“Araz” Su Elektrik Stansiyasının (SES) yenidən qurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub.
Sfera.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini Tural Murtuzəliyev söyləyib.
O bildirib ki, “Araz” SES 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə tikilib istismara verilib:
"Stansiyanın ümumi generasiya gücü 22 meqavatdır. Araz dəryaçasının nominal su tutumu 1 milyard 250 milyon kubmetrdir, xüsusi hallarda qısa müddətdə 1 milyard 320 milyon kubmetrə qədər su yığıla bilər. “Araz” SES Naxçıvanın enerji qıtlığı baxımından çətinlik çəkdiyi dövrlərdə elektrik enerjisi ilə təminatında mühüm rol oynayıb. Elektrik enerjisinin təminatını o illərdə yalnız Araz Su Elektrik Stansiyası təmin edirdi. Yarım əsrdən çoxdur ki, bu stansiya fəaliyyət göstərir və hazırkı dövrdə də Naxçıvanın elektrik enerjisi ilə təminatında mühüm rol oynayır. Gələn il “Araz” SES 55 illiyi Energetika Xidməti tərəfindən geniş şəkildə qeyd olunacaq. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”na görə Araz SES yenidən qurulacaq. Hazırda Araz SES-in yenidən qurulmasının layihələndirilməsi üçün müvafiq tender elan olunub. Yaxın gələcəkdə stansiya yenidən qurulacaq".