ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib. SİA xəbər verir ki, Beynəlxalq Forum Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı, “Azərbaycan müəllimi” qəzeti, Təhsil TV və “Azərbaycan məktəbi” jurnalının media dəstəyi ilə hibrid formada reallaşıb. Forumda əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır.
Konfransda çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, Azərbaycanda təhsil müzakirələri məişət xarakterli müzakirələrdən çıxarıb təhsil siyasətinə keçirməyə böyük ehtiyac var: “Bu isə tək nazirliyin məsuliyyətində deyil, ictimaiyyət də burada maraqlı olmalıdır. Bu mənada forumun əhəmiyyəti böyükdür. Dünyanın bütün təhsil sistemlərinin oxşar problemləri var. Müxtəlif ölkələrdə işləyən təhsil nazirlərinin və müəllimlərin ortaq və fərqli problemləri mövcuddur. Bu problemləri birgə müzakirə etmək isə daha tez həll yolu tapmağa imkan verir. Azərbaycan təhsilinin məzmunu son 90 ildir ki, dəyişmir. Bu məzmunu dəyişdirmək inkişafı sürətləndirəcəkdir. Xüsusilə də ali təhsilə baxış dəyişməlidir, ali təhsilə yalnız təhsilin digər pilləsi kimi baxmaq bizim inkişafımızı ləngidir. Bu il COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycan tarixi üçün çox önəmlidir. Eyni zamanda bu konfrans elm sahəsinə də öz töhfəsini verəcək. Bu mənada əsas məqsədimiz təhsil sistemlərində ətraf mühit sağlamlığı ilə bağlı da araşdırmaların aparılmasını təmin etməkdir”.
“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutub.
Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?,“Dayanıqlı inkişaf yolunda təhsil” başlıqlı geniş təqdimatla çıxış edib.
Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edib.
Forum "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədinin "XXI əsrin tələblərinə uyğun təhsil" istiqamətini əsas götürüb.