AZ

Qarabağdakı qələbəmiz Avropada çoxlarını şoka saldı - Diaspor sədri

Macarıstanda fəaliyyət göstərən “Qardaşlıq” Macar-Azəri Birgə Cəmiyyətinin sədri David Əmirov Modern.az-a müsahibəsində təşkilatın gördüyü işlər, qarşıdakı hədəflər barədə danışıb.

- David bəy, “Qardaşlıq” Cəmiyyətinin Macarıstandakı əsas məqsədi nədir?

- Cəmiyyətimiz 2011-ci ildə atam Ramiz Əmirlinin təşəbbüsü ilə macar dostları Szarvas Attila və Boross Gaborla birlikdə yaradılıb. Onu da deyim ki, dr.Szarvas Attila Macarıstan dövlət qurumlarında yüksək vəzifələrdə çalışıb, həm də tanınmış vəkildir. Boross Gaboru isə Macarıstanda tanımayan yoxdur. Atası uzun illər Macarıstanın Daxili işlər naziri və Baş naziri olub.

Cəmiyyətimizin məqsədi iki dost və qardaş ölkə olan Macarıstanla Azərbaycan arasında münsibətlərin qurulması və inkişafına töhfə verməkdir. Atamın söhbətindən bilirəm ki, 1994-cü ilin dekabrında Budapeşt şəhərində Dünya Ölkələrinin Zirvə görüşü zamanı Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevlə dəfələrlə görüşüb və iki ölkə arasında münasibətlərin qurulmasına dair fikir mübadiləsi aparıblar. Məhz həmin görüşdən sonra Heydər Əliyevin tövsiyəsi əsasında o zaman Azərbaycanda yaranmış ağır vəziyyəti nəzərə alaraq Macarıstandan Bakıya barter üsulu ilə 577 min dollar dəyərində ərzaq məhsulları göndərilib. Heydər Əliyevin göstərişini nəzərə alaraq, ATƏT-in yeni seçilmış sədri və Macarıstanın xarici işlər naziri Kovacs Lasclonun Azərbaycana səfərini də atam və dostları təşkil ediblər. İlk ticari əlaqə də “Qardaşlıq” Cəmiyyətinin adı ilə bağlıdır. Macarıstanda “Panorama” verlişinin aparıcıları atamın və dostlarının təşəbbüsü ilə Azərbaycana səfər etmiş və o zaman Qarabağ münaqişəsi barədə çəkilişlər edib macar mediasında işıqlandırmışdılar.


- Diaspor sədri olaraq Macarıstanda Azərbaycanın münasibətlərini necə qiymətləndirirsiniz?


- Sözsüz ki, 30 il bundan öncə Azərbaycan Macarıstanda elə də populyar ölkə deyildi. Bilirsiniz, macarlar Avropaya böyük Hun İmperatoru Attilanın rəhbərliyi ilə gəliblər. “Tanrının qılıncı”, “Tanrının qırmancı” və “Tanrının qamçısı” kimi adlar almış, Avropa İmperatoru titulunu qazanmış, Roma Papası Birinci Leonu diz şökdürmüş bir sərkərdənin nəvələri olan macarların yüksəlməsinə, öz köklərini tanımasına Avropa ölkələri heç də müsbət yanaşmayıb. Zaman-zaman macarlara gəlmə xalq kimi baxıblar. Macarları altı yerə parçalayaraq böyük Macar Dövlətinin yaranmasına mane olublar.
Son dövrlər isə artıq macarlar öz köklərinə dönməyi bacarıblar. Turan dövlətlərinin baş ofisinin məhz Budapeştdə yerləşməsi çox şeydən xəbər verir. Artıq macar xalqı üzünü Turana, gəldiyi yerə çevirib.
İndı Macarıstanda Azərbaycanı çox yaxşı tanıyırlar. İstər siyasi, istər turizm, istər iqtisadi, istərsə də mədəni əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan Macarıstanın iqtisadi tərəfdaşlarından biridir.
Eyni zamanda diaspor sahəsində də ciddi işlər görülüb.
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təşəbbüsü ilə 2019-cu ilin sonunda Budapeşt şəhərində “Azərbaycan Evi” də açılıb. Bu evin açılmasında ailəlikcə hamımız yaxından iştirak etmişik. Hazırda “Azərbaycan Evi” öz fəal fəaliyyətini davam etdirir.

- Ramil Səfərov olayında da Macarıstan Azərbaycanın istəklərini nəzərə aldı, onun ekstradisiyasına şərait yaratdı...

- Bəli, elədir. Macarıstanda ömürlük həbs cəzası almış zabitimiz Ramil Səfərovun Azərbaycana ekstradisiyasında bizim “Qardaşlıq” Cəmiyyətinin az əməyi olmayıb. Atam Ramiz Əmirli, macar dostları Szarvas Attila və Boross Gabor Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi əsasında Ramil Səfərovun ekstradisiyasında yaxından iştirak etmiş və bu işdə mühüm rolları olmuşdur.

“Qardaşlıq” Cəmiyyəti yaradıldığı gündən Diasporla İş üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlq edir. Cəmiyyət Komitənin dəstəyi ilə Macarıstanda Qarabağ həqiqətlərinin tanıdılması üçün konfranslar, nümayişlər, toplantılar təşkil edib, kitablar çıxarıb və macar mediasında müxtəlif məqalələr yayımladıb.

44 günlük Vətən müharibəsi dövründə də Azərbaycanın haqq işi naminə fəal olmağa çalışdıq.


- Yeri gəlmişkən, həmin günləri necə xatırlayırsınız?


- 2020-ci ildə baş verən 44 günlük Vətən müharıbəsində cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının və Ordumuzun qələbə qazanması Avropadakı azərbaycanlılara da hədsiz sevinc yaşatdı. İşğalçılar Qarabağımızdan necə deyərlər, süpürülüb kənara atıldılar ki, bu da onlara heç vaxt unutmayacaqları əbədi dərs oldu.
Əlbəttə ki bu Zəfər Azərbaycan xalqının, Türk Dünyasının və onun dostlarının qələbəsi idi. Bu müharibə o qədər qısa zamanda yekunlaşdı ki, Avropa dövlətləri belə təəccübləndi, burada çoxları Azərbaycanın 44 gündə zəfər əldə edəcəyini gözləmirdi. Sözün açığı, adamın inanmağı da gəlmirdi ki, torpaqlarımızı 30 il ərzində işğalda saxlayan Ermənistan ordusu 44 gündə darmadağın olacaq. Ancaq müasir silahlarla silahlanmış, hər cür təlim görmüş Azərbaycan Ordusu, “dəmir yumuruq”lu Ali Baş Komandan bunu bütüm dünyaya nümayiş etdirdi.

Qarabağdakı qələbəmiz Avropada çoxlarını şoka saldı. Mən də, mənim macar dostlarım da buna çox sevindik.
Yeri gəlmişkən, Qarabağ mənim də ata-baba yurdumdur. Atam Ramiz Əmirli əslən Ağdam rayonunun Alıbəyli kəndindəndir. O, 1984-cü ildən Macarıstanda yaşayır. Anam isə milliyətcə macardır.

- Macarıstanda dövlət qurumları ilə əməkdaşlığınız necə qurulub?


- Cəmiyyətimizin dövlət qurumları ilə yaxşı əlaqələri var. Hətta Macarıstanın dövlət qurumlarının bir çox tenderlərində iştirak edirik. Çox zaman da qalib elan olunuruq. Hazırda Ukrayna müharibəsi nəticəsində qaçqın düşmüş ukraynalı uşaqlara macar dilinin öyrədilməsi və macar mədəniyyətinin təbliği ilə əlaqədar tenderin qalibi olmuşuq. Cəmiyyətimizin üzvü olan bir xanım müəllim həftənin üç günü bu işlə məşğul olur.



- Oradakı erməni diasporunun sizin “Qardaşlıq” təşkilatına təzyiqləri olurmu?

 

- Macarıstandakı erməni diasporunun “Qardaşlıq” təşkilatına təzyiqləri əvvəllər olub. Atam Ramiz Əmirlinin Macarıstandan 5 illik müddətə Azərbaycana deportasiya olunmasında da onların rolu danılmazdır. Atam Azərbaycanı istəməyən qüvvələrin təsiri nəticəsində aktiv failiyyətinə görə 2020-ci ildə Macarıstandan 5 illik müddətə deportasiya edilib. Gələn il oktyabr ayından sonra yenidən ikinci vətəni olan Macarıstana - ailəmizin yanına dönəcək. Ramil Səfərov Azərbaycana ekstradisiya ediləndə buradakı ermənilər özlərinə yer tapa bilmirdilər. Mən sadəcə olaraq bəzi məsələlər barədə geniş danışmaq istəmirəm. 

Amma artıq vəziyyət dəyişib, erməni diasporu daha Macarıstanda bizə rəqib ola bilməz. Azərbaycanın şanlı Ordusu əzəli torpağımız olan Qarabağı erməni işğalçılarında azad edəndən sonra biz də burada başıuca gəzirik, onlar isə əksinə, boynubükük vəziyyətyə düşüblər.

- Təşkilatınızın bundan sonrakı hədəfləri nələrdir?

- Təşkilatmızın bundan sonrakı hədəfləri Macarıstanın dövlət qurumları ilə əlaqələri daha da genişləndirmək, burada yaşayan azərbaycanlıların dövlət işlərində yer almalarına yardımçı olmaq, yüksək səfiyyəli dostlarımızla sıx təmasda olmaqla bərabər, onlara Azərbaycanımızı sevdirməyi bacarmaqdır. Fəaliyyətimizi bu istiqamətlərdə davam etdirəcəyik ...

Atam 2025-ci ilin sonuna yaxın Macarıstana geri dönəcək. Onda biz təşkilatımızın üzvləri ilə birlikdə inanıram ki, Azərbaycan və Macarlstan üçün daha xeyirli işləri görə biləcəyik! Çünki atam həyatının 40 ilini bu işə sərf edib.

- Bildiyimizə görə, ailədə iki qardaşsınız. Sabah - oktyabrın 30-u sizin ad gününüzdür. Özünüz haqqında qısa məlumat verməyinizi və son sözünüzü eşitmək istərdik.

- 1993-cü il oktyabrın 30-da Macarıstanda anadan olmuşam. Ali təhsilliyəm, Budai Universitetini bitirərək, mühəndis ixtisasına yiyələnmişəm. Atam deportasiya olunandan sonra - 2020-ildən “Qardaşlıq” Cəmiyyətinə mən sədrlik edirəm.

Qardaşım Rüstəm Əmirov məndən böyükdür. O, Macarıstanın ən gənc şairi adına layiq görülüb. Bir şox şeir kitablarının müəllifidir. 

Son sözüm budur ki, yaşasın Macarıstan-Azərbaycan qardaşlığı!





A.Qorxmaz

Seçilən
15
50
modern.az

10Mənbələr