“Real”ın baş məşqçisi Karlo Ançelotti çalışdırdığı komandalar arasında hansının daha güclü olması ilə bağlı sualı cavablayıb.
Arena.az “Marca” nəşrinin “France Football” nəşrinə istinadı əsasında, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Asan sual deyil… Ən yaxşı klublar arasında “Milan” və “Real”ın adını çəkə bilərəm. Ən yaxşı komandadan danışsaq, bunu demək çətindir. Mən fantastik oyunçulara və komandalara rəhbərlik etmək şərəfinə müvəffəq olmuşam. Məşq etdirdiyim ən yaxşı futbolçuların hamısını hətta sadalaya bilmərəm. Mənim üçün ilk 11-lik yoxdur. Kimisə ayırmaq hörmətsizlik olardı. Təkcə qapıçılardan danışsaq, o zaman Kurtua, Kasilyas, Noyer, Çex, Buffon, Perutsi ilə çalışmışam. Onların hamısı inanılmaz oyunçulardır”, deyə Ançelotti vurğulayıb.
Karlo Ançelotti məşqçiliyə 1992/1993-cü illər mövsümündə, İtaliya yığmasında baş məqşçinin köməkçisi olaraq başlayıb. 1995/1996-cı ilər mövsümündən isə italyan mütəxəssis müstəqil surətdə məşqçiliyə baş vurub.
Xatırladaq ki, 65 yaşlı italyan mütəxəssisin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazındığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) daxildir.
Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.