AZ

COP29-un Bakıda keçirilməsi Azərbaycana olan böyük hörmətin sübutudur

Azərbaycan artan iqtisadiyyat, sosial inkişaf və innovasiyalar daxil olmaqla sosial-iqtisadi inkişafa baxışı müəyyən edərkən, ekoloji dayanıqlığa və “yaşıl artım”a diqqət prioritetlərdən biri kimi qəbul edilir.Bu gün Azərbaycan rəqabətədavamlı iqtisadiyyatı, sosial ədaləti və innovasiyaları əhatə edən, milli maraqlara xidmət edən yeni strategiya formalaşdırmışdır. Bu prioritetlər arasında təmiz ətraf mühitə nail olmaq və “yaşıl inkişafın” təşviq edilməsi diqqət mərkəzindədir. Milli ekoloji siyasətlərin ən yaxşı beynəlxalq təcrübələrlə uzlaşdırılması bu işdə mühüm əhəmiyyət kəsb edir. COP29 tədbirinin mövzusu ekoloji məsələlər olsa da o, imkanlarının geniş olması və aktuallığı baxımından həm də siyasi və iqtisadi təsirlər yaradır. Bu öhdəlik Azərbaycanın dövlət strategiyasına da uyğundur.

200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir.

Bu gün dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29 Azərbaycan üçün bütün sahələrdə bir sıra dividendlər qazandıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə öz töhfəsini verəcək, Bakının növbəti dəfə beynəlxalq tədbirlərə ev sahibliyinin öhdəsindən layiqincə gəldiyini bütün dünyaya nümayiş etdirəcəkdir.

Şimal, Cənub, Qərb və Şərq məhz Azərbaycanın qovuşduğu bir məkandır. Burada enerji, mədəniyyət, o cümlədən daşımalar müxtəlif beynəlxalq iştirakçılar arasında baş tutur. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyada enerji və daşımalar yollarını dəyişib. Beləliklə, biz məhsuldar çoxtərəfli əməkdaşlıq formatı qurmuşuq.

Belə böyük beynəlxalq miqyaslı tədirin ölkəmizdə keçirilməsi ilk növbədə Azərbaycanın sabit, təhlükəsiz ölkə olduğunu göstəricisidir. Tədbirə çoxlu sayda dövlət və hökumət nümayəndələrinin qatılması regional və beynəlxalq əhəmiyyətli, eləcə də ikitərəfli siyasi məsələlərin müzakirəsi imkanlarını da yaradacaq. Eyni zamanda, COP29 Azərbaycanın xarici investisiyalar üçün cəlbedici ölkə olduğunu göstərir. Bu platformada ölkəmizlə bağlı ətraflı informasiyanı çatdırmaq imkanı olacaq. Azərbaycan yaşıl iqtisadiyyata keçidlə bağlı son 20 ildə görülən işləri təqdim etməklə yaşıl iqtisadiyyata keçid prosesində dəstək qazanacaq, daha yeni texnologiyaların ölkəmizə gətirilməsinə şərait yaranacaq. Bu beynəlxalq konfransın Azərbaycanın müxtəlif sahələrinə birbaşa və dolayı təsirlərini qarşıdakı illərdə görəcəyik.

Azərbaycan COP29-a ev sahibliyi edən ölkə kimi seçildikdən sonra biz hədəfə çevrildik və bu, qarayaxma kampaniyası idi. Özünü müstəqil QHT adlandıranların və bəzi siyasətçilərin ölkəmiz haqqında daha çox dezinformasiyanın yayılması üçün sanki bir-biri ilə yarışa giriblər. Ölkəmizdə 250-dən artıq günəşli günün olmasına baxmayaraq, onlar bizi daha çox neft ölkəsi adlandırırdılar

Hesab edirəm ki, COP29, həmçinin Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına böyük təkan verəcəkdir. Son illərdə ölkəmizə qarşı aparılan sistemli və planlı qarayaxma kampaniyalarının qarşısının alınması istiqamətində vacib rol oynayacaq. Azərbaycan hazırda neft-qaz ölkəsi kimi tanınsa da, xarici dövlətlərin başçılarının, şirkət rəhbərlərinin iştirak etdiyi tədbir əyani şəkildə göstərir ki, ölkəmizdə yaşıl enerji ilə bağlı görülən işlər, yaşıl enerji növlərinin yaradılması və dünya bazarlarına nəqli də hazırda bizim üçün prioritet məsələlərdən biridir. 

Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir: COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir.

Əminə Ağazadə
Milli Məclisin deputatı

Seçilən
68
34
sabahinfo.az

10Mənbələr