AZ

Ən vacib geyim aksesuarı!

Dar da olmaz, gen də...

Ayaqqabılar, şübhəsiz ki, gündəlik həyatımızda ən çox ehtiyac duyduğumuz geyim aksesuarlarından biridir. Yalnız üzərimizdəki geyimlərə uyğunlaşdırılan aksesuar yox, eyni zamanda gündəlik həyatda rahatlığımızı təmin edən əsas vasitədir. Məlumdur ki, ayaqqabının ölçüsünün düz olmaması, müəyyən problemlər yaratması tez-tez rast gəldiyimiz hadisələrdəndir. Yeni ayaqqabının ayağı sıxmağı, incitməyi, yeriyərkən yaratdığı çətinliklər çox insanın üzləşdiyi problemdir. Bu vəziyyət həm sevə-sevə aldığımız ayaqqabını geyinməyimizə əngəl olur, həm də ayağımızda ciddi problemlərin yaranması ilə nəticələnir.

Çox dar və ya böyük ayaqqabı geyinmək ayaq sağlamlığı üçün zərərlidir. Aldığımız ayaqqabılar ayaq üçün çox kiçik və ya dardırsa, bu problemi aradan qaldırmaq üçün bir neçə üsullar var. Hansı ki, bu üsullar ayaqlarımız üçün çox dar olan ayaqqabıları genişləndirir.

Buzluqda 2 gün saxlamaq...

Dar ayaqqabıları buzluqda saxlamaq onların genişlənməsinə kömək edir. Ayaqqabının burun dibinə nəm dəsmal qoyulur. Daha sonra ayaqqabıları torbaya qoyub iki gün buzluqda saxlamaq lazımdır. Dəsmal donduqda ayaqqabının içərisinə təzyiq edir və genişlənməsinə kömək edir.

Su ilə islatma qaydası

Bu üsul ayaqqabının materialından asılı olaraq fərqli təsir göstərə bilər. Əsasən pambıq və ya dəri ayaqqabılar üçün uyğundur. Ayaqqabıların içini nəmləndirmək, sonra qalın corablar geyinərək ayaqqabıları geyinmək lazımdır. Beləliklə, ayaqları bir neçə saat ayaqqabıda saxlamaq lazım gələcək. Bu, ayaqqabının genişlənməsinə kömək edə bilər. Lakin sintetik materiallardan hazırlanmış ayaqqabılarda bu üsulu sınamaq olmaz, çünki bu materiallar suyu udmur.

Hava feni ilə qızdırmaq

Bəzi ayaqqabılar istiliyə həssas materiallardan hazırlana bilər. Bu vəziyyətdə ayaqqabının daralmış hissəsini istilik tətbiq edərək genişləndirmək olar. Məsələn, saç qurutma feni və ya buxarlandırıcıdan istifadə edərək ayaqqabını qızdırmaq, sonra ayaqqabıları geyinmək və ayaqları orada saxlamaq lazımdır. İstilik ayaqqabının materialının uzanmasına və genişlənməsinə kömək edir.

Dırnaq batması, göbələk, varikoz...

Balaca, dar olan ayaqqabılar bəzi ayaq deformasiyalarına səbəb olur. Düzgün ayaqqabı almaq yalnız şəxsi üslub məsələsi deyil, həm də həyati bir amildir. Dar ayaqqabıların qısa və uzunmüddətli mənfi nəticələri var ki, bu da insanın fəaliyyətinə təsir edir.

Məsələn, dırnaqların batması və göbələk infeksiyaları çox sıx ayaqqabı geyinənlərin üzləşdiyi problemlərdən biridir. Bundan əlavə, daimi təzyiq dırnaq yatağının barmağın dərisindən qalxmasına səbəb ola bilər.

Dar ayaqqabılara ayaqların daim nəmli və tərli sahələri, xüsusilə barmaqların həddindən artıq yaxınlığı qızartı yaradır, çatlaqlara səbəb olur. Belə bir şərait, həmçinin ayaqlarda qan dövranının daimi pozulması və şişməsinə, nəticədə varikoz damarlarına şərait yaradır.

7 min illik tarixi var

Ayaqqabıların yaranma tarixi çox qədim zamanlara dayanır. Keçmişdə indiki zamandan fərqli olaraq ayaqqabının ayağı isti saxlaması və rahat olması kifayət idi. Əslində, ayaqqabının 7 min illik tarixi var. İnsanlar ən erkən inkişaf mərhələsində ayaqqabıya oxşar əşyalardan istifadə edib. Paleolit dövründə ayaqqabı əvəzinə ayağa xam dəri, yaxud gön dolayıblar. Dağlıq Altayda təqribən e.ə. 5-ci əsrdə dəri və keçədən hazırlanmış ayaqqabı geyinirmişlər. Ayaqqabının növləri təbii coğrafi şəraitdən, insanların təsərrüfat məşğuliyyətlərindən asılı olaraq illər keçdikcə dəyişib.

Yeganə BAYRAMOVA

Seçilən
61
32
yeniazerbaycan.com

10Mənbələr