Bayden "əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoymaq" deyir. O zaman haqlı sual ortaya çıxır, münaqişəyə son qoyulursa bəs onun həlli məqsədilə yaradılan siyasi təsisata da niyə son qoymursunuz?
Məktubda növbəti açar "Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülh" sözüdür".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq
Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Elə bu günə qədər də ermənilərin Qarabağa ləyaqətli geri dönməsindən danışırsınız, bəs Qərbi Azərbaycan icmasının dönüşü?
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü artıq təmin edilib. Özü də milli iradəmizə, beynəlxalq hüquqa əsasən. O ki qaldı "sülh bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstəcək" fikrinə, Azərbaycan da buna çalışır ki, nəqliyyat və kommunikasiyaların açılması ilə region iqtisadi layihələrlə canlansın. Belə olacağı təqdirdə isə hər bir aktor ortaq iqtisadi kapitala zərər dəyməsindən çəkinəcək.
Bayden COP29 ilə bağlı məsələni vurğulamaqla dünyanın diqqətinin həm də ABŞ-dakı seçkilərdə olacağı mesajını da verir. Ötən seçkilərdən əvvəl və sonra, eynilə bu seçki öncəsi və sonrası seçkinin sakit, qeyri-sağlam mühitdən, təxribat və istənilən daha dərin proseslərdən uzaq keçməsi üçün burda öz partiyası, bütövlükdə ABŞ üçün Bakıdan dəstək də gözləyir desək, nəinki yanılmarıq, həm də gələcək, konstruktiv ola biləcək münasibət baxımından düzgün saymalıyıq. Deməli, hər bir halda ABŞ regionda Azərbaycanın dominantlığını qəbul və buna hörmət edir. Buna görə də cənab Prezident İlham Əliyevin misilsiz imkana malik olmasını xüsusilə vurğulayır. Azərbaycan fərqli olaraq impulsiv, situativ siyasət yürütmür. Bu baxımdan bizə qısa müddətdə cəsarətli təşəbbüslər deyil, uzun vədədə dayanıqlı məsələlər vacibdir. Odur ki, Konstitusiya dəyişikliyi olmadan, bu məsələ belə tez bir zamanın işi olmadığından sülh sazişinin imzalanması üçün Baydenin istədiyi kimi ən optimist variantda COP29-a qədər, ən pessimist halda isə yanvara qədər zaman periodu müəyyənləşdirməsinə baxmayaraq bir sözlə, belə tez-tələsik olmayacağını demək elə də çətin proqnoz deyil. Bayden də bunu bilir, biz də bilirik, hər bir tərəf "knowledgeable family"dir. Yəni, Baydenin sülh sazişi öncəsi hansısa paraflanmış sənəd imzalanmasını istəməklə Kamala Harrisin əlini gücləndirmək istəməsinin fərqindəyik. ABŞ yenə də dayanıqlı sülhü deyil, region xalqlarını deyil, öz maraqlarını prioritetləşdirir.
Bütövlükdə isə məktubda bir təlaş, tələskənlik ruhu olduğu dərhal sezilir. Düşünürəm ki, bunun səbəbi Baydenin Demokratlar partiyasına xal qazandırmağa çalışmasıdır ki, Cənubi Qafqaz kimi mürəkkəb kombinasiyalarla dolu bir regiona sülhün məhz təmsilçisi olduğu siyasi blokun idarəçiliyi dönəmdə gəldiyinin qazanılmağa çalışılmasıdır. Baydenin məktubundan gördüyüm tək şey odur ki, Demokratlar özünün məktubda yazdığı kimi cəsarətli, bizim başa düşdüyümüz kimi isə cəlbedici "success history"ə yaman ehtiyac duyurlar. Ona görə də Bayden dəstəkdə sadiqliyini sübut etməyə çalışır.
Regiona dair yeni kurs ifadəsi isə bəlli məsələdir ki, sadəcə Ermənistan-Azərbaycan deyil, Rusiya baxımından da işlədilir ki, ABŞ məhz bu regionda da Rusiyanı sıxışdırmağa davam edəcək. Ermənistanın sürətlə militarlaşdırılması, vaxtilə Ukrayna üçün də bu yolun cızılması ondan xəbər verir ki, onun NATO-ya keçməməsi, keçməyəcəyi ilə bağlı təminat verilsin. Rusiya da bu təminatı Ukrayna ilə bağlı vaxtında çox istədi. Hər halda heç bir tərəfdən və şəxsdən deyil, məhz rəsmi Bakıdan yüksək statuslu dövlət rəsmisinin xarici mediaya verdiyi müsahibədən bunu anlamaq olur. Digər dövlət rəsmisinin fikir səsləndirməsi ki, "Azərbaycan sülh sazişini Nikol Paşinyanla deyil, Ermənistanla imzalamaq istəyir" qabaqlaması da məktub öncəsi çox əla gediş idi. Hər bir halda, həqiqətən, cənab Prezident İlham Əliyevin möhtəşəm diplomatiyası bütün zaman və məkanlarda öz sözünü deyir. Erməni lobbisi Demokratlar partiyası ilə daha yaxın əlaqələrə malik olduğundan tərəzinin ağır gözünə Ermənistan qoyulmaqla regionumuza fokusu daha da artırır. Digər tərəfdə Bayden Nikol Paşinyana ünvanladığı mesajda məlum məsələlərlə bağlı Ermənistana təminat verirsə, Azərbaycan da əmindir ki, yarımçıq sülh heç bir yaranı sağaldan deyil, əksinə onu daha da iltihablaşdıracaq. Paşinyana ünvanlanan mesajdan danışmışkən bir məsələni də vurğulamadan keçməyək ki, Baydenin Paşinyana vətənpərvərliyi siyasətdən üstün tutaraq tərif yağdırması erməni cəmiyyətini Paşinyanı daha möhkəm dəstəkləməyə çağırışdır. Yəni, Gürcüstandakı seçkini də nəzərə alaraq Qərbin regionda aşağıdan, guya xalqdan dəstək almasına çalışması. Psevdo vətənpərvərlik, ermənilik, məlum miflərdən istifadə davam edir. Odur ki, elə gec olmadan ABŞ gözə kül üfürməkdənsə, təşrif buyurmuşkən Maykl Karpenter Nikol Paşinyanın qulağına reallıqları pıçıldamalıdır".
Zeynəb Rzayeva