Məhəmməd Əsədullazadə: “Rusiyanın bu məsələlərdə ciddi güzəştə gedəcəyi real görünmür”
İsveçrənin Gürcüstandakı səfirliyində Rusiyanın maraqları bölməsi var. Gürcüstanda işləyən Rusiya diplomatları bu ölkədə baş verənlər barədə məruzə edir və yüksələn xətlə inkişaf edən münasibətlərin, o cümlədən iqtisadi-ticari əlaqələrin inkişafına köməklik göstərirlər.
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Küveytin xarici işlər naziri Abdulla əl-Yəhya ilə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib.
O qeyd edib ki, Moskva heç vaxt Gürcüstan tərəfi ilə təmaslardan imtina etməyib.
“Gürcüstanlı qonşularımız tərəfindən təmaslarla bağlı əlavə təkliflər olarsa, əlbəttə ki, onları nəzərdən keçirəcəyik. Biz heç vaxt təmaslardan çəkinməmişik”, - deyə Lavrov vurğulayıb.
Ümumən iki ölkə münasibətlərində gözləntilərdən biri Gürcüstanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı Rusiya ilə yeni münasibətlərə başlamasıdır. O baxımdan Gürcüstan-Rusiya münasibətlərində nə gözlənilir, Abxaziya və Cənubi Osetiyanın gürcülərə qaytarılması yönündə nələr dəyişə bilər? Nə dərəcədə mümkündür ki, Gürcüstan hakimiyyəti Abxaziya, Cənubi Osetiyanın yenidən bu ölkəyə qaytarılması ilə bağlı prosesi yenidən başlatsın və bu istiqamətdə Tbilisi ilə Moskva arasında danışıqlar başlasın? Bu nə dərəcədə realdır?
“Zəmanət yoxdur ki, Abxaziya ilə Cənubi Osetiyanı geri alandan sonra Gürcüstan Qərbə doğru getməyəcək”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, seçkilərdə qalib gələn “Gürcü Arzusu” partiyasının lideri Bidzina İvanişvili hər zaman Rusiya ilə yaxınlıqda ittiham edilib: “Ancaq “Gürcü Arzusu” hökumətinin siyasəti müstəqil siyasət yeritməkdir. Qərbdən asılılığı azaltmaq üçün “Xarici agentlər” haqqında qanun qəbul edildi. Bu və digər qanunların qəbul edilməsi Qərbin xoşuna gəlmədi. Bu səbəbdən Tbilisini Rusiya ilə əlaqələr qurmaqda ittiham edirlər. Halbuki, mövcud Gürcüstan hakimiyyəti həm də Moskvadan asılı olmaq istəmir. Belə olmasaydı, Avropa İttifaqı ilə inteqrasiyadan imtina edərdilər. İvanişvilinin Moskva ilə münasibətləri düzəltməkdə məqsədi Gürcüstanın ərazi bütövlüyünü təmin etməkdir. Təsadüfi deyil ki, bu günlərdə Rusiya prezidenti Vladimir Putin Gürcüstan vətəndaşlarına tətbiq edilən viza rejimini sadələşdirdi və onun müddətini 90 gün etdi. Rusiya xarici işlər naziri S.Lavrovun Gürcüstanla münasibətlərin qurulmasında maraqlı olmasını vurğulaması, əlbəttə ki, qeyd edilənlərə müəyyən aydınlıq gətirir. Gürcüstan hökuməti Abxaziyanı və Cənubi Osetiyanı nəzarətinə qaytarmaqda maraqlıdır. Rusiya da təklif edir ki, Abxaziya ilə Cənubi Osetiya federasiya formasında Gürcüstanın tərkibində olsun. Məlumatlara görə, danışıqlarda Moskva bu variantı təklif edir. Ancaq o da var ki, Rusiya Qərblə Gürcüstan arasında münasibətlərin korlanmasında maraqlıdır. Ancaq demək çətindir ki, Rusiya birmənalı şəkildə Abxaziya ilə Cənubi Osetiyanı Gürcüstana verəcək. Düzdür, Gürcüstan Azərbaycanın Qarabağı geri almasından həvəslənib. Ancaq situasiya fərqlidir. Məsələ ondadır ki, Abxaziya ilə Cənubi Osetiyanın arxasında birbaşa Rusiya dayanır. Üstəlik, həmin bölgələrlə quru sərhədinə malikdir. Başqa bir tərəfdən, Azərbaycanın Türkiyə, Pakistan kimi strateji müttəfiqləri var idi. Ancaq Gürcüstanda bu, belə deyil. Başqa bir tərəfdən, Gürcüstanda geosiyasi maraqlar toqquşur. Zəmanət yoxdur ki, Abxaziya ilə Cənubi Osetiyanı geri alandan sonra Qərbə doğru getməyəcək. Ona görə də Rusiyanın bu məsələlərdə ciddi güzəştə gedəcəyi real görünmür. Ancaq çalışacaqlar ki, münasibətləri düzəltsinlər”.
Vidadi ORDAHALLI