"Gələn il Araz Su Elektrik Stansiyasının (SES) 55 illiyi xidmət tərəfindən geniş şəkildə qeyd olunacaq. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"na görə Araz SES yenidən qurulacaq".
Bu fikirləri seher.media-a açıqlamasında Araz SES-in direktoru Şəmil Əmirov deyib.
Direktor qeyd edib ki, Araz SES 1970-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib:
"Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. Araz SES Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Elektrik enerjisinin təminatını o illərdə yalnız Araz Su Elektrik Stansiyası təmin edirdi. Yarım əsrdən çoxdur ki, bu stansiya fəaliyyət göstərir və hazırkı dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır.
Hazırda Araz SES-in yenidənqurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub. Yaxın gələcəkdə bu stansiya yenidən qurulacaq".
Məhərrəm Əliyev