Elşən Manafov: “Bakı 3 tələblə bağlı qərar versə, bu, ABŞ-ın regional maraqlarına ciddi zərbə olacaq”
Azərbaycan Respublikası VII çağırış Milli Məclisinin bir qrup deputatı xarici işlər naziri Ceyhun Bayramova müraciət edib.
Müraciətdə son vaxtlar ABŞ-ın Azərbaycana münasibətdə sərgilədiyi qərəzli münasibət pislənilir. O cümlədən qeyd edilir ki, bir sıra dairələr Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən istifadə edərək, Azərbaycana hansısa məsələni qəbul etdirmək fikrinə düşüblər. ABŞ Senatının və Nümayəndələr Palatasının bir qrup üzvünün 2024-cü il oktyabrın 3-də bu ölkənin dövlət katibi Entoni Blinkenə göndərdiyi müraciət də bu qəbildəndir.
Bununla əlaqədar olaraq, Sizdən Azərbaycan və ABŞ arasında münasibətlərin yenidən nəzərdən keçirilməsi üçün aşağıdakı addımları həyata keçirməyi xahiş edirik:
* Azərbaycan və ABŞ arasında qüvvədə olan müqavilələrə, ələlxüsus, 1997-ci ildə imzalanmış “Azərbaycan Respublikası və ABŞ arasında gələcək hərbi və müdafiə əlaqələri haqqında” Birgə bəyanata və 2013-cü ildə imzalanmış “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Müdafiə Nazirliyi arasında avadanlığın alınması və qarşılıqlı xidmət haqqında” Sazişə xitam verilməsi;
* Yeni müqavilələrin razılaşdırılması və qüvvədə olmuş müqavilələrin uzadılması üzrə danışıqların dərhal dayandırılması;
* ABŞ-nin Beynəlxalq İnkişafa Yardım Agentliyi (USAID) və ABŞ-nin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda həyata keçirilən bütün layihələrin dayandırılması və yeni layihələrə icazə verilməməsi, eləcə də USAID-in ölkəmizdəki fəaliyyətinə son qoyulması.
Ümumilikdə, sözügedən 3 tələb yerinə yetiriləcəyi təqdirdə bu, ABŞ-ın bölgədəki maraqlarına, siyasətinə nə kimi zərbə, ziyan vura bilər? Təbii ki, ABŞ-ın Azərbaycanda mövqeləri, mənafeyi daha çoxdur və Vaşınqton bu addımları öz mənafeyi üçün atıb. O baxımdan hər 3 tələbin yerinə yetirilməsi ABŞ-ın bu bölgədəki mövqeyinə, nüfuzuna, reytinqinə necə bir zərbə endirəcək?
“Bölgənin strateji əhəmiyyətə malik açar dövləti Azərbaycandır”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara aydınlıq gətirdi: “Bu günlərdə ABŞ Konqresinin İnsan haqları ilə bağlı komitəsində baş tutan dinləmələr bu ölkədəki erməni diasporasının lobbiçilik dəstəyi ilə baş tutsa da, arxasında başqa məqamlar dayanır. Dinləmələrdə 60-a yaxın konqresmenin Azərbaycan əleyhinə olan irad və çıxışları göstərir ki, ABŞ-da bəlli dairələr ölkəmizlə münasibətlərin gərginləşdirilməsi istiqamətində məqsədəmüvafiq şəkildə addımların atılmasında maraqlıdır. Azərbaycan əleyhinə dinləmələrdə çıxış edən konqresmenlərin əksəriyyətinin demokratlarla bağlılığı nəzərə alınarsa, sifarişin Ag Ev və Dövlət Departamenti tərəfindən gəldiyini istisna etmək olmaz. Bu günlərdə ABŞ-da keçirilməsi nəzərdə tutulan prezident seçkilərində demokratları təmsil edən hazırkı vitse-prezident Kamala Harrisin təbliğat kompaniyası zamanı Dağlıq Qarabağ ifadəsi işlədərək Azərbaycanın ərazi bütövlüyünü təhdid etməsi təxribat idi. Bu onu göstərir ki, hazırkı administrasiya Azərbaycanla münasibətlərə özünün bölgə ilə bağlı geosiyasi maraqları rakursundan yanaşır. Bu zaman müstəqil siyasət yeridən, bölgənin perspektiv geosiyasi düzəni ilə bağlı rəsmi Vaşinqtonun fikirlərini bölüşməyən Azərbaycan hakimiyyətinin siyasi kursu onu qane etmir. ABŞ bir müddətdir ki, rəsmi Bakıya Ermınistanla sülh danışıqlarına onun təklif etdiyi rakursdan yanaşmağı təklif edir. Zəngəzur dəhlizi ilə bağlı onun təkliflərinin qəbul edilməsinin zəruriliyindən çıxış edir. Azərbaycan iqtidarının regionun təhlükəsizlik problemlərinin həlli məqsədilə irəli sürdüyü təkliflər, 3+3 formatında əməkdaşlıq ABŞ-ı qane etmir. Zira bu model regiondan kənar dövlətlərin, regionun təhlükəsizlik problemlərinin həllinə müdaxiləsini məqbul bilmir. Orta Dəhlizlə bağlı ABŞ-ın təkliflərinin qəbul edilməsi isə Azərbaycanın regional dövlətlətlərlə münasibətlərində ölkəmizin maraqlarına cavab verməyən tendensiyalara səbəb ola bilər. Həm də rəsmi Bakının regional əməkdaşlığın genişləndirilməsi ilə bağlı mövqeyi ilə ziddiyyət təşkil edir. ABŞ-ın regionun geosiyasi konfiqurasiyasının region dövlətlətlərinin maraqlarına uyğun olmayan tərzdə dəyişdirilməsi ilə bağlı təkliflərinə rəsmi Bakı özünün təhlükəsizlik maraqları konteksindən yanaşır. Müasir dünya nizamına hegemonluq iddiaları kontekstindən yanaşan ABŞ müstəqil dövlətlərin beynəlxalq hüquqa söykənən mövqeyi ilə hesablaşmaq istəmir. Azərbaycana olan təhdid də məhz bununla əlaqədardır. Konqresdəki dinləmələrdə Azərbaycanın “müharibə cinayətləri”, insan hüquq və azadlıqlarının pozulmasına görə olan ittihamlar ABŞ-da bəlli dairələrin ölkəmizə qarşı mövqeyində qərəzdən irəli gəlir. Bu isə təsadufi deyil. Hələ 1992-ci ildə ABŞ Konqresində Azadlığı Müdafiə Aktı adı ilə 907 saylı duzəlişin qəbul edilməsinin təşəbbüskarlarından biri o zaman konqresmen, hazırda isə prezident olan C.Bayden olub. Bu akt Ermənistanın xeyrinə olmaqla, Azərbaycanı ABŞ-ın dövlət səviyyəsində yardımdan mərhum edib. Şübhə yoxdur ki, hazırda da həmin kurs davam etdirilir. Baxmayaraq ki, rəsmi Bakı ABŞ-la münasibətlərin həmişə qarşılıqlı faydalı əməkdaşlıq müstəvisi üzərində, konstuktiv zəmində inkişaf etdirilməsinin tərəfdarı olub. ABŞ tərəfindən Azərbaycana münasibətdə davam etdirilən qeyri-obyektiv və qərəzli mövqe rəsmi Bakını beynəlxalq hüquqa söykənməklə ABŞ-la münasibətlərin mahiyyətinə yenidən baxmaq zərurəti qarşısında qoya bilər. Bakı 3 tələblə bağlı qərar versə, bu, Birləşmiş Ştatların regional maraqlarına ciddi zərbə olacaq. Çünki bölgənin strateji əhəmiyyətə malik açar dövləti Azərbaycandır. Azərbaycansız ABŞ-ın Mərkəzi Asiyaya əlverişli çıxışı mümkünsüzdür”.
Vidadi ORDAHALLI