AZ

Qərbin tikanlı “qızıl gül”ü...

Sabitlik və inkişaf – gürcü seçicini maraqlandıran bax budur

Gürcüstan xalqı ciddi imtahan ərəfəsindədir. Qonşu və dost ölkənin vətəndaşları oktyabrın 26-da seçkilərə gedərək, parlament seçkisinin qalibini müəyyənləşdirəcəklər.

Ancaq hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının şansının yüksək olduğu şəraitdə seçkilərə kənar müdaxilələrin edilməsi də diqqətdən yayınmır.

Okeanın istər o tayından, istərsə də “köhnə qitə”dən seçki prosesinə təsir göstərməyə çalışırlar. Məqsəd də aydındır – Qərb Gürcüstanda maraqlarını təmin edəcək siyasi qüvvənin hakimiyyətə gəlməsini istəyir. Təbii ki, son sözü gürcü xalqı deyəcək. Amma Tbilisidə seçki proseslərinə kobud müdaxilələr və nəticələrin qəbul edilməməsi kimi hallar təkcə Gürcüstana deyil, ümumilikdə, Cənubi Qafqaz regionunda cərəyan edən geosiyasi və geoiqtisadi gedişata da təsir göstərə bilər.

Qonşu respublikada siyasi emosiyalar pik həddindədir. İqtidar və müxalifət partiyaları oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə hazırlaşırlar. Mübarizənin asan olmayacağı artıq hamıya məlumdur. Bəs uğur kimin tərəfində olacaq? Aydındır ki, ölkədə sabitliyi və iqtisadi inkişafı təmin edən hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyasının seçkilərdə yenidən qalib gəlməsi ölkənin strateji maraqlarına cavab verir. Çünki hazırkı iqtidar partiyasının yürütdüyü praqmatik siyasət Gürcüstanın siyasi təlatümlərdən kənarda qalmasına, böyük güclərin toqquşma meydanına çevrilməməsinə şərait yaradır. Buna görə də hakim partiyanın seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilir.

Ancaq müxalifəti və Qərbi bu vəziyyət razı salmır. Ona görə də müxalifət düşərgəsindən səsləndirilən bəyanatlarda qarşıdakı seçkiləri “həlledici” adlandırırlar. İddia olunur ki, bu seçkilərdə vətəndaşlar Avropa ilə, yoxsa Rusiya ilə yaxınlaşmanı seçəcəklər. Seçkilərin statusunu belə kritik vəziyyətə yüksəltməklə müxalifət siyasi qarşıdurmanın dərəcəsini artırır, ona “ölüm-dirim” çaları verməyə cəhd göstərir. Halbuki hazırda Gürcüstan belə ciddi seçim qarşısında dayanmır. İqtidar mənsubları bildirirlər ki, Tbilisi Transatlantik tərəfdaşlığa sadiqdir və geosiyasət vektorunda kəskin çevriliş etməyə zərurət görmür. Lakin müxalifət düşərgəsi hakim partiya üzvlərinin bəyanatlarını qəbul etməyərək, 26 oktyabr seçkilərini “son döyüş”ə çevirməyə can atır.

Əslində, müxalifət düşərgəsinin sərgilədiyi mövqe başadüşüləndir. Qərbpərəst müxalifət iqtidara təzyiqi artırmağa, rəsmi Tbilisinin Transatlantik icmanın geosiyasi sorğularına cavab verməsinə çalışır. Hamıya məlumdur ki, Qərb strateji əhəmiyyətli Cənubi Qafqaz regionundan Rusiyanı çıxarmaq istəyir və bu prosesdə Ermənistan da fəal iştirak edir. Nikol Paşinyanı hakimiyyətə gətirən güclərin harada olduqlarını hamı bilir. Buna görə də qeyri-regional güclər, xüsusilə də Qərb İkinci Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etməyərək, Transatlantik icmanın tələblərinə cavab verən siyasi qüvvələrin Gürcüstanda hakimiyyətə gəlməsini vacib sayır.

Gürcüstan iqtidarı Rusiya-Ukrayna müharibəsi başlanandan sonra tarazlığı saxlamağa çalışır və Tbilisinin anti-Rusiya cəbhəsində yer almasına imkan vermir. Amma iqtidarın balanslı siyasət yürütməsi, böyük qonşusu Rusiya ilə münasibətləri normallaşdırmağa çalışması Qərbdə ciddi narazılıq doğurur. “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının müstəqil siyasət yürütməsi, Qərbin diktəsi ilə hərəkət etməməsi Transatlantik icmanı qıcıqlandırır. İndi Qərb Tbilisidə üzüyola, onun siyasi iradəsini sözsüz yerinə yetirən iqtidarı görmək istəyir. Qərbin belə gözləntiləri fonunda da müxalifət düşərgəsi qarşıdakı seçkilərə ciddi hazırlaşır.

Lakin Qərb anlamaq istəmir ki, Gürcüstanda onun istəkləri artıq avtomatik olaraq müvafiq siyasi komponentə çevrilmir. Əgər on və ya iyirmi il əvvəl Qərbin bəyanatları gürcü seçicisinə birbaşa təsir edə bilirdisə, indi onun müəyyən siyasi təcrübəsi var və onu boş vədlərlə inandırmaq çox çətindir. Yerli politoloqların da dediyi kimi, bu gün Gürcüstan əhalisinin əksəriyyəti marginal siyasi düşüncədən uzaqdır və gürcü seçicisini daha çox sabitlik və sülh maraqlandırır. Radikalizmin cəmiyyətə hansı bəlaların gətirdiyini yerli vətəndaşlar çox gözəl bilirlər. Ancaq bu reallıqla barışmayan Qərb gürcü seçicilərini müxtəlif problemlərlə hədələyir, həm də yerli siyasi, qeyri-hökumət, biznes və akademik elitaları “Avropa faydalarını” müdafiə etmək üçün barrikadalara çağırır. Heç kimə sirr deyil ki, Gürcüstanda QHT və digər təşkilatların böyük əksəriyyəti Qərbin müxtəlif maliyyə institutları və fondları tərəfindən maliyyələşdirilir. Buna görə də, Qərbin Tbilisi sakinlərinin yenidən “Qızıl gül” ətrini duymağa məcbur etməyə çalışması gözləniləndir.

İndi bir çox amerikalı və avropalı siyasətçilər Tbilisidə “rəngli inqilab”ın mümkünlüyünü dilə gətirirlər. Amma ondan sonra Tbilisidə belə destruktiv cəhdlərin uğursuzluqla nəticələndiyi hamıya məlumdur. Rəy sorğuları da iqtidarın əsas müxalifət partiyasını üstələlədiyini göstərir. Qərb qəbul etmək istəmir ki, iqtidarın qələbəsi açıq şəkildə fikir ayrılığının və seçicilərin əksəriyyətinin xarici qüvvələr tərəfindən idarə olunmaq istəməməsinin təsdiqi olacaqdır. Eyni zamanda, Transatlantik icmada düşünürlər ki, hakim partiyanın qələbəsi Qərb institutlarının nüfuzuna və imicinə zərbə vuracaq, onların effektivsizliyini təsdiqləyəcək. Qərbin siyasi dairələri üçün Tbilisinin demokratik inkişafı Vaşinqton və Brüsselin dəyərlərinə tam bağlılıq, eləcə də onların direktiv və göstərişlərinə riayət etməkdir.

Amma gürcü seçici bu gün ciddi suallara müstəqil şəkildə cavab vermək iqtidarındadır: Nəyə görə Gürcüstan Qərbin maraqlarını öz maraqlarından üstün tutmalıdır? Yaxud Qərb modeli yeganə inkişaf modelidirmi? Dünyanın geosiyasi mənzərəsi dəyişir, güc balansı da həmçinin və belə şəraitdə yeganə inkişaf modelindən danışmaq mübahisələrə səbəb olmur. Ancaq dünyada dominantlığını sürdürməkdə israrlı olan Qərb üçün alternativ inkişaf modeli və siyasi kurs qəbuledilməzdir. Ona görə də, təəccüblü deyil ki, Qərb Gürcüstanda iqtidar partiyasının qələbəsini qərbpərəstliyin iflasa uğrayacağı kimi nəzərdən keçirir və bunun qarşısını almaq üçün bütün resurslarını işə salır.

Təbii ki, son sözü gürcü seçicisi deyəcək. Müdrik qonşu və dost xalqın da sabitliyi və inkişafı seçəcəyi şübhə doğurmur. Qızıl gül ətrinin də barrikadalardan yox, mənzildəki güldanlardan gəlməsinə şərait yaradılacaq...

S.ELAY
XQ

phrase_var_article.chosen
116
50
xalqqazeti.az

10phrase_var_article.sources