AZ

Gürcüstanda sabitliyin təmin edilməsi Azərbaycanın da maraqlarına uyğundurRƏY

Gürcüstanda

Bakı, 18 oktyabr, AZƏRTAC

Gürcüstan idarəetmə formasına görə unitar parlament respublikasıdır. İcra hakimiyyəti komandası qanunverici orqan tərəfindən formalaşdırılır, hökumət parlament qarşısında cavabdehlik daşıyır. Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri zamanı Gürcüstan xalqı həm qanunverici orqanın tərkibini, həm də gələcək hökuməti müəyyənləşdirmiş olacaq. Bu baxımdan qonşu ölkədə bir həftə sonra baş tutacaq seçkilər həm yerli, həm də beynəlxalq ictimaiyyət tərəfindən xüsusi həssaslıqla izlənilir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Mətbuat Şurasının İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, 26 oktyabr seçkiləri Cənubi Qafqaz regionu üzərində geopolitik maraqların toqquşduğu, bu maraqlar uğrunda savaşın açıq müstəviyə keçdiyi bir dövrə təsadüf edir. Böyük güc mərkəzləri Cənubi Qafqazda mövcud olan status-kvonu pozmaq, qüvvələr balansını öz xeyirlərinə dəyişmək, yekunda region üzərində hegemonluqlarını təmin etmək üçün açıq savaş aparırlar. Bu kontekstdə yanaşsaq, Gürcüstandakı parlament seçkiləri ikiqat artıq diqqət cəlb edir.

“Kollektiv Qərb Gürcüstanda keçiriləcək parlament seçkilərində gürcü xalqının iradəsinin deyil, özlərinin himayələrində olan siyasi fiqurların qalib gəlməsini istəyir. Yeni parlamenti və hökuməti öz istəklərinə uyğunlaşdırmaqla, gələcək planlarını bu platformalar üzərindən gerçəkləşdirməyə cəhd göstərirlər. Buna görə də xarici güc mərkəzləri niyyətlərinə çatmaq üçün fərqli mexanizmlərdən istifadə edirlər. Məsələn, Qərb dövlətlərinin ərazisində məskunlaşmış beynəlxalq statuslu hüquq müdafiə təşkilatlarının Gürcüstana yönəlik bəyanatları son aylar ərzində intensivləşib. “Amnesty International”, “Freedon House”, “Human Rights Watch” kimi təşkilatlar demək olar ki, hər gün Gürcüstana qarşı qondarma əsaslarla bəyanatlar verirlər, qonşu ölkəni guya “insan haqlarını”, “ifadə azadlığını”, “siyasi hüquqları” pozmaqda ittiham edirlər. Onların səsləndirdikləri bəyanatlar əsassızdır, təzyiq mahiyyəti daşıyır. Sirr deyil ki, bu təşkilatlar “müstəqil” deyillər. Onların Gürcüstana qarşı münasibəti ABŞ Dövlət Departamentinin, Avropa İttifaqı Şurasının siyasi qərarları ilə sinxronluq təşkil edir. Bu təşkilatlar ABŞ və Avropa siyasi çevrələrinin qərarlarının icraçısına çevriliblər. İndiki halda Gürcüstanı hədəf seçmələrinin səbəbi ölkədə keçiriləcək parlament seçkiləri ilə bağlıdır. Bu səbəbdən də Qərbin boyunduruğunda sürünən siyasi qrupların bu seçkilərdə qələbəsini təşkil etmək üçün ictimai rəy çaşdırılır”, - deyə ekspert əlavə edib.

M.Ələsgərlinin sözlərinə görə, Qərb təşkilatları “İnsan haqları”, “söz və ifadə azadlığı”, “siyasi hüquqlar” mövzusunu öz məqsədləri naminə manipulyasiya edirlər. ABŞ və Avropa İttifaqı bu qondarma bəyanatlara əsaslanıb Gürcüstana sanksiyalar tətbiq edir. ABŞ 2024-cü ildə rəsmi Tbilisiyə yardım məqsədilə nəzərdə tutulmuş 95 milyon dollarlıq paketi ləğv edib. Avropa İttifaqı da eyni cür davranaraq, cari ildə Gürcüstan silahlı qüvvələrinə dəstək üçün Avropa Sülh Fondundan ayırdığı vəsaiti dondurub. Bu yolla Gürcüstan dövlətini və xalqını çıxılmaz duruma salmaq, öz diktələrini qəbul etdirmək istəyirlər. Gürcüstanda öz maraqlarına çatmaq istəyən xarici güc mərkəzlərinin son anda ictimai sabitliyi pozan elementlərdən də faydalanacaqları istisna edilmir.

“Ölkələrimiz tarixi, mədəni və mənəvi bağlarla yanaşı, həm də effektiv iqtisadi layihələrə görə yaxındırlar. Bu dövlətlərdən hər hansı birinə qarşı yönəlmiş xarici təhdidlər paralel olaraq, digərinə də təsir göstərmiş olur. Azərbaycan dost və qonşu, həmçinin iqtisadi layihələr üzrə partnyor dövlət olaraq, Gürcüstanda sabitliyin, sülhün təmin edilib saxlanılmasında maraqlıdır”, - deyə media eksperti vurğulayıb.

 

Seçilən
37
50
azertag.az

10Mənbələr