Azərbaycan və Qırğızıstan noyabrın 15-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində energetika sahəsində əməkdaşlığa dair “yol xəritəsi” imzalayacaqlar.
KONKRET.az xəbər verir ki, bu barədə report-a eksklüziv müsahibəsində Qırğızıstanın energetika naziri Taalaybek İbrayev bildirib.
“Hesab edirəm ki, COP29 bizi, yəni iki ölkənin energetika nazirlikləri arasındakı münasibətləri yaxınlaşdırıb. Ümid edirəm ki, bu işi sıx təmasda davam etdirəcəyik”, – T.İbrayev qeyd edib.
O xatırladıb ki, Azərbaycan Energetika Nazirliyi ilə Qırğızıstan Energetika Nazirliyi arasında daha əvvəl əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb: “Bu fürsətdən istifadə edərək noyabrın 15-də iki ölkənin energetika nazirlikləri arasında “yol xəritəsi” imzalamağı planlaşdırırıq. Bizim ortaq maraqlarımız var. Azərbaycan tərəfinin su, külək və günəş stansiyalarının tikintisinə, Qırğızıstanın isə avadanlıq tədarükünə marağı var”.