Bu günlərdə Azərbaycanın paytaxtında keçirilən COP29 iqlim konfransı çərçivəsində “Beynəlxalq Sıfır Emissiya Adaları Əməkdaşlığı” mövzusunda konfrans təşkil edilib.
Tədbir Çin Xalq Respublikasının nümayəndə heyəti tərəfindən təşkil olunub və müvafiq olaraq bu nümayəndə heyətinin COP29-dakı “Mavi Zona” pavilyonunda keçirilib.
Maldiv adalarının səkkizinci prezidenti Mohamed Muizzi, Çin Baş nazirinin müavini Dinq Syuesyan, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil, həmçinin müvafiq dövlət qurumlarının yüksək vəzifəli şəxsləri və konfrans nümayəndələri, böyük biznes təmsilçilərinin iştirak etdiyi tədbirdə qeyri-hökumət sektoru, ekspert icması çıxış edib.
Konfransda COP29-a ev sahibliyi edən dövlət adından Azərbaycanın ÇXR-dəki səfiri Bünyad Hüseynov iştirak edib.
Konfransda çıxış edənlər hazırkı sammitin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıqlarını bildiriblər. Onlar öz çıxışlarında karbon emissiyalarının azaldılmasında birgə səylərin artan rolunu və bu məqsədə nail olmaq üçün resursların birləşdirilməsinin zəruriliyini qeyd ediblər. Davam edən proqramların təkcə dövlətlər tərəfindən deyil, həm də özəl sektor, xüsusilə transmilli korporasiyalar tərəfindən maliyyə dəstəyi mexanizmlərinin işlənib hazırlanmasının zəruriliyi vurğulanıb.