AZ

Qərbi Azərbaycan Xronikası: "Sülh yolu ilə tarixi torpaqlarımıza qayıtmaq istəyirik"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun müsahibi Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü Pərvanə Vəliyeva olub. O, ötən əsrdə soydaşlarımıza qarşı törədilən soyqırımı və deportasiyalardan söhbət açıb. Bildirib ki, 1905-1906, 1918-1921, 1948-1953, 1988-1991-ci illərdə Qərbi azərbaycanlılar zorla öz ata-baba yurdlarından qovulublar. Stalinin imzaladığı sənəd əsasında soydaşlarımız kütləvi şəkildə dağlıq ərazidən aran zonasına köçürülüblər. Bu zaman iqlim dəyişməsinə məruz qalan azərbaycanlıların bir çoxu dünyasını dəyişib. Erməni millətçilərinin xalqımıza qarşı 1988-1991-ci illərdə həyata keçirdikləri, zorakılıq siyasəti və deportasiya nəticəsində isə Ermənistan monoetnik dövlətə çevrilib.
Millət vəkili dünyada deportasiyaya məruz qalmış xalqların geri qayıtması faktlarına diqqət çəkərək, Qərbi azərbaycanlıların da sülh yolu ilə tarixi torpaqlarına qayıtmaq istədiklərini dilə gətirib. O, ermənilərin sadəcə insanlara qarşı soyqırımı və deportasiya törətmədiyini, eyni qaydada maddi-mədəni irsimizə, təbiətimizə, hətta qəbiristanlıqlarımıza böyük ziyan vurduğunu söyləyib.
Deputat P.Vəliyeva ata-baba yurdu Vedi rayonundan, o cümlədən Xalisa kəndindən də danışıb. Deyib ki, tarixən bu rayonda və kəndlərdə azərbaycanlılar yaşayıblar. Sonrakı illərdə həmin yaşayış məntəqələrinə xaricdən ermənilər köçürülsələr də yenə demoqrafik üstünlük azərbaycanlılarda olub. Buna rəğmən, ermənilər soydaşlarımıza münasibətdə ayrı-seçkilik, diskriminasiya siyasətinə üstünlük veriblər.
Millət vəkili P.Vəliyeva 36 il əvvəl Xalisada törədilən faciələrə də toxunub. Bildirib ki, Ermənistanın keçmiş baş naziri Vazgen Sarkisyanın quldur dəstələri azərbaycanlılar yaşayan kəndlərə silahlı basqınlar edib, dinc və əliyalın əhalini fiziki-mənəvi işgəncələrə məruz qoyublar. O dövrdə soydaşlarımıza qarşı törədilən vəhşiliklər, cinayətlər barədə erməni bloger Svetlana Marqaryan sonralar öz yazılarında geniş bəhs edib.
Deputat P.Vəliyeva vurğulayıb ki, Qərbi Azərbaycan İcmasının yenidən təşkilatlanması, eyni zamanda Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həm İcmanın yeni binasında bir qrup Qərbi azərbaycanlı ziyalılarla görüşündə, həm də Bakıda Aşıq Ələsgərin abidəsinin açılışı zamanı tarixi torpaqlarımıza qayıdışla bağlı fikirlər səsləndirməsi Vətən həsrəti ilə yaşayan soydaşlarımıza böyük sevinc və ümid bəxş edib. Onlar inanırlar ki, xalqına Qarabağ Zəfərini bəxş edən Prezident Qərbi Azərbaycana qayıdışı da mütləq təmin edəcəkdir. Millət vəkili sonda vurğulayıb ki, çalışdığı sahədən asılı olmayaraq, hər bir azərbaycanlı beynəlxalq ictimaiyyətin diqqətini Qərbi Azərbaycan məsələsinə yönəltmək üçün səy göstərməlidir.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
106
1
oxu.az

10Mənbələr