Xəbər verdiyimiz kimi, bu il Daron Acemoğlu, Saymon Conson və Ceyms Robinson iqtisadiyyat üzrə Nobel mükafatı laureatları elan edilib. Qeyd olunub ki, alimlər uğurla apardıqları araşdırmalarda bir ölkənin inkişafı üçün ictimai institutların vacibliyini göstəriblər.
Bununla bağlı Sfera.az-a açıqlama verən iqtisadçı Eldəniz Əmirov deyib ki, sözügedən mükafat siyasiləşmiş motiv alıb. O qeyd edib ki, iqtisadiyyat üzrə Nobelə namizəd olanlar arasından mükafata ən layiq olan yaponiyalı Nobuhiro Kiyotaki və britaniyalı Con H. Mur idi:
“Onlar kiçik şokların iqtisadi dövrlərə necə təsir edə biləcəyinə dair ciddi iş ortaya qoymuşdular. Lakin mükafatı qazananlar ölkələrin sosial-iqtisadi həyatında olan fərqin səbəbi kimi cəmiyyət institutları və rifah arasında əlaqəni göstəriblər. İnkar etmirəm ki, ölkələrin firavanlıq, sosial həyat və ümumiyyətlə, yaşam göstəriciləri ilə cəmiyyət institutları arasında bağlılıq yoxdur. Əlbəttə, mövcuddur, amma bu əlaqə dünyanın hazırkı mərhələsində iqtisadiyyat üzrə Nobel mükafatının predmeti olmamalı idi. Çünki ortada iqtisadi resurslar uğrunda dünyada gedən müharibələr və bu müharibələrin qazandırdığı fantastik iqtisadi faydalılıq predmeti, müharibələrin artması ilə yaranan şoklar, iqtisadi təhdidlər, silah biznesinin qlobal ÜDM-də artan çəkisi, elan edilməyən Üçüncü Dünya müharibəsi şəraitində iqtisadi təhdidlər və onların yaratdığı şoklar var”.
E.Əmirov bildirdi ki, qeyd edilənlərin fonunda, kiçik şokların iqtisadi dövrlərə təsiri kimi dövrün ən vacib tədqiqatını kənara qoyub Nobel mükafatının cəmiyyət institutlarına hədəflənməsi Qərbin dırnaqarası “demokratiya” strategiyasının növbəti təzahürüdür:
“Dərd burasındadır ki, 2023-cü ildə də Nobel mükafatının predmeti olaraq kökdə duran əsas problem sırf iqtisadi deyildi. Artıq bu bir tendensiya halını alıb”.
Günay