Politoloq: “Bununla əslində Azərbaycanın mövqeyinin haqlı olduğunu qəbul etmiş olurlar”
Milli Məclisin 43 deputatı oktyabrın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova müraciət edərək, Amerika Birləşmiş Ştatları ilə münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsini istəyiblər.
Maraqlıdır ki, Azərbaycandan edilən etirazlara ABŞ-dan reaksiya verilmir. Susmaq Bakının ittihamlarına razılıq əlamətidir, yoxsa...
Anar Əliyev
Politoloq Anar Əliyev “Yeni Müsavat”a bildirdi ki, son günlər ABŞ-la Azərbaycan arasında süni yaradılan gərginlik müşahidə olunmaqdadır. Bu, ABŞ-ın bəzi dairələrinin maraqlarına uyğun olduğu üçün Azərbaycanla münasibətləri gərginləşdirmək, Bakını təzyiq altında saxlamaq və bu təzyiqlər fonunda hakimiyyəti müəyyən güzəştlərin əldə olunmasına çalışılır: “Xüsusilə biz son aylar ərzində ABŞ Konqresində, Dövlət Departamentində Azərbaycanın daxili işlərinə müdaxilə, beynəlxalq hüququn pozulması kimi qiymətləndirilən absurd müzakirələrin şahidi oluruq. Bunun üzərindən ABŞ rəsmiləri Azərbaycanla münasibətlərə xələl gətirəcək, münasibətləri pozacaq bu addımlara Azərbaycanın sərgilədiyi etiraz mövqeyinə hər hansı rəsmi münasibət bildirmək istəmir. Bununla əslində Azərbaycanın mövqeyinin haqlı olduğunu qəbul etməklə yanaşı, həm də ermənipərəst konqresmenlərin müraciətlərinin və dinləmələrinin arxasında dayandıqlarını bir daha nümayiş etdirmiş olurlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Cəbrayıl şəhər sakinləri ilə keçirdiyi görüşdə də Azərbaycana qarşı təzyiqlərin və təhdidlərin davam etdiyini bəyan etdi. Prezident bu təzyiqlərin başında dayanan qüvvələrdən birinin Fransa ilə yanaşı ABŞ olduğunu dedi. Çox təəssüf ki, hakimiyyətdən getmək ərəfəsində olan Bayden administrasiyası seçkilər prosesinə kifayət qədər təsir etmək gücündə olan erməni lobbisinin maraqlarına xidmət eləyən, amma ABŞ-Azərbaycan münasibətlərinə xələl gətirə biləcək, Amerikanın Cənubi Qafqaz maraqlarına zərbə vuracaq mövqe sərgiləyirlər. Ona görə də Azərbaycan Milli Məclisinin bir qrup deputatının xarici işlər nazirinə müraciət etməsi ABŞ-la Azərbaycan arasındakı münasibətlərə yenidən baxılması və müdafiə sahəsində əməkdaşlığa dair sazişlərə xitam verilməsi ilə bağlı müraciət tamamilə haqlıdır, ABŞ-ın davranışlarına adekvat reaksiyadır. Azərbaycan tərəfi Vaşinqtona dəfələrlə müxtəlif kanallarla çatdırmağa çalışıb ki, ABŞ-dan olan davranışlar adekvat reaksiya ilə qarşılanacaq. Heç bir halda hesab etməsinlər ki, təzyiq dili ilə Azərbaycanla danışıb nəticəyə nail olmaq mümkündür”.
Politoloq vurğuladı ki, ABŞ-ın sərgilədiyi mövqe anti-Azərbaycan və erməni sevgisindən daha çox anti-Rusiya siyasəti ilə bağlıdır, Rusiyanın Cənubi Qafqazda maraqlarına zərbə vurmaq məqsədi güdür: "Amerikada hesab olunur ki, hazırda Ermənistan onun maraqlarına uyğun olaraq anti-Rusiya mövqeyi ortaya qoyduğu halda Azərbaycan belə mövqeyi sərgiləmir. Onlar hesab edirlər ki, biz də Ermənistan kimi Ağ Evin əlində oyuncaq olmalıyıq və sifarişlə oturub durmalıyıq. Azərbaycan isə xüsusilə 44 günlük Vətən müharibəsi və 23 saatlıq antiterror tədbirlərindən sonra müstəqil xarici siyasət yeritdiyini, Azərbaycan dövləti və xalqının maraqlarının Prezident İlham Əliyevin fəaliyyətinin yeganə başlıca prinsipi olduğunu sübut etdi. Dövlətin və xalqın maraqlarına zidd ola biləcək hər hansı addımın atılmayacağını Azərbaycan ən yüksək səviyyədə bəyan edib. Bu, təbii ki, ABŞ-ın bəzi dairələrində qıcıqla qarşılanır. Hələ də Amerikada, Qərbi Avropada bəzi dairələr hesab edir ki, Azərbaycan kimi dövlətlər öz taleyini, müstəqil xarici siyasətini müəyyən etmək bacarığına, imkanlarına sahib deyil, onların gələcəyini, xarici siyasətini məhz ABŞ və Qərbi Avropa müəyyən edir. Azərbaycanı da bu qəbildən dövlət kimi hesab edirlər. Azərbaycan isə müstəqil xarici siyasət yürüdən, taleyini özü müəyyən edən bir dövlətdir və Rusiyaya qarşı siyasətdə yer almır və 2022-ci ildə Rusiya ilə imzalanmış "Qarşılqılı birgə fəaliyyət haqqında Strateji Tərəfdaşlıq" Bəyannaməsinin bəndlərinə sadiq olduğunu nümayiş etdirir. Azərbaycan heç bir üçüncü dövlətə qarşı öz ərazisindən meydan kimi istifadə olunmasına imkan verməyəcəyini bəyan edib və biz bu mövqeyimizə sadiqik. Azərbaycanın sərgilədiyi bu qətiyyətli duruş artıq dünyanın bir çox xalqları, dövlətləri tərəfindən hörmətlə qarşılanır".
Politoloqun sözlərinə görə, nəhayət, imperiya maraqlarından imtina etməyən Fransa, ABŞ, Niderland kimi dövlətlər, Avropa təsisatları anlamalıdırlar ki, Azərbaycanla şaquli deyil, yalnız üfiqi münasibətlər qura bilərlər. Bu münasibətlər qarşılıqlı faydalı maraqlara xidmət etməlidir, heç bir halda Azərbaycanla birtərəfli münasibətlər qurmaq və bununla müsbət nəticəyə nail olmaq mümkün deyil.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”