Elşad Musayev: “Müharibə uzandıqca, Rusiyaya daha çox fəlakətlər gətirir”
Rusiya vətəndaşlarının təxminən yarısı (47 faiz) hesab edir ki, Rusiya qoşunlarının Ukraynaya girməsi xeyirdən çox ziyan gətirib. Bunun Ukraynada tammiqyaslı müharibə başlayandan ən böyük göstərici olduğu bildirilir.
“Levada” mərkəzinin sentyabrda keçirdiyi sosioloji sorğunun nəticələri açıqlanıb. Məlum olub ki, bir il ərzində prezident Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin faydasına inananların sayı 38-dən 28 faizə düşüb. Hərbi əməliyyatların uğurlu getdiyini düşünən rusiyalıların sayı da azalmaqdadır. Fevralda onların sayı 70 faiz idisə, indi 10 faiz azalıb. Sentyabrda respondentlərin 54 faizi sülh danışıqlarının aparılmasına tərəfdar çıxıblar. Bununla belə, Rusiya silahlı qüvvələrinin Ukraynadakı hərəkətlərinə dəstək səviyyəsi davamlı yüksək olaraq qalır – 76 faiz.
Belə məlum olur ki, müharibə uzandıqca, Rusiyada müharibə əleyhdarlarının sayı artır və artıq nə qədər çalışsalar da bunu gizlədə bilmirlər.
“Həm Putinə ictimai dəstək azalıb, həm də müharibə əleyhinə fikirlər və bundan doğan narazılıqlar getdikcə artır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən Böyük Azərbaycan Partiyasının sədri, millət vəkili Elşad Musayev buna bir neçə aspektdən yanaşdı: “Məlum olduğu kimi, Rusiyanın Ukraynaya hücumundan 3 ilə yaxın vaxt keçir. İlk dövrlərdə belə görüntü və gözləntilər var idi ki, Rusiya 3 gün ərzində Kiyevi ələ keçirəcək və Ukrayna təslim olacaq. Nəticədə Ukraynada Rusiyaya yaxın bir hakimiyyət formalaşacaq. Ancaq proseslərin gedişi Rusiyanın gözlədiyi kimi olmadı. Ukrayna dövləti, xalqı, ordusu müqavimət göstərdi və bu müharibə getdikcə uzandı. Digər tərəfdən də Ukraynaya Qərbdən böyük maliyyə və hərbi dəstək gəldi. Nəticədə Rusiya istədiyinə nail ola bilmədi. Əslində bu müharibə nəticəsində Rusiyanın özü də bataqlığa düşdü. Eyni zamanda Ukrayna da. Əvvəl Rusiya əhalisinin böyük əksəriyyəti işğal faktını dəstəkləyirdi. Ancaq zaman keçdikcə Rusiyanın maddi və insan itkiləri artdıqca, müharibəyə münasibət dəyişməyə başladı. Çünki Rusiya ordusu olduqca böyük sayda itkilər verir. Analar övladlarını dəmir tabutda qəbul edəndən və sosial-iqtisadi problemlər artandan sonra tam fərqli mənzərə yaranmaqdadır. Anladılar ki, bu müharibənin Rusiya xalqı üçün heç bir əhəmiyyəti yoxdur. Müharibə uzandıqca, bu, Rusiyaya daha çox fəlakətlər gətirir. Ona görə də, baxmayaraq ki, Rusiyanın dövlətçilik fəlsəfəsi işğalın, imperiya ambisiyalarının üzərində qurulub, xalqı bu istiqamətdə kökləyiblər, artıq bu da öz səmərəsini vermir. Halbuki, təxminən 3 əsrdir xalqı bu istiqamətdə kökləyiblər. Real vəziyyət isə onu göstərir ki, əhalinin vəziyyəti, maddi durumu pisləşib. Bütün bunlar nəticə etibarı ilə cəmiyyətdə narazılıqları artırır. Bu səbəbdən həm Putinə ictimai dəstək azalıb, həm də müharibə əleyhinə fikirlər və bundan doğan narazılıqlar getdikcə artır. Bu səbəbdən baş verənlər keçirilən sosioloji sorğuların timsalında özünü göstərir. Bütün bunlara da təbii yanaşmaq lazımdır”.
Vidadi ORDAHALLI