AZ

Abxaziya olayları: Gürcüstan ərazi bütövlüyünü bərpa edir?

"Abxaziyada baş verən hadisə əslində gözlənilən və proqnozlaşdırılan idi. Çünki Cənubi Qafqazda Qərblə Rusiyanın maraqları toqquşur”. 

Qaynarinfo-ya açıqlamasında bunu konfliktoloq Üzeyir Şəfiyev qondarma Abxaziyada baş qaldıran iğtişaşı şərh edərkən deyib: 

"Gürcüstandakı son seçkilərdə Rusiyayönlü iqtidar növbəti qələbəsini qazandı. Bu da Qərbin Tiflisə vəd etdiyi "yol xəritəsi”nin çox uzun çəkməsilə bağlı idi. Rusiya isə bu fonda daha real təklif irəli sürərək, itirilmiş ərazilərin konfederasiya şəklində yenidən Gürcüstana birləşdirilməsi vədini verdi. Tiflis də belədə Moskva ilə danışıqlar vasitəsilə ərazi bütövlüyünü bərpa etməyə üstünlük verib. Bununla sanki Tiflis bir növ Bakıdan örnək götürməyə çalışıb”.
 
Abxaziyadakı son hadisələr də həmsöhbətimizə görə, geosiyasi maraqların toqquşmasının nəticəsidir:

"Abxaziya və Rusiya arasında investisiya qoyuluşu ilə bağlı bağlanan müqavilə fonunda onda maraqlı olmayan dairələr də var. Digər qüvvələr də həmin dairələrdən öz məqsədləri naminə istifadə edir. Çünki Qərb və Rusiya üçün də Gürcüstan yoldur. Cənubi Qafqaza gedən yol Gürcüstandan başlayır”. 

Ü. Şəfiyev qeyd edir ki, bu səbəbdən də Qərb Tiflislə Moskva arasında münasibətlərin eskalasiya vəziyyətində olmasına çalışır:

"O baxımdan Gürcüstanda maraqlar toqquşması daha dərin eslakasiyaya məruz qalacaq. Bu da Rusiyanın verdiyi vədin nə qədər real olmasından asılı olacaq. Moskva Gürcüstanın ərazi bütövlüyü ilə bağlı bəyan etdiyi vədi nə qədər tez təmin edəcəksə, o qədər tez Tiflisi qazanacaq. Geçikməsi isə Gürcüstanda maraqlar toqquşmasının daha da dərinləşməsinə gətirib çıxaracaq və bu ölkə yenidən qərbyönlülərin əlinə keçəcək. Belədə onlar yenidən Tiflisi Rusiyaya qarşı qaldıracaqlar. Abxaziyada baş qaldıran konflikti də bu konteksdə qiymətləndirmək lazımdır. Abxaziyadakı olay da məhz Qərb-Rusiya qarşıdurmasının tərkib hissəsidir”.
 
Qeyd edək ki, son günlər separatçı rejimin olduğu Abxaziyada vəziyyət yenidən kəskinləşib. 

Abxaziyanın "Xalq Birliyi Forumu” müxalifət partiyasının lideri Aslan Bartsitsin sözlərinə görə, müxalifət fəalları Rusiya ilə Abxaziya arasında bu yaxınlarda imzalanmış "İnvestisiya fəaliyyəti haqqında saziş”in əleyhinədirlər. Onlar bildirir ki, bu "müqavilə” rus şirkətlərinə Abxaziyada investisiya layihələrini həyata keçirmək hüququ verir. Bu fonda baş tutan etirazlar zamanı bir sıra müxalif liderlərin həbsi separatçı rejimdə iğtişaşlara səbəb olub. Etirazçılar Suxumiyə aparan əsas yolu - Qumisti və Kvemo Qumisti körpülərini bağlayıb. Kodori körpüsündə isə etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

Rüfət Sultan
Seçilən
63
5
qaynarinfo.az

4Mənbələr