AZ

Novruzəli Aslanov: “Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızı irəlidə yeni, daha parlaq zəfərlər gözləyir”

 

“21 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevi Prezident seçməklə ilk növbədə ölkəmizi nəticə etibarı ilə bugünkü qələbələrimizə gətirib çıxaran Heydər Əliyev siyasi kursuna səs verdi. Heç bir şübhə yoxdur ki, Azərbaycanda 2003-cü ilin 15 oktyabr tarixində keçirilən prezident seçkiləri xalqın və dövlətçiliyimizin milli mənafeləri baxımından 1993-cü ilin oktyabr ayında keçirilən prezident seçkiləri ilə eyni tarixi əhəmiyyət kəsb edən hadisədir. 2003-cü il oktyabr ayının 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdi. Həmin tarixi müraciətində Ulu Öndər demişdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm.” Ümummilli Liderimizin bu müdrik kəlamları 17 il sonra, 2020-ci ilin sentyabr-noyabr aylarında öz tarixi təsdiqini tapdı. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sarsılmaz birliyə gələrək 30 il davam edən işğala son qoydu, ölkənin ərazi bütövlüyünü təmin etdi. Bununla da xalqımızın və dövlətimizin qarşısında duran ən taleyüklü məsələ öz həllini tapdı. Xüsusi olaraq, həm də böyük fərəh hissi ilə bir məqamı da vurğulamaq istərdim ki, mən özüm 2003-cü ilin Prezident seçkilərində ilk öncə Ulu Öndər Heydər Əliyevin Prezidentliyə namizəd kimi vəkillərindən biri idim. Ümummilli Liderimiz öz namizədliyini geri götürdükdən sonra isə, biz də artıq komanda olaraq Ulu Öndərin siyasi varisi cənab İlham Əliyevin vəkilləri olduq. Bu gün mən sonsuz qürur və fəxarət hissi yaşayıram ki, 21 il bundan öncə seçki kampaniyasında vəkili olduğum möhtərəm Prezidentimiz zamanı gəlincə Müzəffər sərkərdəyə, sözün əsl mənasında Azərbaycan xalqının tarix yazan qəhrəmanına çevrildi.”

Bu sözləri aia.az-a verdiyi açıqlamada Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən deputat həmçinin bildirib ki, Prezident İlham Əliyevin ötən illər ərzində həyata keçirdiyi sistematik tədbirlər Azərbaycanda yeni və daha təkmil siyasi sistemin formalaşmasına zəmin yaradıb: “Ölkə Prezidenti cənab İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional siyasi davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən siyasi realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Dövlətimizin başçısı öz fəaliyyəti və davranışı ilə ölkə ictimaiyyətinə siyasi mədəniyyət, dünyaya isə milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etdi. Cənab Prezidentin yürütdüyü, humanizm ideyalarına və milli dəyərlərə söykənən siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət edir. Bu siyasət dövlətin müstəqilliyinin və ideoloji dayaqlarının daha da möhkəmləndirilməsini, vətəndaş həmrəyliyinin bərqərar olmasını təmin etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.”

Daha sonra N.Aslanov Azərbaycanda son illər müşahidə olunan dinamik iqtisadi inkişafın əldə olunması üçün görülən tədbirlərdən bəhs edib: “Cənab Prezident İlham Əliyevin ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı olaraq gördüyü tədbirlər tezliklə öz nəticəsini verməyə başladı. Azərbaycanda nəhəng infrastruktur layihələri həyata keçirildi. Xüsusilə nəqliyyat sisteminin yenidən qurulması ölkənin dünyaya çıxışını təmin etdi. Qısa zaman ərzində yeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modern islahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rola malik olan Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları qəbul olundu və onların icrasına başlandı. Nəticə olaraq bölgələrdə inkişaf prosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri ilə bağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşdü. Ümumilikdə öyən illər ərzində Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradıldı. Ölkədə qeyri-neft sektorunun inkişafı üçün güclü zəmin formalaşdı. İqtisadiyyatın sürətli inkişafı, Ölkə Prezidentinin təşəbbüsü ilə vətəndaşların sosial rifah halının yüksəldilməsi məqsədilə qəbul olunmuş qanun layihələri, dövlət başçısının imzaladığı fərman və sərəncamlar əsasında həyata keçirilən irimiqyaslı sosial layihələr xalqın yaşayış səviyyəsinin yüksəlişini təmin etdi.”

Sonda deputat Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarının işğalına son qoymasının, özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsinin 21 ildə əldə olunmuş ən böyük tarixi nailiyyət və dövlətçilik tariximizdə ən böyük Zəfər olduğunu diqqət mərkəzinə çəkərək bunları deyib: “Azərbaycanın keçən il öz suverenliyini bərpa etməsi dörd il bundan əvvəl Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş tarixi Qələbənin məntiqi davamıdır. Cənab Prezident tərəfindən ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirdi və 44 günlük Vətən müharibəsində tarixi Qələbənin qazanılmasına güclü zəmin yaratdı. Ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında Silahlı Qüvvələrin döyüş qabiliyyətinin, hərbi hazırlıq səviyyəsinin artırılması, maddi-texniki təchizatının gücləndirilməsi Azərbaycanın öz milli maraqlarını, suverenliyini döyüş meydanında təmin etməsini şərtləndirdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi cənab Prezident İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun rəşadəti nəticəsində tarixi Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, xalqımızı dünyada mübariz, döyüşkən və qalib xalq kimi tanıtdı. Uzun illər ərzində davam edən hazırlıq işlərinin, habelə dövlətin qüdrətinin artırılması istiqamətində atılan məqsədyönlü addımların nəticəsi olaraq Vətən müharibəsində əldə olunmuş tarixi Qələbə cənab Prezident İlham Əliyevin siyasətinin şah əsəri oldu. Lakin Azərbaycanın zəfərləri bununla bitmədi. Əgər dörd il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan işğala son qoymuşdusa, keçən il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini yaratmaqla ölkənin ərazi bütövlüyü tam bərpa olundu. Yenə də həmin il entyabrın 19-da isə Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi. Azərbaycan bu tarixi Qələbələrə doğru 2003-cü ildən bəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə gəlib və bundan sonra da xalqımızı irəlidə yeni, daha parlaq zəfərlər gözləyir” – deyə, Novruzəli Aslanov öz fikirlərini tamamlayıb.
 

Seçilən
94
50
sabahinfo.az

10Mənbələr