AZ

Bu gün dirçəldilən Şuşanı görürük

Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq

«Tarixi Zəfərimiz - İkinci Qarabağ müharibəsindəki Zəfər, antiterror əməliyyatı, işğalçılardan azad olunmağımız, separatçı rejimin çökməsi bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirir. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Bu gün, eyni zamanda, “Dəmir yumruq” birliyimizin rəmzidir və Azərbaycan xalqını, bütün dünya azərbaycanlılarını əmin etmək istəyirəm ki, “Dəmir yumruq” hər zaman yerində olacaq.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu çağırışı ilə uğurlarımızın əsasında dayanan birliyimizdən, həmrəyliyimizdən böyük qürur hissi keçirdiyini ifadə edir. Cənab İlham Əliyev çıxışlarında bu reallıqlara da diqqəti yönəldir ki, 2020-ci ildə İkinci Qarabağ müharibəsi başa çatanda Bayrağımız Şuşada və azad edilmiş digər ərazilərdə qaldırılanda hamımız yaxşı bilirdik ki, işimiz yarımçıq qalıb. Azərbaycan öz dövlət suverenliyini tam bərpa etməli idi və bunu etdi. Üç ildə bunu sülh yolu ilə həll etmək istəyirdik. Ermənistan rəhbərliyinin İkinci Qarabağ müharibəsinin nəticələrini düzgün təhlil edərək özü üçün nəticə çıxaracağını düşündük. Bu, belə olmadı. Üç il ərzində Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri nəinki yerinə yetirmədi, hətta əksinə, Azərbaycana qarşı yeni hərbi təxribatlar hazırladı və onları həyata keçirdi. Qanunsuz olaraq torpağımızda məskunlaşmış 15 minlik Ermənistan ordusu Qarabağdan çıxarılmadı. Əksinə, yeni silahlar, sursatlar, hərbi texnika, minalar Qarabağa gətirildi və ölkəmizə qarşı mina terroru davam etdirildi.

Təbii ki, Azərbaycan bu vəziyyətlə barışa bilməzdi. Bununla bağlı dəfələrlə Ermənistan rəhbərliyinə və onun arxasında dayanmış Qərb ölkələrinə xəbərdarlıq edildi ki, bu vəziyyət davam edə bilməz. Ya separatçı rejim özünü buraxmalıdır, Ermənistan ordusu ərazimizdən çıxarılmalıdır, ya da ki, güc tətbiq edərək dövlət suverenliyimizi özümüz bərpa edəcəyik. Sözümüzə diqqət yetirilmədi. Sentyabrın 19-da başlamış və cəmi bir gün davam edən antiterror əməliyyatı Azərbaycan Ordusunun tam Zəfəri ilə nəticələndi. Separatçı rejim çökdü, ağ bayraq qaldırdı, təslim oldu, torpaqlarımızdan əbədi olaraq çıxarıldı və tarixin zibilxanasına atıldı. Bununla Azərbaycanda separatizmin kökü kəsildi və bu bəla torpağımızda bir daha baş qaldıra bilməz.

Bu gün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin təqdimatıdır. Çünki ermənilər Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və mədəni abidələrimizi yerlə-yeksan etsələr də bunun mümkünsüzlüyünün şahidinə çevrildilər. Reallıq budur ki, 30 ilə yaxın müddət ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayaraq burada qeyri-qanuni qondarma rejim yaratmışdı. Bütün bu illər ərzində Azərbaycan münaqişəni sülh yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu möhkəmləndirmək idi. Ermənistanın baş naziri Nikol Paşinyanın 2019-cu ildə o vaxt işğal altındakı Xankəndi şəhərində “Qarabağ Ermənistandır və nöqtə” açıqlaması danışıqlara son qoydu. Ermənistan rəhbərliyi o vaxt Azərbaycanı “yeni torpaqlar uğrunda yeni müharibə” ilə hədələyirdi. 2020-ci ildə Ermənistan rəhbərliyinin təxribat xarakterli hərəkətləri və bəyanatları, o cümlədən hərbi təxribatları İkinci Qarabağ müharibəsini qaçılmaz etdi.

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə edərək Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən və 27 il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını özümüz təmin etdik. Cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində Ermənistanın kapitulyasiya aktını imzalaması ilə nəticələndi.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqımızın otuz ilə yaxın həsrətlə gözlədiyi şad xəbəri noyabrın 8-də Şəhidlər xiyabanından çatdırdı: «Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq... Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”»

Cənab İlham Əliyev tarixi Zəfərimizdən və onun yaratdığı reallıqlardan, azad edilmiş torpaqlarımızda geniş miqyas alan bərpa-quruculuq işlərindən geniş bəhs edərkən bildirir ki, bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib: «Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik… Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.»

Təkcə Şuşada görülən işləri sadalamaqla ümumilikdə azad edilmiş bütün torpaqlarda həyata keçirilən bərpa-quruculuq işləri barədə aydın təsəvvür yaratmaq mümkündür. Cənab İlham Əliyev Şuşaya ilk səfəri Füzuli-Şuşa yolunun tikintisi ilə bağlı tapşırığın verilməsi ilə yadda qaldı. Bu yol qısa zamanda tikilib istifadəyə verildi. Dövlətimizin başçısı bu yolu Zəfər yolu adlandırdı. Bu yol Azərbaycan əsgərini Zəfərimizin zirvəsi olan Şuşanın azad edilməsinə qovuşdurdu. Dövlət başçısı İlham Əliyevin bu torpaqlara, o cümlədən Şuşaya hər bir səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Onu da qeyd edək ki, 2022-ci il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Şuşa ili» elan edildi. Prezident İlham Əliyevin hər bir təşəbbüsünü, verdiyi qərarları dəstəkləyən xalqımız bu mühüm addımı da təqdir etdi, insanların Şuşamızın qısa zamanda tam şəkildə dirçələrək sakinlərini qarşılayacağına əminlikləri daha da artdı. Cənab İlham Əliyevin tarixi Zəfərimizdən sonra işğaldan azad edilmiş ərazilərimizə elə bir səfəri, eyni zamanda, elə bir müsahibəsi yoxdur ki, mədəniyyət paytaxtımızdan söz açmasın, onun dirçəldilməsinin vacibliyini bəyan etməsin. Bu, Şuşanın Azərbaycan xalqının, ölkə Prezidentinin ürəyində hansı uca zirvədə dayandığını nümayiş etdirir. Cənab İlham Əliyev hər bir bayram, tarixi günlərdə Şuşaya səfərlər edir və buradan dünyaya, işğalçı dövlətə postmünaqişə dövrünün reallıqları ilə bağlı çağırışlar olunur. Dövlət başçısının çıxışlarında bu fakt da diqqətə çatdırılır ki, əslində, Şuşanın mədəni dirçəlişinin təməli hələ illər öncə Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Onun 1982-ci ildə Şuşaya 2 dəfə səfər edərək Vaqifin məqbərəsinin, Poeziya Evinin açılışında və orada keçirilən Vaqif Poeziya Günlərində iştirak etməsi xalqımızın, şuşalıların yaddaşına ən xoş xatirələr kimi həkk olunub. Cənab İlham Əliyev 2021-ci ilin yanvarında ilk dəfə Şuşaya səfər edəndə həmin məqamları, həmçinin 39 il öncə Şuşaya səfərini xatırlamışdır. “Bu tarixi gün mənim yadımdadır. Çünki o vaxt atamla bərabər, bax, bu yerdə mən də durmuşdum. Bu, tarixi videokadrlar da var. Çox şaxtalı, qarlı bir hava idi. Möhkəm qar yağırdı. Amma buna baxmayaraq, bu tədbirə yığışmış insanlar, Azərbaycan ziyalıları heç o soyuğu hiss etmirdilər. Çünki Qarabağ xanının vəziri olan Molla Pənah Vaqifin möhtəşəm məqbərəsi açılırdı. Bu təşəbbüsü Ulu Öndər Heydər Əliyev irəli sürmüşdü, onun rəhbərliyi ilə inşaat işləri aparılmışdı və gözəl, əzəmətli məqbərə ucaldılmışdı”.

44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə xarici mətbuata çoxsaylı müsahibələrində də dövlət başçısı İlham Əliyev Şuşanın işğaldan azad edilməsinin xalqımız üçün nə qədər əhəmiyyətli olmasını dilə gətirərək qətiyyətlə vurğulamışdır ki, əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Ölkə Pezidentinin bu fikirləri Vətən müharibəsinin qalibiyyətimizlə başa çatacağına əminliyini artırır, Qarabağ münaqişəsinin tarixə qovuşacağına şübhə yeri qoymurdu. Şuşanın relyefini nəzərə alsaq, onun azadlığa qovuşmasının bir möcüzə olduğunu böyük inamla deyə bilərik. Bu baxımdan cənab İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdən bəhs edərkən Şuşa əməliyyatını xüsusi vurğulayır və bildirir ki, Şuşa əməliyyatı artıq bir dastana çevrilib: «Dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələr gedir, təhlillər aparılır və bir çoxları inana bilmirlər ki, xüsusilə Şuşada olmuş insanlar inana bilmirlər ki, Azərbaycanın qəhrəman övladları yüngül silahlarla qayalara dırmaşaraq bizim mədəniyyət paytaxtımız olan, Qarabağın tacı olan Şuşanı işğalçılardan azad etdilər.»

Torpaqlarımız öz tarixi sahiblərinə qayıtdı. Bundan sonra əsas məqsəd bu əraziləri yenidən bərpa etmək və qurmaqdır. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq bu ərazilərdə təkmil, müasir idarəçilik sistemi yaradılır. O da məlumdur ki, cənab İlham Əliyevin Sərəncamı əsasında Prezidentin şəxsi nümayəndəliyi ilk olaraq Şuşada yaradılıb. Bərpa işlərinə yol-nəqliyyat infrastrukturunun yenilənməsindən başlanılması da təsadüfi deyil. Belə ki, hər bir bölgənin inkişafı öncə infrastruktur layihələrinin uğurlu icrasından başlanır. Prezident İlham Əliyev 2021-ci ilin 14 yanvarında Şuşaya Zəfər yolu ilə səfər edərək, bu tarixi missiyanın uğurlu təməlini qoydu. Həmin səfər zamanı dövlət başçısı illərdir didərgin həyatı yaşayan Natəvanın, Üzeyir bəyin, Bülbülün güllələnmiş büstlərini də öz doğma yerlərinə qovuşdurdu, onların da ruhlarını şad etdi. Dahi şəxsiyyətlərimizin büstlərinin Şuşaya, öz əzəli torpaqlarına qaytarılması qələbəmizin daha bir sarsılmaz rəmzinə çevrildi. Dövlət başçısı İlham Əliyev həmin ilin martında ailə üzvləri ilə Şuşada Novruz tonqalını yandırdılar. 2021-ci ilin may ayında Cıdır düzündə «Xarıbülbül» musiqi festivalı ənənəsinin bərpası oldu. Mayın 12-13-də keçirilən festivalda Prezident İlham Əliyev qürurla qeyd etdi ki, biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Bu festival isə Azərbaycanda yaşayan xalqların nümayəndələrini əhatə edir: “Bu tövsiyəni festivalın təşkilatçısı olan Heydər Əliyev Fonduna mən vermişdim, çünki Vətən müharibəsində Azərbaycanda yaşayan bütün xalqların böyük payı vardır. Vətən müharibəsi bir daha onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır və bu 44 günlük müharibə bir daha onu göstərdi ki, ölkəmizdə milli birlik, milli həmrəylik vardır. Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edən cənab İlham Əliyev “Xarıbülbül” festivalındakı çıxışında onu da söylədi ki, ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Bəli, mənfur düşmən tərəfindən binalar, məscidlərimiz, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi.

2021-ci ilin 15 İyun-Milli Qurtuluş Günü Şuşanın həyatında daha əlamətdar bir hadisə ilə yadda qaldı. Azərbaycana dost, qardaş ölkə olan Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad edilmiş ərazilərimizə ilk səfər edən dövlət başçısı oldu. Həmin tarixdə Şuşa Azərbaycan və Türkiyə müttəfiqliyini təsdiqləyən sənədin imzalanmasına şahidlik etdi. Azərbaycan və Türkiyə prezidentləri Şuşada əsl tarixi salnamə yazdılar. Şuşa Bəyannaməsinin əhəmiyyətindən bəhs edən dövlət başçısı İlham Əliyev bildirmişdir ki, sənəddə böyük öndərlər Mustafa Kamal Atatürkün və Heydər Əliyevin kəlamları öz əksini tapıb: “XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir: “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. XX əsrin sonlarında Heydər Əliyev demişdir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir”. Bu tarixi sözlər, kəlamlar bizim fəaliyyətimiz üçün əsas amildir. Biz bu vəsiyyətə sadiqik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk”. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə Şuşa Bəyannaməsi ilə əlaqələrimizin yeni dövrdəki yol xəritəsini müəyyənləşdirdiyimizi diqqətə çatdırdı: “Türkiyə ilə Azərbaycan arasındakı bu Bəyannamə bir sıra məsələləri əhatə edir. Gələcəklə bağlı addımları atarkən artıq təkcə iki ölkəni deyil, bölgəni əhatə edən bir qətiyyətin bu sənəddə ifadə olunduğunu görürük”.

Cənab İlham Əliyevin Şuşaya 2021-ci ilə sonunda etdiyi səfər də hər birimiz üçün qürurverici oldu. Prezident İlham Əliyev 60 illik yubileyini məhz mədəniyyət paytaxtımızda qeyd etdi. Cənab İlham Əliyev həmin səfərdə “Şuşa hər birimizi özünə çəkir» söyləməklə 30 ilin torpaq nisgilinin yaşatdığı hissləri bölüşdü. Ad günlərində öz doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızla bir yerda olmağa daha çox maraq göstərən dövlət başçısı 60 illik yubileyini Şuşada qeyd edərkən verdiyi vədin reallığa çevrilməsindən qürurlu idi. Hər görüşündə torpaqlarımızın işğaldan azad ediləcəyinə əminliyini ifadə edən dövlət başçısı bunun üçün bütün imkanların mövcudluğunu da vurğulayırdı.

O gün gəldi. Ölkə Prezidenti İlham Əliyevin qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi, dərhal böyük quruculuq və bərpa işlərinə başlanıldı və artıq soydaşlarımız Böyük Qayıdışın sevincini yaşayır. Şuşanın hər günü çal-çağırlıdır. Beynəlxalq tədbirlər üçün ideal məkan kimi diqqətdədir. Bərpa-quruculuq işləri Şuşanın əvvəlki simasını özünə qaytarır. Şuşa türk dünyasının, İslam dünyasının mədəniyyət paytaxtıdır. Soydaşlarımızın qayıtdığı ünvanlar arasında Şuşa şəhərinin də adı var. Bu ilin 10 may tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak etdilər və şəhərə köçmüş ilk sakinlərlə görüşdülər. «Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim» söyləyən cənab İlham Əliyev bildirdi ki, Şuşanın yeni tarixi başlayır. 2020-ci il noyabrın 8-də xalqa müraciətimdə demişdim ki, biz Şuşanı dirçəldəcəyik. Bax, bu gün biz dirçəldilən Şuşanı görürük. Təkcə bu gözəl binalar deyil, Şuşada çox genişmiqyaslı quruculuq işləri gedir: «Bu gün Ulu Öndərin doğum günündə üçüncü yaşayış kompleksinin təməli qoyuldu. Keçən il mayın 10-da ikinci yaşayış kompleksinin təməli qoyulmuşdur. Bu birinci yaşayış kompleksində 450, ikincidə 300-ə yaxın, üçüncüdə isə 500-ə yaxın mənzil inşa ediləcək. Onun bir hissəsi artıq hazırdır. Bu gün siz bu mənzillərə köçəcəksiniz. Bütün evlər gözəl memarlıq üslubunda - Şuşanın ənənəvi üslubunda inşa edilmişdir. Şərait çox gözəldir və əminəm ki, uzun fasilədən sonra şuşalılar burada rahat yaşayacaqlar, yaradacaqlar, quracaqlar, öz doğma şəhərinin tarixi simasını qoruyacaqlar.»

Son 4 ilin hər günü bu torpaqlarımızın bərpası, soydaşlarımızın qayıdışı ilə bağlı mühüm hadisə ilə zəngindir. Zəfərimizin əbədiləşdirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqətdədir. Cənab İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi də bunun təsdiqidir. Həmin sənədə əsasən, 8 noyabr Şuşa Şəhəri Günüdür. Qürurvericidir ki, torpaqlarımızın işğaldan azad edildikləri tarixləri qeyd edirik. 28 il əsarətdə qalsa da əyilməyən, sınmayan Şuşa bu gün sakinlərinə qovuşaraq xoşbəxt günlərini yaşayır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək tariximizə Zəfər Günü kimi həkk olundu.

Yeganə Əliyeva, «İki sahil»

Seçilən
13
50
ikisahil.az

10Mənbələr