Albaniyanın paytaxtı Tiranada təşkil olunmuş qeyri-olimpiya çəki dərəcələri üzrə dünya çempionatına bu gün yekun vurulub.
Arena.az xəbər verir ki, son olaraq sərbəst güləçilərin yarışı baş tutub.
Azərbaycan yığmasının da 4 üzvü bu mundialda medal şansını yoxlayıb. Təəssüf ki, onların cəhdləri faydasız qalıb.
Dünya çempionatı
Sərbəst güləş
61 kq
Nurəddin Novruzov 1/8 finalda Ahmet Dumanla (Türkiyə) üz-üzə gəlib. Görüş rəqibin 14:4 hesablı qələbəsi ilə başa çatıb. Duman finala yüksəldiyindən Novruzov təsəlliverici görüşə qatılıb. Onun rəqibi Peter Hammer (Kosta-Rika) olub. Bu rəqibinə 14:4 hesabı ilə qalib gələn güləşçimizin növbəti rəqibi Jozef Silva (Puerto-Riko) olub. Bu görüşü 17:6 hesabı ilə üstün bitirən Nürəddin 3-cü yer uğrunda Tsoqbadrax Tsevensurenlə (Monqolustan) üz-üzə gəlib və 2:8 hesabı ilə uduzub.
70 kq
Kənan Heybətov ilk mərhələdə Maniş Qoşvamiyə (Hindistan) tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb. O, bu mərhələdə İnalbek Şeriyevə (AİN) uduzub – 2:13.
79 kq
Orxan Abasov startda ermənistanlı Arman Avaqyanla güləşib. Təmsilçimiz rəqibini xalçaya çıxmağa peşman edib və 4:0 hesabı ilə qələbə qazanıb. Orxan 1/8 finalda Maqomed Maqomayevə (AİN) 1:7 hesabı ilə məğlub olub. Rəqib finala vəsiqə qazandığından Abasov təsəlliverici görüşdə Suldxu Olonbayarla (Monqolustan) gücünü yoxlayıb. Təmsilçimiz 4:5 hesabı ilə məğlub olaraq, mundialla vidalaşıb.
92 kq
Abubakr Abakarov ilk qarşılaşmasında Redjeb Haydari ilə (Şimali Makedoniya) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz tam üstünlüklə (10:0) qalib gələrək 1/8 finala yüksəlib. Abakarov növbəti görüşündə Abdulraşid Sadullayevə (AİN) 1:3 hesabı ilə uduzub. Rəqibi finala yüksəldiyindən Abubakr bürünc şansını davam etdirib. O, təsəlliverici görüşdə Devid Teylorla (ABŞ) yarışıb. Amma güləşçimiz 1:3 hesabı ilə uduzub.
Beləcə, sərbəst güləşçilərimiz dünya çempionatını medalsız başa vurublar. Daha öncə qadınlardan ibarət yığmamızın da üzvləri dünya çempionatına medalsız vida etmişdilər. Əvəzində yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (63 kq) və Ülvü Qənizadə (72 kq) qızıl medal qazanmaqla tarixi uğura imza atıblar.