“Mədəniyyət nazirliyində kadr islahatları çərçivəsində əsas diqqət ona yönəlib ki, daha peşəkar, xüsusi bilik və bacarığı olan şəxslər, yəni müvafiq sahələr üzrə mütəxəssislər işə cəlb olunsunlar”.
Bunu APA-ya açıqlamasında mədəniyyət naziri Adil Kərimli deyib.
“Təbii ki, kadr çatışmazlığı mövzusu müzakirə olunub və bu istiqamətdə işlərə başlamışıq. Kadr hazırlığı prosesi nazirliyin fəaliyyətinin əsas prioritet istiqamətlərindəndir. Bu və ya digər istiqamətlər üzrə ali təhsil almış şəxslərin mədəniyyət sahəsinə cəlb olunması əsas niyyətlərimizdən biridir. Mədəniyyət sahəsi üzrə təhsil almış şəxslərin menecerlik qabiliyyətlərinin artırılması üzrə əlavə tədris proqramları nazirlik tərəfindən təqdim edilib. Bu il cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə Mədəniyyət Nazirliyi xaricdə təqaüd proqramı təsis etdi. Proqram çərçivəsində bir çox azərbaycanlı tələbə təqaüd alaraq mədəniyyət sahəsi üzrə təhsillərini davam etdirirlər. Mədəniyyət menecerləri, digər zəruri peşələrlə bağlı kadr hazırlığı barədə ciddi işlər görülməlidir. Həm xarici mütəxəssislərdən ibarət təlimçilərin bura cəlb edilməsi, həm xarici təhsil müəssisələrdə tələbələrimizin əlavə təhsilə cəlb edilməsi istiqamətində tədbirlər görülür”.
Mədəniyyət naziri vakant yerlərin mövcudluğunu da istisna etməyib: “Bilirsiniz ki, ötən il kadr bankı yaratmışıq. Kadr bankının təhlil edilməsi və insanların müraciətləri nəzərə alınmaqla, müvafiq istiqamətlərə təyinatlar barədə ciddi işlər aparılır”.