“Bayern”in və Fransa yığmasının müdafiəçisi Dayoçankul Upamekano “xoruzlar”ın ulduz hücumçusu Kilian Mbappeyə dəstəyini nümayiş etdirib.
Arena.az xəbər verir ki, Upamekano, Mbappenin ardıcıl ikinci dəfə milliyə çağırılmaması ilə bağlı, “xoruzlar”ın düşərgəsində futbolçular arasında hər hansı narahatlığın olub-olmaması ilə bağlı sualı cavablayıb:
“Heç bir narahatlıq yoxdur. Mbappenin Fransa üçün etdiklərini unutmamalıyıq. Biz ona kifayət qədər minnətdarıq. Ümidvaram ki, onu tezliklə yenidən görəcəyəm. Unutmaq olmaz ki, Kilian bizim kapitanımızdır”.
Bundan əvvəl mətbuatda, Mbappenin millinin baş məşqçisi Didye Deşamla münaqişəyə görə Fransa yığmasına çağırılmaması ilə bağlı məlumat yayılmışdı. Deşam isə bunu yalnız idmani səbəblərlə əlaqləndirmiş və hücumçunun xidmətindən, onun bərbad idman formasında olduğu üçün imtina etdiyini bildirmişdi.
Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.
2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyulunda 180 milyon avro müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə yadda qalıb. Vurduğu 256 qolla Mbappe PSJ tarixinin ən sərrast futbolçusudur.
Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq, İspaniya nəhəngi “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.
Cari mövsümdə Mbappe “Real”ın heyətində bütün yarışlarda 16 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə verib.
Klub səviyyəsində Mbappe PSJ ilə 7 dəfə Fransa Liqa 1-in, 3 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun qalibi olub.
Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin martında debüt etdiyi Fransa yığmasının heyətində 86 oyun keçirib, 48 qol vurub və 35 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.