkə də ona görədir ki, adını çəkdiyimiz və çəkmədiyimiz ərəb dövlətləri proseslərə seyirçi mövqeyindən yanaşırlar. Çünki hər hansı bir yanlış addım o ölkəni yeni münaqişə ocağına çevirəcək. Bu da ən çox ABŞ-ın işinə yarayır. Əslində İsrailin də, İranın da “ipi” Ağ Evdəkilərin əlindədir. Təl-Əviv də, Tehran da Vaşinqtondan gələn tezislər üzrə hərəkət edir. Ona görə də tezliklə Yaxın Şərqdə daha qanlı hadisələrə şahidlik edə bilərik.

Niyə liderlər hədəfə alınıb?

Məlum olduğu kimi son zamanlar İsrail HƏMAS, Hizbullah və digər hərbi qruplaşmaların liderlərini hədəfə alıb. İlk baxışdan bu elə görünə bilər ki, rəsmi Təl-Əviv hərbi qruplaşmaları birdəfəlik məhv etmək istəyir. Amma məsələyə daha dərindən nüfuz edəndə aydın olur ki, qruplaşma liderlərinin “ovu”nun tam fərqli səbəbi var.

Belə ki, haqqında danışdığımız “üçlük” bölgəyə yeni nəfəs gətirmək istəyir. Hədəfsə odur ki, qruplaşmaların rəhbərliyinə yeni simalar gətirilsin. Yəqin ki, onları idarə etmək daha asan olacaq. Daha sonra isə yeniləşən və daha asan idarə olunan “liderlər” vasitəsi ilə Yaxın Şərqdə və digər bölgələrdə yeni münaqişə ocaqları yaradılsın.

Vəssalam! Məsələ bu qədər sadə və aydındır...

Surxay Atakişiyev, Bizim.Media

phrase_var_article.chosen
118
50
bizim.media

10phrase_var_article.sources