Dünən ADA Universitetində 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilib. Elm və Təhsil Nazirliyi, Dünya Təhsil Forumu və Təhsilin İnkişafı Fondunun tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının və ADA Universitetinin təşkilatçılığı ilə keçirilən forumun devizi olub.
Beynəlxalq məclisdə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bu forumun təhsil haqqında müzakirələri peşəkar səviyyəyə çatdıran bir platforma olduğunu vurğulayıb. Dünyanın bütün təhsil sistemlərində oxşar problemlər olduğunu və onların müzakirəsinin əhəmiyyətini qeyd edən nazir ölkəmizin təhsil fəlsəfəsi, təhsil liderliyi, elmi tədqiqatlara əsaslanan təhsil prosesi, təhsilin məzmunu, müəllimlər üçün bilik qədər insani keyfiyyətlərin də əhəmiyyətli olması, ali təhsilə baxış məsələlərinə toxunub.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin təhsil sahəsində qlobal trendlərə qoşulmaq üçün çox geniş imkanlar yaradacağına inamını ifadə edən Emin Əmrullayev məktəblərdə ətraf mühit savadlılığı ilə bağlı ölçmələr aparılmasının, yeni mədəniyyət və davranışların formalaşmasının vacibliyini diqqətə çatdırıb.
Nazir sonda müəllim adının məsuliyyətini bir daha xatırladaraq 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü münasibətilə təbriklərini çatdırıb.
Forumun moderatoru, “T-Network” platformasının rəhbəri Cəfər Mənsimi bildirib ki, tədbirin təşkilində əsas məqsəd təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə yaşıl təhsil ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. Forum ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası, təhsilin gələcəyi və ekoloji innovasiyalar, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi mövzularını əhatə edir.
Sonra Dünya Təhsil Forumunun direktoru Dominik Savaj “Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün hansı təşəbbüsləri həyata keçirə bilərlər?” mövzusunda təqdimatla çıxış edib. O, ətraf mühitin qorunmasında gənc nəslin rolunun daha önəmli olduğunu, buna görə də ailədə və məktəbdə onların bu yöndə formalaşmasının vacibliyini bildirib.
Dominik Savaj bildirib ki, dünya iqlim dəyişikliyinin təsirləri ilə mübarizə apararkən adətən onun təhsilə təsiri nəzərdən qaçırılır. Halbuki planetin artan temperaturu və istilik dalğaları təkcə ətraf mühiti təhdid etmir, həm də bütün dünyada milyonlarla uşağın təhsilinə mane olur. Məktəblər yaşıl bacarıqları effektiv inkişaf etdirmək üçün təşəbbüslər həyata keçirə bilər.
Şagirdlərdə yaşıl bacarıqların formalaşmasında COP29-un yaxşı fürsət olduğunu deyən qonaq əlavə edib ki, ölkələrin kurikulum sistemində də iqlim dəyişikliyi mütləq nəzərə alınmalıdır.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer foruma onlayn qoşularaq, “Dayanıqlı inkişaf yolunda təhsil” barədə danışıb. O, PISA tədqiqatları əsasında müxtəlif ölkələrdə 15 yaşlı məktəblilərin ekoloji savadlılığının təhlil nəticələri və təbiət fənlərinə diqqəti artırmaqla planetin gələcəyinə sərmayə qoymağın vacibliyini vurğulayıb.
Forum çərçivəsində Estoniyada ekoməktəblər üzrə koordinator Maris Məgi “Ekoloji şüurlu şagirdləri necə yetişdirmək olar? Ekoməktəblərdən dərslər”, ADA Universitetinin prorektoru Vəfa Kazdal “Təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi”, pedaqogika üzrə tanınmış alim, təhsil tədqiqatçısı Özgür Bolat “Təbiət uşaqların nailiyyətlərinə və xoşbəxtliyinə necə təsir edir?” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlarda ekoməktəblərin təcrübəsindən, fənlərarası inteqrasiyanın artırılmasının yaşıl dünya tələblərinə cavab vermək baxımından vacibliyindən, valideyn-övlad, müəllim-şagird münasibətlərindən danışılıb.
Beynəlxalq forum çərçivəsində təhsildə hansı yaşıl çağırışlar, ekoloji savadlılıq kimi actual məsələlər ətrafında da müzakirələr aparılıb.
XQ