AZ

“Qərbin COP29-öncəsi fəallaşması təsadüfi deyil” — Fərid Şahbazlı

Otuzillik işğal dövründə Ermənistanın insanlıq əleyhinə bəşəri cinayətlərinə və işğal faktına göz yuman bəzi Qərb dairələrinin COP29-öncəsi fəallaşması səbəbsiz deyil və beynəlxalq miqyasda Azərbaycanın uğurlarına kölgə salmaq niyyətindən qaynaqlanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi, “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı söyləyib.

Qərbin birqütblü dünya qurmaq niyyətindən bəhs edən siyasi şərhçi qeyd edib ki, müstəqil siyasət yürüdən ölkələrə qarşı hücumlar məhz bu səbəbdən qaynaqlanır. Ermənistan Azərbaycanın 20 faiz torpağını 30 il işğal altında saxlayıb, bir milyondan artıq vətəndaşımızı doğma yurd-yuvasından didərgin salıb. Eyni zamanda, Azərbaycanın ərazilərini xarabalığa çevirib, ekoloji və mina terroruna məruz qoyub. Xocalıda və digər şəhərlərimizdə soyqırımı hücumu həyata keçirib. Bu müddətdə Ermənistanın işğalçı və terrorçu mövqeyinə qarşı heç bir real addım atmayan Qərb dairələri tarixi Zəfərdən sonra Ermənistandan dəymiş zərərə görə kompensasiya tələb etmək əvəzinə, ölkəmizə qarşı hücumlara start veriblər. Heç şübhəsiz ki, onların sülh çağırışları da səmimi deyil. Aydın şəkildə başa düşürlər ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və onun iştirakı olmadan regionda heç bir layihə işlək olmayacaq. Bütün bunların fonunda Azərbaycanın müstəqil siyasət yürütməsi Qərbin maraqlarına cavab vermir. Ölkəmiz isə məhz milli maraqlara söykənən müstəqil xarici siyasət kursunun, eləcə də ölkə daxilində həyata keçirilən çoxvektorlu islahatlar sayəsində bu mövqeyə yüksəlib.

Onun sözlərinə görə, dünya birliyinin Qərbdən iqlim dəyişiklikləri ilə bağlı maliyyə öhdəlikləri gözlədiyi bir zamanda Azərbaycana qarşı qarayaxmalar təsadüfi deyil: “Onlar ekoloji problemlərin və iqlim dəyişikliklərinin həlli üçün vəsait ayırmaq istəmirlər və bundan yayınmaq üçün COP tədbirinə ev sahibliyi edəcək ölkəyə qarşı böhtan və şantaj kampaniyasına başlayıblar. COP29 tədbiri yüksək səviyyədə baş tutacaq və ölkəmizin ev sahibliyi edəcəyi mühüm beynəlxalq tədbir iqlim dəyişikliklərinin həllinə öz mühüm töhfəsini verəcək. Bu cür təzyiqlər isə hər dəfə olduğu kimi, bu dəfə də nəticəsiz qalacaq”, – deyə Fərid Şahbazlı fikrini tamamlayıb.

Seçilən
0
3
yenicag.az

4Mənbələr