AZ

Qərbin müstəqil ölkələrə təzyiq cəhdləri…

Dost və qonşu Gürcüstan çətin sınaqdan necə çıxacaq?

Oktyabrın 26-da keçiriləcək parlament seçkilərinə hazırlaşan Gürcüstan cəmiyyətində parçalanma müşahidə edilir. Söhbət parlament seçkiləri ilə bağlı Gürcüstanda siyasi atmosferin hədsiz dərəcədə gərginləşməsindən, iqtidar-müxalifət qarşıdurmasının pik həddə çatmasından, cəmiyyətdə parçalanma meyillərinin güclənməsindən gedir. Əlbəttə, seçkiöncəsi mərhələdə hakim komanda ilə müxalifətdə dayanan partiyalar arasında rəqabətin güclənməsini gözlənilən təbii siyasi proses kimi dəyərləndirmək olardı…

Ancaq seçkiöncəsi mərhələdə Gücüstanda vəziyyəti gərginləşdirən ölkənin daxilindəki təsirlər deyil. Burada pərdəarxası məqamlar da çoxdur. Gürcüstanda Şərq-Qərb savaşı getdiyinin izləri də açıq-aydın müşahidə edilməkdədir. İqtidarla müxalifət arasında fikir ayrılığının getdikcə dərinləşməsi də məhz bu amildən qaynaqlanır. Şərq dedikdə qonşu Rusiya, Qərb dedikdə isə Avropa İttifaqı və ABŞ nəzərdə tutulur. 

Hazırda Gürcüstan Qərbin ciddi təzyiqləri ilə üzləşib. Bu ilin yayında “Xarici təsirin şəffaflığı haqqında” qanun qəbul olunduqdan sonra bu təzyiqlər xeyli güclənib. Qərb o qənaətdən çıxış edir ki, “Xarici təsirin şəffaflığı haqqında” qanun Gürcüstanın siyasi oriyentasiyasını Avropadan Rusiyaya doğru dəyişmək məqsədilə qəbul olunub. Halbuki belə bir izahın əsası yoxdur. Bu, Qərbin növbəti riyakarlığıdır. Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, oxşar qanunlar, həmçinin Fransada, ABŞ-də və digər ölkələrdə də qəbul olunub. Ancaq həmin ölkələrə irad tutulmur, Gürcüstan isə total ittihamlarla üzləşib.

Beləliklə, Qərb dairələri bəhs olunan qanunun qüvvəyə minməsini əngəlləməyə çalışır. Gürcüstan hakimiyyəti isə qanunun işləməsində   israrlıdır. Qərb dairələri, həmçinin Gürcüstan parlamentinin sentyabr ayının 17-də qəbul etdiyi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi”haqqında qanuna münasibətdə də eyni kontekstdən çıxış edirlər. Onlar hesab edirlər ki, bu qanun “mətbuat və ifadə azadlığına ziddir”. Arqumentləri də budur ki, yeni qanunvericilik ölkədə “LGBT+ mövzusunda sərbəst reportaj hazırlamaq imkanlarını məhdudlaşdırır”. Maraqlıdır, Gürcüstanın ərazisində ailə institutunu qorumağa yönəlmiş addımlar atmasından Avropa niyə narahatdır?

Gürcüstan Avropa strukturlarına, o cümlədən Avropa Əməkdaşlıq və Təhlükəsizlik Təşkilatına (ATƏT), yaxud Avropa Şurasına ona görə üzv olmayıb ki, gəlib burada “LGBT+” hərəkatını, yaxud “Radikal feminizm”i stimullaşdırsınlar, ailə institutunu dağıtsınlar. ATƏT-ə, AŞ-yə üzv olmaqda məqsəd ölkənin təhlükəsizliyinə təminat almaqdır, demokratik inkişaf yolunda dəstək qazanmaqdır. 

Qərb dairələri müxtəlif vasitələrlə  Gürcüstanda daxili gərginliyi dərinləşdirməyə çalışır. Qərb blokuna açıq rəğbətini gizlətməyən prezident Salome Zurabişvili hakim komandanı Şərq blokunun, konkret desək, Rusiyanın maraqlarına uyğun siyasət aparmaqda günahlandırır, bununla yanaşı, ayrı-ayrı siyasi qüvvələr də Qərbdən gələn tezislərə uyğun davranırlar.

Qərbin artan təzyiqləri fonunda Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) əməkdaşlarının telefonlarına təhdid mesajları da gəlməyə başlayıb. Bu barədə MSK sədri Giorgi Kalandarişvili məlumat verib. Onun sözlərinə görə, MSK əməkdaşlarına gələn bütün mesajlarda ünvan sahibinin adı var ki, bu da mesajın müəllifinin həmkarlarımızın şəxsi məlumatlarını bildiyini təsdiqləyir. Kalandarişvili vurğulayıb ki, oxşar hallar əvvəllər də baş verib. MSK əməkdaşlarına rüşvət vermək, qorxutmaq və ya başqa tədbirlər görmək istəyiblər.

Qeyd edək ki, Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) adından da vətəndaşlara saxta bildirişlər göndərilir. DİN-in rəsmi səhifəsində deyilir ki, vətəndaşları məlumatlandırmaq üçün nazirlik tərəfindən heç bir mesaj göndərilməyib. DİN vətəndaşları yanılmamağa çağırıb və faktın araşdırılacağını bəyan edib.

Bütün təzyiq və təhdidlərə rəğmən iqtidar seçkilərin demokratik keçiriləcəyinə təminat verir, eləcə də hakim partiya öz qələbəsinə inanır. Gürcüstanın Baş naziri, hakim partiyanın seçki qərargahının rəhbəri İrakli Kobaxidze söyləyib ki, Gürcüstan parlamentinə seçkilər azad, şəffaf, demokratik, rəqabətli olacaq və hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının qələbəsi ilə başa çatacaq. Bununla belə o, müxalifətin təxribatlara hazırlaşdığını deyib.  Baş nazir bildirib ki, oktyabrın 26-na təyin edilən seçkilər ilk dəfə olaraq yalnız proporsional sistem üzrə  və geniş miqyasda elektron texnologiyalardan - səslərin yoxlanılması və hesablanması aparatlarından istifadə etməklə keçiriləcək.

Qərbin Gürcüstana qarşı təzyiqi bununla da bitmir. Gürcüstan Qərbdən gələn siyasi bəyanatlarla yanaşı, həm də praktiki müstəvidə atılan sərt addımlarla, ayrı-ayrı təsisatlarda qəbul olunan qərəzli qətnamələrlə üzləşir.  Belə ki, Gürcüstan hökuməti Avropa İttifaqının (Aİ) 121 milyon avro məbləğində maliyyə yardımından məhrum olacaq. Aİ buna səbəb kimi Gürcüstan hökumətinin “demokratik standartlardan uzaqlaşmasını” göstərir. Aİ-nin Gürcüstandakı nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, Avropa İttifaqı 2022, 2023 və 2024-cü illərdə Gürcüstan hökuməti üçün 121,3 milyon avro məbləğində illik vəsait ayırıb. Lakin bu vəsait 2024-cü ildə dayandırılacaq: “Buna səbəb Gürcüstan hökumətinin demokratik standartlardan uzaqlaşması, xüsusən də vətəndaş cəmiyyətinə qarşı yönəlmiş “Xarici təsirin şəffaflığı haqqında” qanunun qəbulu olub. Gürcüstan təkcə bu yardımı deyil, digər yardımlardan da məhrum edilə bilər”. ABŞ tərəfindən də bu ölkəyə qarşı bir sıra  maliyyə yardımları dayandırılıb. Artıq bu ölkə də Gürcüstana dəstəyini dayandırdığnı bəyan edib.  ABŞ Dövlət katibi Antoni Blinkenin verdiyi məlumata görə,  söhbət Gürcüstan hökumətinə dəstək üçün nəzərdə tutulan 95 milyon dollardan artıq yardım paketinin dayandırılmasından gedir. ABŞ rəsmisi də Gürcüstanda qəbul olunan qanunun Qərb dəyərlərinə zidd olduğunu, ölkənin Aİ və NATO-ya üzvlük standartları ilə bir araya sığmadığını söyləyib. “Gürcüstan hökumətinin hərəkətlərindən sonra mən ABŞ və Gürcüstan arasında ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini elan etdim. Bu araşdırma nəticəsində ABŞ Gürcüstan hökumətini dəstəkləmək üçün 95 milyon dollardan çox yardımı dayandırır”, - deyə A.Blinken vurğulayıb.Qərb düşünür ki, bu yolla Gürcüstandakı seçkilərə təsir göstərə biləcək.

Göründüyü kimi, bir vaxtlar Avropa İttifaqına üzvlüklə şirnikləndirilən rəsmi Tbilisi indi bu prosedurun dayandırılması və sanksiyalar tətbiqi ilə hədələnir. Belə hədələr ABŞ, Avropa İttifaqı rəsmilərinin, AŞPA deputatlarının açıqlamalarında birmənalı şəkildə ifadə olunur.

Bütün bu proseslər Qərbin Cənubi Qafqaz coğrafiyasında mövcudluğunu təmin etmək və geosiyasi üstünlük qazanmaq planlarının tərkib hissəsidir. Bu gün Cənubi Qafqazın üç dövlətindən ikisi - Azərbaycan və Gürcüstan Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının hədəfinə çevrilib. Burada söhbət heç də obyektiv tənqiddən getmir. Rəsmi Bakı və rəsmi Tbilisi apardıqları siyasətdə milli maraqları önə çəkirlər, müstəqillik və suverenlik prinsiplərinə əsaslanmaqla digər mərkəzlərdən gələn diktələri rədd edirlər. Bölgənin əsas aktoru Azərbaycanın qətiyyətli siyasi gedişləri sayəsində bu planlar iflasa uğradılıb. Xüsusilə də 2020-ci ildəki Vətən müharibəsindən və 2023-cü ildəki antiterror tədbirlərindən sonra regiondan qovulan Qərb hazırda  yenidən Gürcüstana fokuslanıb, ölkəni daxildən parçalamaq üçün çirkin kampaniya aparır. 

ABŞ-ı, Qərbin apardığı siyasət təkcə Gürcüstana aid deyil, bəzi coğrafiyaları da əhatə edir. Onlar bu yolla Cənubi Qafqazda mövqe tutmaq istəyirlər. Buna görə də bir sıra dövlətlərdən istifadə etməyə cəhd göstərirlər. Artıq Ermənistanı öz təsirləri altına salıblar. Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur, o, diktə altında işləyir.  Başqalarına heç nə verməmək, yalnız onlardan nə isə qoparmaq, tez-tez başqa dövlətlərin himayəsi altına keçmək bu ölkə və erməni toplumu üçün xarakterik bir haldır. Ermənistan bir vaxtlar Rusiyanın açıq-aşkar forpostu qismində çıxış edirdisə hazırda oriyentasiyasını Qərbə doğru dəyişib. ABŞ, Aİ hazırda Ermənistandan Rusiya və digər qonşu dövlətlər barəsində kəşfiyyat məlumatları toplamaq, həmçinin gələcəkdə daha geniş planlarını reallaşdırmaq üçün platforma kimi istifadə edir. Yəni, Cənubi Qafqazın milli dövlətlərinin fərqli mövqelərdən çıxış etmələri müqabilində Qərb Ermənistana adekvat münasibət sərgiləyir, onun “xidmətlərinin” müqabilində böyük həcmlərdə qrantlarla, hərbi və siyasi  dəstəklə  mükafatlandırılır, Azərbaycan və Gürcüstan isə açıq təzyiqlərə məruz qalır. Öz ərazisini region dövlətlərinə qarşı çirkin ssenarilərin reallaşdırılması üçün platforma kimi istifadə olunmasına razılıq verən Ermənistanın başına sığal çəkilməsi, əzizlənməsi, milli maraqlardan çıxış edən Azərbaycan və Gürcüstanın isə təhdidlərə məruz qalması Qərbin riyakarlığının açıq-aydın təzahürüdür.  

Bu gün Cənubi Qafqazın taleyi Azərbaycan və Gürcüstandan asılıdır. Hər iki ölkənin bir-birinin ərazi və suverenliyini dəstəkləməsi, bölgədə əməkdaşlığın, inkişafın, tərəqqinin tərəfdarı olmaları regiona da təhlükəsizlik vəd edir. Azərbaycan dövləti hazırkı Gürcüstan hakimiyyəti ilə uğurlu əməkdaşlığa malikdir. 

Prezident İlham Əliyevlə Gürcüstanın Baş naziri İrakli Kobaxidze arasındakı etimada əsaslanan dostluq münasibətləri, şəxsi təmaslar, qarşılıqlı səfərlər, görüşlər, həm də iki ölkə arasında münasibətlərin inkişafına da birbaşa təsir göstərir. 

Bu ilin martında Bakıda Prezident İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin mətbuata bəyanatları çıxışı zamanı dövlətimizin başçısı xüsusi vurğuladı ki, Gürcüstan və Azərbaycan iki müstəqil dövlət kimi daim bir-birinin yanındadır, bizim dostluğumuz, qardaşlığımız dərin tarixi köklərə əsaslanır: "Bu gün hər iki ölkə birgə səylərlə nəinki öz iqtisadi inkişafını təmin edir, eyni zamanda bölgə üçün və böyük mənada Avrasiya üçün də önəmli ölkələrə çevrilib. Birgə həyata keçirdiyimiz infrastruktur layihələri - nəqliyyat, enerji layihələri bir çox ölkələr üçün böyük əhəmiyyət kəsb edir və bundan sonra da bu istiqamətdə əlavə addımlar atılacaq". 

Qərb birdəfəlik dərk etməlidir ki, təhdid və təxribatları dost ölkələrin milli maraqlardan çıxış edən hökumətini tutduğu suverenlik yolundan geri döndərmək iqtidarında deyil. 

Yaqut Ağaşahqızı, “İki sahil”

phrase_var_article.chosen
127
50
ikisahil.az

10phrase_var_article.sources