AZ

Azərbaycanın bütövləşdiyi, suverenliyinin bərpa olunduğu şərəfli tarix

44 gün ərzində Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və bu gün Zəfər bayramı kimi qeyd etdiyimiz 8 noyabr tarixində Qarabağın tacı olan Şuşa şəhəri işğaldan azad edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu misilsiz Qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü elan edilib. Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu, fəxarətli günüdür. 2023-cü il sentyabrın 19-da keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini tam bərpa etdi. Xankəndi, Xocavənd, Xocalı və Ağdərə Azərbaycan Ordusunun nəzarətinə keçdi.

Bu gün münasibətilə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, tarix elmləri doktoru, professor Anar İsgəndərov Publika.az-a açıqlama verib.

O qeyd edib ki, hər xalqa zəfər günü nəsib olmur:

“Hər dövlət başçısı xalq və iqtidar birliyini yarada, hər xalq 30 ildən sonra düşmənindən intiqam ala bilmir. 1921-ci il iyulun 5-də Rusiya Kommunist (bolşeviklər) partiyası Qafqaz Bürosu Qarabağın dağlıq hissəsində Şuşa mərkəz olmaqla Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında qərar qəbul etdi. Bu qərara müvafiq olaraq 1923-cü il iyulun 7-də Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi bədnam Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında dekret imzaladı. Beləliklə də muxtar qurum yaradıldığı gündən Azərbaycanın tarixi torpaqlarında separatçı yuvası kimi tanındı və Azərbaycandan ayrılıb Ermənistana birləşmək üçün vaxtaşırı cəhdlər edirdi. Təəssüflər olsun ki, SSRİ dağılan ərəfədə bütün erməni-daşnak qüvvələri Qarabağı işğal edə bildilər. Qərb dövlətləri və nüfuzlu təşkilatlar 30 il Qarabağ problemi ilə məşğul olandan sonra məlum oldu ki, onlar işğalçı ilə işğala məruz qalan arasında fərq qoymaq iqtidarında deyillər.

Ümummilli lider 2003-cü ilin aprelində bu gün adını daşıyan sarayda kursantına vəsiyyətini etdi: Qarabağ düşmən tapdağı altında qala bilməz. Sən onu azad etməlisən! Ümummilli lider Azərbaycan əsgərinə rəhbərlik edən Ali Baş Komandanı da təqdim etdi. 2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciətində deyirdi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Bəli, Azərbaycan xalqı ümummilli liderin müraciətinə cavab olaraq 2003-cü ilin prezident seçkilərində İlham Əliyevə yekdilliklə səs verdi. Azərbaycanın dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev bünövrəsi Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan xalq və iqtidar birliyini ən yüksək səviyyəyə qaldırdı. Qarabağın tarixi Azərbaycan torpağı olduğunu bütün dünyaya bəyan etdi, güclü iqtisadiyyat yaratdı və on yeddi illik hakimiyyəti dövründə öz əsgərindən bir gün belə ayrı qalmadı.

Seçilən
0
50
publika.az

10Mənbələr