“İki bacı” neçə gündür yenə Parisdə bir aradadır. Ermənistan və Fransa başçılarını – Nikol Paşinyanı və Emmanuel Makronu deyirik.
Təcrübə isə belə təmasların nə Azərbaycana, nə də ümumən Güney Qafqaza yaxşı heç nə vəd etmədiyini artıq təsdiqləyib. Böyük ehtimalla, Paşinyanın budəfəki səfəri də tərəflər arasında hərbi-texniki əməkdaşlığın güclənməsi ilə yadda qalacaq. Kimə qarşı?
Əlbəttə ki, ən əvvəl Azərbaycana, sonra isə regional sülh və təhlükəsizliyə qarşı. Hərgah N.Paşinyanla görüşdə E.Makron Bakı və İrəvanı sülh müqaviləsini “mümkün qədər tez imzalamağa” çağırıb.
Sitat: “Biz beynəlxalq hüquq normalarına və regionun bütün xalqlarının maraqlarına uyğun olaraq tezliklə sülh müqaviləsinə nail olmaq məqsədi ilə Ermənistan və Azərbaycan arasında aparılan müzakirələrə sadiqliyimizi bir daha təsdiqləyirik”.
Sən demə, Fransa üçün də beynəlxalq hüquq normaları əhəmiyyət kəsb edirmiş. Yəni ölkələrin ərazi bütövlüyü və suverenliyə sayğı məsələsi...
Elədirsə, onda rəsmi Paris öz konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını qaldırmağa tələsməyən, üstəgəl, Minsk Qrupunu əlində “ehtiyat variant” kimi saxlayan Ermənistanı “özünümüdafiə” adı ilə niyə silahlandırır? Hansı özünümüdafiədən və kimdən müdafiədən söhbət gedir? Öz sərhədlərinin harda bitdiyini hələ də dəqiq bilməyən (quru bəyanatları kənara atırıq) bir ölkənin özünümüdafiəyə haqqı varmı?
Yaxud Makronun sülh səmimiliyinə, Azərbaycanın ərazi bütövlüyü və suverenliyə hörmətlə bağlı sözlərinə necə inanaq ki, onun Bakıdakı səfiri hələ də Şuşaya ayaq basmayıb?! - Qərbin yeganə ölkəsinin diplomatı olaraq. Bu siyasi hikkə, inadkarlıq hara, Azərbaycana sülh, barışıq çağırışı hara?
Eləcə də Ermənistan rəhbərliyini səmimiliyi çürük qoza da dəymir. Qısası, su axar çuxurunu tapar. Doğrudan da “iki bacı”nın torpağı sanki bir yerdən götürülüb...
Azərbaycan isə əlbəttə ki, özünə münasibətdə səmimilik dərəcəsini hansısa liderin qulağa xoş gələn bəyanatı və ya pozitiv ritorikası ilə yox, əməllə müəyyən edir və edəcək. Test isə çox bəsit və bəlli. Nə barədə ki, dünən Prezident İlham Əliyev Cəbrayıldakı çıxışında bir daha vurğulayıb: kim bizim ərazi bütövlüyümüzün bərpasına sevinir, bunu büruzə verir, dilə gətirir, o bizim dostumuzdur.
Bu leksikondan kənar səslənmiş sözlər, bəyanatlar quru boşboğazlıqdır. Hətta faktlar sübut edir ki, ayağımızın altını qazmaqdır, düşmənçilikdir. Biz həm bunu, həm də sülh demaqogiyası altındakı gerçək niyyətləri yaxşı görür və bilirik...
Fransa təbii ki, Azərbaycanın öz gücünə beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyini bərpa etməsinə nəinki sevinmir, bundan indiyədək bərk dilxordur. İkinci Qarabağ savaşı bitər-bitməz bu ölkənin parlamentinin uydurma “artsax”ı dövlət kimi tanıması buna bariz sübutdur. O üzdəniraq qərar hələ də ləğv edilməyib.
Digər heç bir ölkə bu pisliyi bizə etməyib. Hətta ABŞ səfiri gec də olsa, bu il Şuşaya ayaq basıb. Ondan öncə İsə Almaniya, Rusiya, neçə-neçə digər dövlətlərin ölkəmizdəki baş diplomatları eyni addımı atıblar. Makron Fransası nəyi gözləyir?
Biz səbəbini bilirik. Amma boşuna gözləyirlər. “Dağlıq Qarabağ” məsələsi bitib. Həmişəlik. Bunu faktiki Paşinyan hökuməti də boynuna alırsa, ermənidən çox erməni olmağa çalışan Makron və hökuməti də son 4 ilin gerçəkliyi ilə enində-sonunda barışmalı olacaq.
Odur ki, bölgənin vazkeçilməz və açar ölkəsi kimi Azərbaycanla düşmənçilikdən nə qədər tez imtina edilsə, bir o qədər rəsmi Paris uduşda olar. Elə “kiçik bacı”sı da...
Siyasət şöbəsi,
Musavat.com