AZ

Dönər hazırlandıqdan sonra bu müddətdə istehlak edilməlidir

Çiy dönərin bişirilməyə başlandığı andan etibarən yararlılıq müddəti ən çoxu 12 saatdır.

“Qafqazinfo” xəbər verir ki, bu, “Dönər emalına və dövriyyəsinə dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında Qida Təhlükəsizliyi Agentliyinin kollegiyasında qəbul olunmuş Qərarda əksini tapıb.

Qərara əsasən, çiy dönərin tərkibində qoyun, quzu, mal (o cümlədən, dana) ətlərinin toyuq və hind toyuğu ətləri ilə qarışdırılmış şəkildə olmasına yol verilmir.

Bu Qaydalarda nəzərdə tutulmuş heyvanlardan başqa, digər heyvanların ətinin çiy dönər hazırlanması və çiy dönərin tərkibinə qarışdırılmaqla istifadəsinə yol verilmir.

Çiy dönərin tərkibində quyruq və piy istisna olmaqla, digər sub məhsullar olmamalıdır.

Çiy dönər emalında bitki mənşəli zülalların, nişasta və nişasta tərkibli məhsulların, soya və soya məhsullarının istifadəsinə yol verilmir. İstifadə edilən ədviyyatların hesabına dönərin tərkibindəki nişasta və bitki zülalının miqdarı ümumilikdə 1%-dən çox olmamalıdır.

Çiy dönər soyudulmuş və dondurulmuş vəziyyətdə olur.

Dondurulması nəzərdə tutulan çiy dönərin hazırlanması zamanı dondurulmuş ətin istifadəsinə yol verilmir.

Dondurulmuş çiy dönərin donu açıldıqdan sonra təkrar dondurulmasına yol verilmir. Çiy dönərin üst səthi hamar görünüşlü, rəngi, qoxusu və dadı hazırlandığı ət növlərinin bu Qaydaların 3.2.5-ci yarımbəndində qeyd edilən emal mərhələlərinə uyğun olmalı, kənar qoxusu və dadı olmamalı, içərisində boşluq qalmamalı, qaralma və göyərmə, tərkibində kənar maddələr olmamalıdır.

Çiy dönər yarpaq dönər, yarpaq-qiymə dönər və qiymə dönər formalarında hazırlanır.

Çiy dönərin fiziki-kimyəvi göstəriciləri bu Qaydalara 1 nömrəli əlavədə göstərilənlərə uyğun olmalıdır.

Dönərin mikrobioloji göstəriciləri Agentliyin Kollegiyasının 2020-ci il 3 noyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsulları üçün mikrobioloji göstəricilərə dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

Dönərdə aşkar olunan çirkləndirici maddələrin miqdarı Agentliyin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qida məhsullarında çirkləndiricilərin yolverilən maksimum miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

Dönərin tərkibində farmakoloji aktiv maddələrin qalıq miqdarlarının yolverilən maksimum miqdarı Agentliyin Kollegiyasının 2020-ci il 18 dekabr tarixli 20 nömrəli Qərarı ilə təsdiq edilmiş “Heyvan mənşəli qida məhsullarında baytarlıq preparatlarının təsnifatı üzrə farmakoloji aktiv maddələrin qalıq miqdarına dair sanitariya normaları və qaydaları”nın tələblərinə uyğun olmalıdır.

Hər bir çiy dönər partiyasının emal prosesi (ətin sümükdən ayrılması, bölünməsi, xırdalanması, duz və ədviyyatın qarışdırılması, dönər şişlərinə və borularına düzülməsi, qablaşdırılması və etiketlənməsi) havanın temperaturu +12 dərəcə C-dən yüksək olmayan şəraitdə eyni növbə ərzində həyata keçirilməli və həmin müddətdə ətin 7 dərəcə (quş ətinin 4 dərəcədən) yüksək olmayan temperaturunun saxlanması təmin olunmalıdır.

Digər müəssisələrə göndərilməsi və ya dondurulmaya cəlb olunması nəzərdə tutulan çiy dönər ətə təsir etməyən və ətin xüsusiyyətini dəyişdirməyən, eləcə də çiy dönərin təsir edə bilmədiyi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən qida ilə təmasda olan materialdan hazırlanmış vakuum, yaxud hava boşluğu qalmayan qablaşdırmalarda saxlanılmalıdır.

Çiy dönərlərin dondurulması qablaşdırmadan dərhal sonra şaquli vəziyyətdə saxlanması təmin olunmaqla sürətli (şok) dondurma tunellərində - 42 dərəcə və daha aşağı temperatur şəraitində həyata keçirilməlidir.

Dondurulmuş çiy dönərlərin donunun açılması prosesi dönərin ən dərin orta nöqtəsində temperaturun 0°C ilə 4°C arasında olması şərtilə soyudulmuş vəziyyətə gətirilməsi, bu prosesdə yaranan suyun, əsasən çiy dönərin əzələ liflərinə, toxuma hüceyrələrinə və boşluqlarına daxil olması şəraitində suyun kənara mümkün qədər çox axmaması təmin edilməlidir. Bunun üçün gigiyena qaydalarına əməl edilməklə və dönərin keyfiyyətinə mənfi təsirlərə yol verilməməklə temperaturu 18°C-dən yüksək olmayan durğun hava, təzyiqli hava axını, təzyiqli su buxarı-hava qarışığı üsullarından istifadə edilməlidir.

Dondurulmuş çiy dönərin saxlanması və daşınması -18 dərəcədən yüksək olmayan temperaturda həyata keçirilməli və yararlılıq müddəti 3 aydan çox olmamalıdır.

Təzə çiy dönərin hazırlandığı, habelə dondurulmuş çiy dönərin donunun açıldığı vaxtdan bişirməyə başlanmasına qədərki müddətdə saxlanması və daşınması +1 dərəcə ilə +4 dərəcə arasında olan temperaturda həyata keçirilməli və bu müddət ümumilikdə 8 saatdan çox olmamalıdır.

Təzə çiy dönərin və donu açılmış çiy dönərin şaquli vəziyyətdə tərpənməz saxlanması təmin olunmaqla nəqliyyat vasitələrində daşınma müddəti 4 saatı keçməməli və daşınma başa çatdırıldıqdan sonra dərhal bişirməyə başlanmalıdır.

Çiy dönər daşınması zamanı qanunvericiliklə nəzərdə tutulmuş baytarlıq sənədləri ilə müşayiət olunmalıdır.

phrase_var_article.chosen
97
50
qafqazinfo.az

10phrase_var_article.sources