“Real”ın baş məşqçisi, italyan mütəxəssis Karlo Ançelotti məşqçilik karyerasına hansı şərtlə xitam verə biləcəyini açıqlayıb.
Arena.az nüfuzlu fransız nəşri “Ekip”ə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən təqaüdə çıxacağımı təsəvvür edə bilərəmmi? Bəli, edə bilərəm. Mən futbolla 48 il əvvəl məşğul olmağa başlamışam, ona görə də daha təqaüdə çıxacağım günü düşünürəm. Məni dayanmağa nə təhrik edə bilər? Mən deyərdim ki, “Real”dan qovulmağım, məsələn. Mən bilmirəm. Ailəmə gəlincə, həyat yoldaşım mənim davam etməyimi istəyir”, deyə Ançelotti bildirib.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Qeyd edək ki, Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.