AZ

COP29 daşınmaz əmlak bazarına necə təsir edəcək? - Sədrdən açıqlama

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında Tərəflərin Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi ölkəmizin daşınmaz əmlak bazarına müsbət təsir edəcək.

Bunu Trend-ə açıqlamasında Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının prezidenti, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

O bildirib ki, COP29 ölkəmizin investisiya cəlbediciliyini artıracaq və əmlak bazarında aktivlik müşahidə olunacaq: "Tədbir ərəfəsində Azərbaycana çox sayda qonağın gəlməsi ölkəyə investisiya axınının artmasına səbəb ola bilər. Gələn qonaqlar ölkədə baş verən inkişafın şahidi ola biləcəklər. Bu isə beynəlxalq arenada müsbət imicimizin daha da möhkəmlənməsi deməkdir. Onlar Bakıdan geri dönərkən öz ölkələrində xoş təəssüratlarını bölüşəcəklər. Ola bilsin ki, onların Bakı barədə informasiya verdiyi şəxslər sonradan buradan əmlak almaq, ölkəmizin turizm imkanlarından istifadə etmək istəsinlər. Odur ki, COP29 ölkəmizin dünyada daha da tanınması baxımından olduqca böyük hadisədir”.

V.Oruc vurğulayıb ki, COP29 tədbirinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsindən sonra Bakıda keçirilməsi də mühüm əhəmiyyət kəsb edir: “Bu tədbir işğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası və bütövlükdə ölkədə iqtisadi inkişafın irəlilələməsi dövrünə təsadüf edir. Bunun da çox böyük əhəmiyyəti var. COP29 ilk beynəlxalq tədbirdir ki, Azərbaycan öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam təmin etmiş şəkildə bu tədbirə ev sahibliyi edəcək. Dünya dövlətləri Azərbaycanın qlobal həssas mövzulara olduqca diqqətlə yanaşdığını və çox böyük önəm verdiyini bir daha görəcək. Qonaqlar yaşıl iqtisadiyyat prinsiplərinin ölkəmizdə təmin olunması istiqamətində konkret nümunələrlə tanış olacaqlar. Bu istiqamətdə COP29-un təşkilatçısı olaraq Azərbaycan rəhbərliyi həm görülən işləri, həm də nəzərdə tutulan fəaliyyət proqramlarını ifadə edəcək".

"Azərbaycan dünya əhəmiyyətli dövlətə çevrilir. COP29 beynəlxalq arenada mövqelərimizin daha da möhkəmlənməsinə müsbət təsir edəcək, Azərbaycanın ərazi bütövlüyünü təmin edəndən sonra necə sürətlə inkişafa qədəm qoyması bütün dünyada bilinəcək. Azərbaycanın ümumdünya problemlərinin həllində aktiv yer almasına bütün qonaqlar şahid olacaqlar. Dünya dövlətləri bunu təqdir edəcəklər. Çünki mövcud imkanlarla Azərbaycanın bu problemlərin həllində, beynəlxalq tədbirlərə ev sahibliyi etməkdə aktiv mövqe ortaya qoyması onu göstərir ki, ölkəmiz artıq nəinki regionda, o cümlədən dünyada çox vacib əhəmiyyəti olan dövlətlərdən birinə çevrilir. Bu isə Prezident İlham Əliyevin apardığı institusional və çoxşaxəli islahatların, uğurlu beynəlxalq siyasətin, strateji maraqlarımıza uyğun şəkildə düşünülmüş və müdrikcəsinə həyata keçirilən diplomatiyanın, bir sözlə ortaya qoyduğu prinsipial siyasi iradənin nəticəsidir”, - deyə V. Oruc qeyd edib.

Seçilən
38
34
valyuta.az

10Mənbələr