AZ

Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır

Yunanıstan Trans-Adriatik Boru Qaz Kəmərinin (TAP) genişləndirilməsini dəstəkləməyə hazırdır.

Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Bakıda keçirilən COP29-da Yunanıstan pavilyonunun rəsmi açılış mərasimində bildirib.

"Mən, 2019-cu ildə Baş nazir vəzifəsinə təyin olunanda, regional enerji təhlükəsizliyinin təmin edilməsi üçün strateji öhdəlik götürdüm. 2020-ci ilin sonunda Azərbaycandan Yunanıstana, İtaliyaya, Bolqarıstana və Cənub-Şərqi Avropaya qaz nəqli həyata keçirən TAP-ı açdıq", - Baş nazir bildirib.

Onun sözlərinə görə, Yunanıstan lazım gələrsə, TAP-ın genişləndirilməsini dəstəkləməyə hazırdır: "Biz, həmçinin gələcəyə baxırıq, bilirik ki, bugünkü qaz infrastrukturu gələcəkdə müəyyən bir mərhələdə hidrogen infrastrukturuna çevrilə bilər. Belə bir keçid üçün təməl qoymalıyıq. Amma düşünürəm ki, yadda saxlamalı və diqqət yetirməli olduğumuz Şaquli Qaz Dəhlizinin başqa bir aspekti də var. Mən elektrik enerjisini nəzərdə tuturam".

Xatırladaq ki, 2022-ci ildə Bolqarıstanın ICGB AD, “Bulgartransgaz EAD”, “Yunanıstanın DESFA S.A.”, “Gastrade S.A.”, Macarıstanın FGSZ LTD və Rumıniyanın “SNTGN TRANSGAZ S.A.” şirkətlərinin nümayəndələri Yunanıstanın Afina şəhərində Anlaşma Memorandumunun yenilənməsi haqqında saziş imzalayıblar.

Qəbul edilmiş sənəd Bolqarıstan, Yunanıstan, Rumıniya və Macarıstan qaz şəbəkələrini birləşdirəcək və təbii qazın nəqlinə imkan verəcək Şaquli Qaz Dəhlizinin yaradılması üzrə şirkətlər arasında əməkdaşlığa yönəlib. İGB Şaquli Qaz Dəhlizi layihəsinin inkişafının əsas hissəsidir. Qaz kəməri Yunanıstan və Bolqarıstanın ötürücü şəbəkələrini birləşdirir, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) ilə birbaşa əlaqəni təmin edir və beləliklə, Bolqarıstanı Cənub Qaz Dəhlizinin bir hissəsinə çevirir.

Qeyd edək ki, Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz ixracına başlayıb. 2023-cü ildə Azərbaycan qazının Avropaya tədarükü 11,8 milyard kubmetr təşkil edib. 2024-cü ildə Azərbaycan qazının Avropaya tədarükünün 12,5 milyard kubmetr səviyyəsində olacağı planlaşdırılır. TAP 2026-cı ilin əvvəlindən illik nəqliyyat gücünü 1,2 milyard kubmetr artıracaq.

Seçilən
96
1
sam.az

10Mənbələr